Rusiya-Ukrayna müharibəsi: “Qarabağda yeni münaqişə alovlana bilər”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nurlan Həsənov Rusiya-Ukrayna müharibəsi ilə bağlı oxu.az-ın suallarını cavablandırıb.
Deputatla müsahibəni təqdim edirik:
– Rusiya-Ukrayna müharibəsi postsovet məkanı üçün yeni təhlükələr yaradır. Bu müharibəyə münasibətdə sual edirik: Azərbaycan özünü qorumaq üçün hansı addımları atmalıdır?
– Rusiya-Ukrayna müharibəsi bir çox qlobal risklər yaradır. Fikrimcə, burada əsas iki risk növü mövcuddur: Hərbi-siyasi və iqtisadi təhlükəsizlik. Ölkəmiz üçün hərbi-siyasi təhlükəsizlik baxımından yeganə risk Qarabağda münaqişənin yenidən alovlanması ola bilər.
Cənab Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış və gələcəyə hesablanmış xarici siyasət, qurduğu müttəfiqliklər və Azərbaycanın sahib olduğu hərbi güc ölkəmiz üçün bu riski minimuma endirir. Digər postsovet ölkələri üçün isə bu risklər daha böyükdür.
Bildiyimiz kimi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır, müharibə dövründə hətta Ukraynaya humanitar yardım göndərdi. Eyni zamanda Rusiya ilə müttəfiqlik sazişi imzalandı. Deyərdim ki, məhz bu məsələdə tərəf tutmamaqla Azərbaycan artıq ən düzgün addımı atıb.
– Bəs iqtisadi məsələlər, siz nəyi nəzərdə tutursunuz?
– Məsələyə iqtisadi baxımdan yanaşsaq, ilk öncə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı Rusiyadan asılı deyil. Bizim bir çox dünya ölkələri, Türkiyə və bir çox Avropa ölkəsi ilə sıx iqtisadi münasibətlərimiz var. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa ilə məhz qarşılıqlı ticarət əlaqələrinin birbaşa qurulmasına imkan verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli yer tutan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirib.
Azərbaycan Avropaya neft və qaz ixrac edən ən etibarlı tərəfdaşlardan biridir. Bu gün isə Rusiya ilə Qərb ölkələri arasında yaşanan siyasi gərginlik, Avropa üçün Azərbaycanın önəmini daha da artırır. Lakin, onu da qeyd etmək lazımdır ki, Rusiyaya tətbiq edilən sanksiyaların, xüsusilə iqtisadiyyatı Rusiya iqtisadiyyatından asılı olan bir çox Mərkəzi Asiya üçün uzunmüddətli neqativ təsirləri ola bilər.
– Qərbin Ukraynanı tək qoyduğu ittihamları səslənsə də, NATO ölkələri Ukraynaya silah verir. Siz bu mənzərədən hansı nəticələr çıxarırsınız?
– Qərbin Ukraynanı tək qoyduğu fikri ilə tam razı deyiləm. Rusiyaya tətbiq edilən sanksiyalar, dünyada indiyədək tətbiq edilən ən ağır sanksiyalar olmaqla, tək Rusiya üçün yox, Qərb ölkələri üçün də risklər yaradır. Məsələn, Almaniya “Şimal-axını 2” layihəsinə icazə verməməklə gələcəkdə öz enerji ehtiyaclarının ödənilməsində problemlər yaşaya bilər.
Böyük Qərb şirkətləri Rusiya bazarını tərk edir və bu onlar üçün də maddi itki deməkdir. Qərb ölkələrinin Rusiya ilə birbaşa konfrontasiyaya getməməsini rasional addım kimi qiymətləndirirəm. Çünki, NATO-nun Rusiya ilə birbaşa müharibəyə qoşulması faktiki olaraq 3-cü dünya müharibəsinin başlanması demək olardı.
– Münaqişə uzandıqca, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində də ermənilərin açdığı atəş səsləri çoxalır. Antiterror əməliyyatlarının başlanması labüddürmü?
– Öncədə qeyd etdiyim kimi, Rusiya-Ukrayna müharibəsinin təhlükəsizlik baxımından Azərbaycan üçün yeganə riski Qarabağda yeni münaqişənin alovlana bilməsidir. Azərbaycan buna tam şəkildə hazırdır. Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhlükə yaratmaq fikrində olanlar bilməlidirlər ki, “Dəmir yumruq” yerindədir.
– Rusiyaya qarşı sanksiyalar qadağa tətbiq edən tərəfləri də vurur. Bu sanksiyaların uzunmüddətli olması ehtimalı varmı?
– Rusiyaya tətbiq edilən sanksiyaların davamlılığı, müharibənin gedişatından və tərəflərin kompromisə gedib-getməməsindən asılı olacaq. Rusiya ordusu Ukrayna torpaqlarından çıxarsa, sanksiyalar dayandırıla bilər. Bunun üçün də Rusiyanın Ukraynadan neytrallıq və NATO-ya qoşulmama kimi tələbləri var. Bununla belə, Rusiyanın artıq ələ keçirdiyi ərazilərdən asanlıqla çəkiləcəyini düşünmək sadəlövhlük olardı.