Riyakar adamlardan uzaq ol… (Əhməd Abasbəyli yazır)

30 iyul 2004-cü il…
30 iyul mənim üçün təqvimdə adi bir tarix deyil. Bu gün atam – Nəbi Abbas oğlunun dünyasını dəyişdiyi gündür.
Belə günlərdə qəbirüstündən foto çəkməyi, pafoslu cümlələr qurmağı, başqalarının yazdığı şeirləri paylaşmağı, öz hisslərimi özgəsinin sözləri ilə ifadə etməyi heç vaxt düzgün hesab etməmişəm. Məncə, səmimi, düzgün insan atasını xatırlayanda ən qiymətli söz ürəkdən gələn sözdür. Səmimi olmayan ən gözəl cümlə belə öz dəyərini itirir.
Atam haqqında danışanda onu tanıyanların hərəsinin öz yaddaşı var. Kimi onu uzun illər məsul vəzifələrdə çalışmış rəhbər kimi xatırlayır, kimi böyük bir nəslin ağsaqqalı, kimi isə yaşadığı mahalın nüfuzlu və sözü keçən adamı kimi və s.
Mən isə onu ilk növbədə atam kimi xatırlayıram.
İllər keçdikcə bir həqiqəti daha yaxşı anladım: insan bəzi hissləri həmin an deyil, yalnız zaman keçəndən sonra dərk edir. Atamı itirdiyim gün mən ilk dəfə “ata və oğul” arasında sözlə izah olunması çətin olan görünməz bir bağın mövcudluğunu hiss etdim.
Əlbəttə ki, atamın da öz həmyaşıdları kimi yaşla bağlı müəyyən sağlamlıq problemləri vardı. Təzyiqdən, prostat xəstəliyindən əziyyət çəkirdi, mütəmadi müalicə alır, dərmanlarını vaxtında qəbul edirdi. Amma həmin günlərdə vəziyyəti ağır deyildi, əvvəlki günlərdən fərqlənmirdi, səhhəti və davarınışı adi qaydada idi. Heç birimiz yaxın günlərdə, ələxüsusda yaxın saatlarda həyatımızı dəyişəcək hadisənin baş verəcəyini düşünmürdük.
Hadisədən bir neçə gün əvvəl çox sevdiyim Rəşid dayım vaxtsız dünyasını dəyişmişdi. Onun yeddi mərasimində iştirak etmək üçün səhər tezdən Gəncəyə getməli idim. Elektrik qatarına bilet almaq üçün xalam oğlu Nofəldən xahiş etmişdim, o da almışdı. Elektrik qatarı səhər tezdən yola çıxır, elə buna görə də həmin axşam tez yatmaq qərarına gəldim.
Yatmazdan əvvəl, həmişə etdiyim kimi, atamın otağına girdim.Halını soruşdum. Səhər Gəncəyə gedəcəyimi dedim. O da mənimlə maraqlandı, yolumu uğurladı. Adi görünən, bir neçə dəqiqəlik ata-oğul söhbəti idi.
Amma otaqdan çıxanda ürəyimdə qəribə bir narahatlıq yarandı.
Bu hissi sözlə ifadə etmək çətindir. Atamın dediyi sözlərdən çox, baxışları, danışığındakı ahəng, üzündəki ifadə məni narahat etmişdi. Sanki hər şey əvvəlki kimi idi, amma nəsə əvvəlki kimi deyildi. Ürəyimdi bir sözlə ifadə edilməsi çətin olan narahatlıq qığılcımı törədi.
Bu hissi həyat yoldaşımla da bölüşdüm. O təəccübləndi. Dedi ki, gün ərzində hər şey normal olub, dərmanlarını qəbul edib, yeməyini yeyib, özünü yaxşı hiss edib. Narahat olmağa əsas olmadığını söylədi.
Mən isə yatağıma girsəm də, yata bilmədim.
Bir müddət sonra yenidən qalxıb atamın otağına keçdim. Gördüm yatır. Bir qədər rahatlaşdım.
Qayıdıb yenidən uzandım.
Amma gözümə yuxu getmədi.
Sanki içimdə görünməz bir qüvvə məni yenidən onun otağına çağırırdı.
Təxminən bir saat sonra bir daha otağa girdim.
Bu dəfə gördüm ki, başı yastıqdan aşağı düşüb. Bu, onun üçün adi hal deyildi. O heç vaxt belə yatmazdı. Əksinə əlavə balış qoyardı. Başını ehtiyatla düzəltdim. Oyandı.
– Necəsən? – deyə soruşdum.
– Yaxşıyam… – dedi.
Bu söz məni sakitləşdirmədi.
Əksinə, narahatlığımı daha da artırdı. Elə bil o cavabı özü yox, şüurunun dərinliyindən gələn son bir güclə verirdi.
Az sonra hiss etdim ki, nəfəs almağı çətinləşir.
Təcili yardım çağırdıq.
Həkimlər gəldilər. Təxminən bir saat böyük səylə mübarizə apardılar.
Amma xilas etmək mümkün olmadı. .
Səhərə yaxın, təxminən saat beş radələrində mən atamı itirdim.
Sonralar bu gecəni yüzlərlə dəfə xatırlamışam.
Özümə dönə-dönə eyni sualı vermişəm:
Məni o gecə yatmağa qoymayan nə idi?
Niyə dəfələrlə onun otağına getdim?
Niyə içimdəki o narahatlıq məni rahat buraxmadı?
Bəlkə də bunun elmi izahı yoxdur.
Bəlkə də var.
Mən bu gün də inanıram ki, həmin gecə atamın dilə gətirmədiyi ağrını, gizlətdiyi narahatlığı hansısa görünməz tellərlə hiss etmişdim.
İndiyə qədər belə hisslərin daha çox əkizlər arasında olduğunu eşitmişdim.
Amma mən onu ata ilə oğul arasında yaşadım.
Əlbəttə belə bağlar hər kəsə aid deyil. Mən də iddia etmirəm ki, atamla münasibətlərim ideal və ya nümunəvi idi. Əksinə, aramızda narazılıqlar da olub, fikir ayrılıqları da, xüsusilə siyasi məsələlərdə.
Bizi tanıyanlar yaxşı bilirlər ki, atam ağır təbiətli, son dərəcə tələbkar, sərt xarakterli insan idi. Bəzən kobud danışar, yeri gələndə tənbeh edər, ağır söz deyər, hətta cəzalandırardı. Mən də elə “sakit”, “qüsursuz” övlad, necə deyərlər “fağır bala” olmamışam. Onun narazılığına səbəb olan hərəkətlərim də az olmayıb.
Əlbəttə ki, daha çox xoş sözləri, tərifləri, məni öyməsi, xeyir-duaları, gəncliyin illərində əsl mənasını başa düşmədiyim “qadan alım, sümüyümün yiyəsi sənsən” ifadəsi yadımdadır.
Amma bu münasibətlərin heç birində saxtalıq yox idi. Biz bütün hallarda səmimi olmuşuq, bütün hallarda daxilimizdə qarşlıqlı sevgi olub. Riyakar və saxta münasibətimiz olmayıb, bu münasibəti ilk növbədə o tələb edirdi.
Biz bir-birimizə heç vaxt, bəziləri kimi yalandan xoş görünməyə çalışmamışıq. Riyakarlıq bizim münasibətlərə yad idi. Atam bunu nə özü qəbul edirdi, nə də başqalarına bağışlayırdı. O, insanın üzünə başqa, arxasınca başqa danışmasını ən böyük mənəvi qüsurlardan hesab edirdi. Son nəfəsinədək bu əqidəsində qaldı. Ən doğmasını belə saxatakarlığa, ikiüzlülüyə görə bağışlamazdı. Bağılamadı da!!!
Biz bəzən incimişik, mübahisə etmişik, bir-birimizi qınamışıq. Amma bütün bunların altında gizlənən, heç vaxt itməyən bir hiss vardı – qarşılıqlı sevgi, etibar və səmimiyyət.
İndi geriyə baxanda anlayıram ki, görünməz bağlar da elə belə münasibətlərdən doğur. Mükəmməl münasibətlərdən yox, bütün çətinliklərinə baxmayaraq səmimiyyətini itirməyən münasibətlərdən. Çünki həqiqi yaxınlıq təkcə eyni evdə (heç başqa yerdə qalmağı sevməzdi və qalmazdı da, yalnız bizimlə) yaşamaqla ölçülmür. Həqiqi yaxınlıq həm də bir-birinin sevincini də, ağrısını da söz deyilmədən hiss edə bilməkdir.
Bu hadisədən iyirmi iki il keçir.
İndi mən özüm də baba olmuşam.
Bəlkə də yalnız bu yaşda həmin gecənin mənasını daha dərindən anlayıram.
Bu fikirləri kiməsə baş ağrısə vermək, kimisə kövrəltmək üçün yazmıram.
Sadəcə hisslərimi bölüşmək, atamı bir daha yad etmək istədim.
Onu tanıyanların yaddaşını təzələmək, tanımayanlara isə necə bir insan yaşadığını anlatmaq istəyirəm.
Atamın ən böyük sərvəti tutduğu vəzifə, pul, ev-eşik deyildi.
Onun ən böyük sərvəti xarakteri idi. Ən böyük xüsusiyyəti dürüstlüyü, sözü adamın gözünə içinə deməsi idi.
Yaltaqlığı, riyakarlığı, ikiüzlülüyü qəbul etməzdi. Prinsipsiz adamlarla yol getməzdi. Yalana, satqınlığa, xəyanətə, əliəyriliyiə, oğurluğa (xüsusilə doğmalarından, öz evindən) nifrət edərdi. Sağlığında belə adamlara yaxın durmaz, onlarla eyni ortamı bölüşməyə imkan verməzdi. Kiminsə vəzifəsinə, imkanına görə deyil, şəxsiyyətinə görə qiymət verərdi.
Həyatı boyu çox adam onun adından, nüfuzundan, etibarından bəhrələndi. Kimsə vəzifə qazandı, kimsə ev-eşik sahibi oldu, kimsə var-dövlət qazandı, həyatını dəyişdi.
Amma illər keçdikcə onların bir qisminin əsl siması da ortaya çıxdı. Siması üzə çıxsa da, hələ də atamın gölgəsindən çıxmaq istəmir, onun nüfuzu, hörməti hesabına öz iyrəncliklərini gizlətməyə və mənfur varlqılarını qorumağa çalışırlar.
Atam belə insanları vaxtında tanıyırdı.
Mənə dəfələrlə deyirdi:
“Heç vaxt xarakterini, kişilyini və vicdanını maddiyyata dəyişmə”, “Riyakar, prinsipsiz, xarakterini itirən adam sonda hər şeyini itirir. Elə adamlardan uzaq ol”
Bu nəsihət illər keçdikcə mənim üçün daha qiymətli oldu.
Bu gün də düşünürəm ki, insanın ömrü təkcə yaşadığı illərlə ölçülmür.
Onun əsl ömrü arxasında qoyduğu ləyaqət və insanlar haqqında buraxdığı xoş xatirələrlə ölçülür.
Atam bu mənada hələ də yaşayır.
Allah sənə rəhmət eləsin, əziz atam.
Sənin yoxluğunla yaşamağı öyrəndik.
Amma səni unutmağı heç vaxt öyrənmədik.
Polise.az



