Rus “Sülhməramlıların”dan necə qurtulmalı? – Kreml Moldovadakı “hoqqalar”ını Qarabağda da çıxara bilər…
Ötən gün Rusiya Dumasının üzvləri bildiriblər ki, Moldovanın suveren ərazisi olan Dnestryanının “Rusiyaya birləşmək arzusuna” ciddi yanaşmaq lazımdır. Yəni, hələ Ukraynada düşdüyü bataqlıqda çapalamaqda davam edən Kreml, bu durumda da Moldova ərazisinə “caynaq atmaq”dan vaz keçmir.
“Bu gün Dnestryanı Rumıniya ilə birgə yaşamaq istəməyən və Rusiya sülhməramlı kontingentini sevinclə qarşılayan anklavdır. Odur ki, Dnestryanının Rusiyaya birləşmək təklifi heç də uzaq gələcəyin yox, yaxın perspektivin istiqamətidir. Ona görə ki, orada ruhən bizə yaxın olan rusdilli insanlar yaşayır. Biz bu təklifə ciddi şəkildə baxmalıyıq”.
Bunu Rusiya Dumasının Beynəlxalq məsələlər komitəsinin və hakim “Vahid Rusiya” partiyasının üzvü, deputat Dmitri Belik deyib.
Bundan öncə isə qondarma separatçı “Dnestryanı respublikası”nın “xarici işlər naziri” çıxış edərək, Rusiyaya birləşmək istədiklərini bəyan edib.
Əslində, Rusiya daha əvvəl də Dnestryanını Moldovadan qoparıb, öz ərazisinə birləşdirmək, yaxud onun “müstəqilliyini” tanımaq planlarını üstüörtülü də olsa səsləndirirdi. Lakin Ukraynaya qarşı işğalçılıq savaşı başlayandan sonra artıq bu cür işğal planları açıq şəkildə bəyan edilməyə başlayıb.
Qeyd edək ki, Dnestryanıda Rusiyanın 1500-1700 nəfərlik “sülhməramlı” kontingenti var. Bundan başqa, qondarma qurumun bir neçə minlik hərbi qruplaşması olduğu bildirilir. Ən əsası odur ki, burada yaşayanların və hərbi qruplaşmaya qoşulanların böyük əksəriyyətinə Rusiya vətəndaşlığı və pasportu verilib.
Hazırda Moldovanın suveren ərazisi olan Dnestryanıdakı separatçıların və Kremlin aktivləşməsi daha çox Moldova hakimiyyətinin rus hərbçiləri ölkəyə buraxmaması, onları aeroportdan geri qaytarması ilə əlaqələndirilir.
Belə ki, Moldova hakimiyyəti Dnestryanı bölgədə yerləşdirilən Rusiyanın “əməliyyat qrupu”ndan olan hərbçilərinin ölkə ərazisinə daxil olmasını qadağan edib. Bu barədə Moldovanın Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode bildirib.
“Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova hakimiyyətinin Rusiya qoşunlarının və sursat anbarlarının ölkəmizdən qeyd-şərtsiz çıxarılması prosesinin qeyd-şərtsiz bərpa olunmasının zəruriliyi ilə bağlı mövqeyini təkrarlayır”, – Daniel Vode qeyd edib.
Yəni ki, Moldova daha əvvəllər də bəyan etdiyi kimi, rus hərbi kontingentini öz suveren ərazisində görmək istəmir. Ruslarsa qətiyyən çıxmaq istəmirlər. Əksinə, Odessanı işğal edərək, həmin əraziyə quru yolu açmaq istəyirlər.
2014-cü il Ukrayna savaşından sonra rəsmi Kiyev rus qoşunlarının öz ərazisindən keçib Moldovaya getməsinə imkan vermir və ruslar yalnız Kişinyov aeroportundan istifadə etməklə, Dnestryanıdakı hərbi kontingentində şəxsi heyətin rotasiyasını həyata keçirə bilirdi. İndi isə Moldova buna icazə vermir. Kreml də vəziyyətdən çıxış yolunu yenə qondarma qurumun tanınmasında və bunun ardınca da Ukraynada olduğu kimi, hərbi gücdə, işğalda, qanlı savaşda görür.
Xatırladaq ki, fevral ayında Ukraynaya qarşı işğal başlamazdan öncə də ilk olaraq Dumada qondarma Luqansk və Donetsk rejimlərinin tanınması tələbləri səslənməyə başlamış və bununla bağlı qərar qəbul edilmişdi. İndi isə eyni ssenari Dnestryanı üçün görünür. Bəhanələr də eynidir – “rusdilli və ruhən ruslara yaxın əhali”nin, “Rusiya pasportu daşıyan vətəndaşların” qorunması və sair…
Təəssüf ki, Moldovadakı mənzərə bir çox xüsusiyyətlərinə görə Qarabağdakı durumla paralellər aparmağa əsaslar verir. Əsas bənzər cəhət təbii ki, hər iki regionda “sülhməramlı” adı altında rus hərbi kontingentinin mövcudluğudur. Digər cəhət rusiyalı deputatın yuxarıda qeyd etdiyimiz çıxışındakı “Rusiya sülhməramlı kontingentini sevinclə qarşılayan, ruhən ruslara yaxın olan əhali” bəhanələridir. Təbii ki, rus kontingentinin Qarabağa girməsini sevinclə qarşılayan Azərbaycan əhalisi yox, ermənilər oldu.
Daha bir məqam Rusiyanın qəbul etdiyi “keçmiş SSRİ-də yaşayanlara Rusiya vətəndaşlığının asanlaşdırılmış formada verilməsi” barədə hüquqi aktdır. Bu isə rus hərbi kontingentinin nəzarətindəki torpaqlarda yaşayanlara Rusiya pasportunun verilməsi imkanlarını və ehtimalını artırır. Digər yandan kim deyə bilər ki, hazırda rus kontingentinin nəzarətindəki ərzilərimzdə yaşayan ermənilərin nə qədəri artıq Rusiya vətəndaşlığı alıblar?
Bir sözlə, Rusiya öz hərbi kontingentini soxduğu bütün ərazilərdə eyni çirkin siyasəti aparır. Bu baxımdan bir gün Kremlin tapşırığı ilə Qarabağdakı separatçı rejimin tör-töküntülərinin Rusiyaya birləşmək barədə müraciət qəbul etməyəcəyini və Duma deputatlarının bu məsələni gündəmə gətirməyəcəyini istisna etmək olmaz…
Artıq Rusiya “sülhməramlıları” Qarabağa Ermənistan ərazisindən qanunsuz olaraq silah-sursat keçirməyə cəhdlər edirlər və məlum olduğu kimi, Azərbaycan tərəfi bir neçə gün əvvəl bunun qarşısını alıb və hərbçiləri geri qaytarıb. Bu cür təxribatların çoxalmayacağına kim zəmanət verə bilər?
Bütün bu təhlükələrin qarşısının alınması Azərbaycanın Qarabağda yarımçıq qalmış işini başa çatdırmasını zəruri edir. Bu gün Ermənistana aid hərbçilərin və hərbi texnikanın Qarabağdan çıxarılması prosesinin başlanmasına dair video və fotolar yayılır. Təbii ki, bu, sevindirici haldır və ümid edək ki, ermənilərin görüntü üçün yaratdıqları növbəti səhnə deyil.
Ancaq unutmayaq ki, ermənilərlə biz özümüz də bacarmışıq, bacarırıq və bacararıq da. Bəlkə də bundan daha vacib olanı rus hərbi kontingentinin çıxarılmasıdır. Bu da mümkün qədər tez olmalı, ən geci 10 noyabr sazişində nəzərdə tutulan tarixdə başa çatdırılmalıdır və biz məhz həmin günün sevincini yaşamalıyıq. Həmin gün öz strateji, siyasi, hətta tarixi yükünə görə az qala “Zəfər günü” qədər əhəmiyyətli olacaq…