Qusarda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Quxur-oba, Çubuqlu, Ləgər-qışlaq və  Hil-oba kənd məktəblilərinin iştirakı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.  Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin nümayəndələri, məktəblərin pedaqoji heyəti,  eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Eldar İlyasov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib.  O, daxili işlər orqanlarının narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi tədbirlər barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə zərərli vərdişlərdən uzaq durmağa çağırıb. E.İlyasov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev  erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməlidir.

Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button