“Rusiya sülhməramlıları ilə bağlı narahatlığa heç bir səbəb yoxdur” – Hərbi ekspert
“Rusiya sülhməramlılarının Azərbaycana gəlməsi heç bir halda Azərbaycan üçün təhlükəli deyil”.
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Rusiya sülhməramlıları Qarabağın erməni silahlılarından tam təmizlənib Azərbaycana təhvil verilməsini yerinə yetirəcək:
“Rus sülhməramlılar əvvəllər də Azərbaycana gəlib, qayıdıb. 2012-ci ildə Qəbələ Radiolokasiya Stansiyasından, Rusiya üçün çox böyük əhəmiyyət kəsb edən bir obyektdə yerləşən Rusiya hərbi bazasının Azərbaycandan geri çəkilməsini biz təmin etmişdik. Yeri gəlmişkən, həmin dövrdə də (2012-ci il) Rusiya və Azərbaycan Prezidentləri indiki şəxslər idi. Artıq bizim aramızda bu istiqamətdə bəlli bir əməkdaşlıq, anlaşma mövcuddur.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiya sülhməramlılarının bura çağırılmasını, münaqişə zonasında Rusiya faktorunu nə Ermənistan, nə də biz nəzərdən ata bilərik. İkinci bir tərəfdən, biz yerli ermənilərə əgər yaşadıqları ərazilərə qayıtmağı təklif ediriksə, həmin dəhlizdə biz türk və ya azərbaycanlı əsgərimizi yerləşdirməklə beynəlxalq ictimaiyyətə bir qədər səmimi olmayacaq bir təsəvvür yarada bilərdik. Lakin Rusiya həm Ermənistanın, həm də Azərbaycanın bu münaqişədən də əvvəl tanıdığı və etibar etdiyi bir tərəfdir.
Rusiya sülhməramlıları həm də Qarabağ ərazisindəki bütün silahlı erməni birləşmələrinin oradan çıxarılmasını təmin edəcək. Bunu əgər biz və ya türk ordusu etsəydi, təbii ki, bu konflikt yeni münaqişə, silahlı qarşıdurma ilə müşahidə oluna bilərdi”.
Ə.Verdiyev onu da qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağa gəlməsində narahatlıq üçün heç bir səbəb yoxdur:
“Əgər bütün inzibati idarəetmə Azərbaycanda olacaqsa, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunursa, Rusiya sülhməramlılarının oradakı fəaliyyəti beynəlxalq hüquq normalarına uyğun tənzimlənirsə və bu fəaliyyətə Türkiyə və o cümlədən ev sahibi kimi Azərbaycan nəzarət edirsə, burada narahatlıq üçün heç bir səbəb yoxdur.
Könüllüləri, əlavə ehtiyatdan çağırılanları nəzərə almasaq, Azərbaycanda hazırda 100 minlik silahlı qoşun var. Qarabağa gələn Rusiya sülhməramlılarının sayı isə sadəcə 1960 nəfərdir. O 1960 nəfəri də Qarabağın bütün perimetrinə düzsək, hər 500 metrdən bir rus əsgəri düşür. Bu, bizim üçün heç bir halda problem yarada bilməz. Müqavilələr var, ortada beynəlxalq hüquq var, razılaşmalar var. Azərbaycanın Rusiyada 2 milyon vətəndaşı yaşayır. Onlara qarşı bir təhlükə varmı? – Yox! Bu 2 min nəfər gəlib burada niyə problem yaratmalıdır ki? Qətiyyən bu fikirdə deyiləm. 5 illik gəlib, 5 ildən sonra əgər tərəflərdən biri bu sülhməramlıların qalmasını istəməsə, ölkəsinə dönəcəklər.
Digər tərəfdən isə bu 1960 nəfər əsgərin heç də hamısı sahədə vəzifə yerinə yetirməyəcək. Bunların ən azından yarısı tibbi personal, mühafizə xidməti, təchizat-təminat bölmələri, texniki bölmələr, rabitə bölmələri və s.-dən ibarətdir. Onları da çıxdıqdan sonra sahədə 1000 əsgər qalır. Bu isə Azərbaycanda nəyəsə təsir etmək üçün çox kiçik rəqəmdir. Amma Rusiya öz fəaliyyətləri ilə Qarabağın təmizlənməsində, ərazinin silahlılardan tam təmizlənib Azərbaycana verilməsində funksiyalarını yerinə yetirəcək. Bu isə bizim maraqlarımıza uyğun gəlir. Bu sənəd imzalanmamışdan, bu addımlar atılmamışdan öncə bütün bu məsələlər tamamilə razılaşdırılır”.