Quterreş BMT Təhlükəsizlik Şurasının tərkibinin reallıqlara uyğun olmadığını bildirib
BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var.
Polise.az xəbə verir ki, bunu Kubada keçirilən “Qrup 77 və Çin” sammitində çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Çoxqütblülük beynəlxalq arenada liderlik üçün yeni imkanlar yaradır. Lakin bu, özlüyündə sülh və ədalətə təminat vermir, güclü və effektiv beynəlxalq institutlara ehtiyac var. Bununla belə, mövcud institutların bir çoxu, xüsusən də BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” (monetar idarəetmə sistemi – red.) institutlarının maliyyə sistemi keçmiş dövrü əks etdirir”.
BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir ki, onlardan beşi (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) daimi, 10-u isə qeyri-daimi üzvdür və iki il müddətinə seçilir. Bundan əvvəl Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini vurğulayır.
Polise.az