Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib

Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Polise.az  xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.

Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış bəyanata əsasən Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş kontingentin fəaliyyəti haqqında danışıb. Baş Qərargah rəisi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət başçıları arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən çıxarılan sülhməramlı kontingentin bütün heyətinə sülhün və sabitliyin rifahı naminə xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Nikiforov Yevgeniy Valeriyeviç çıxış edib.

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button