Qurban Məmmədov həbs xəbərini özünün yaydığını açıqladı: “Üzr istəyirəm”

“Yayılan informasiyalara görə Azərbaycan xalqında üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Bu sözləri “Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib:

“Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı. Bilirəm ki, istər İngiltərədə, istər Türkiyədə, istərsə də Avropada Azərbaycan hakimiyyəti məni ovlamaq üçün tədbirlər həyata keçirir. Bu barədə məndə məlumatlar var. Bu mübarizəni sadəlövhcəsinə aparmıram. “İnterpol” məni axtardığı halda başqa ölkəyə gedəsi deyiləm. Buna görə də yayılan məlumata görə təkrar Türkiyə dövlətindən üzr istəyirəm. Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.

Qeyd edək ki, Qurban Məmmədovun Türkiyədə saxlanılması xəbərini oğlu Qoşqar Məmmədov sosial şəbəkə vasitəsilə yayıb. Bir qədər sonra isə Qoşqar Məmmədov təkrar status yazaraq, öz xəbərini təkzib edib. Daha sonra isə Qurban Məmmədov “Musavat TV”nin efirinə çıxaraq, bunu özünün təşkil etdiyini, yalan olduğunu etiraf edib. 

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button