Rusiya Zelenodolskun mərkəzini “Uraqan”dan atəşə tutdu: Ölən və yaralananlar var
Rusiya ordusu Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhəri və Velikaya Kostromka kəndini “Uraqan” yaylım atəşli reaktiv raket sistemlərindən atəşə tutub. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko 13 iyun saat 7:20-yə olan məlumata əsasən bildirib.
“Ən gərgin gecə idi. Düşmən Zelenodolsk icmasının yaşayış məntəqələrini “Uraqan”dan atəşə tutdu və zərbələr Zelenodolskun mərkəzinə düşdü. İlkin məlumatlara görə, bir nəfər ölüb, beş nəfər yaralanıb.
Velikaya Kostromkada itki yoxdur. Kənd qismən işıqsız qalıb.
Zelenodolsk və Velikaya Kostromkada evlərə ziyan dəyib və dağılıb. Atışma zonaları üzrə kaset sursatları səpələnib”, – deyə Rezniçenko qeyd edib.