Rusiyanın Azərbaycan Ermənistan arasındakı sülh prosesini əngəlləmək üçün imkanları qalır

Rusiya Qarabağdakı ermənilər məsələsini də bir formada sülh müqaviləsinin bir faktoruna çevirmək istəyir

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində Qərbin üstünlüyü əldə etməsindən sonra rəsmi Moskvanın hansı addımları atacağı maraq doğurur.

Az.news.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-nin son yarım ildəki aktivliyi özünü göstərməkdədir:

“Bu aktivliyin nəticəsində Münhendə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi, sonrasında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin geniş tərkibli görüşü keçirildi. Mətbuatda olan məlumatlarda, o cümlədən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasında da qeyd olundu ki, bu görüşlərdə müəyyən qədər irəliləyiş əldə olunub. Bir çox məsələlər razılaşdırılıb, razılaşdırılmayan məsələlər də var. Bunun ardınca 14 mayda Brüsseldə, sonrasında 1 iyunda Kişineuda qeyri-rəsmi görüş keçirildi. Bu görüşlərdə razılaşdırıldı ki, 12 iyunda və 21 iyunda üçtərəfli zirvə görüşü keçirilsin. Bir formada Avropa İttifaqı və ABŞ, yəni Qərb təşəbbüsü əldə saxlamaqla sülh prosesini irəlilətməyə çalışır”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Rusiya bölgədə əsas aktorlardan biridir: “Baxmayaraq ki, Ukraynada ciddi şəkildə problemlə üzləşib və bölgədə təsiri müəyyən qədər azalıb, bütün hallarda rəsmi Moskvanın prosesə təsir etmək yaxud onu əngəlləmək imkanları var. Biz bunu keçən ilin oktyabrında Rusiya prezidentinin Valday çıxışından sonra prosesin necə ləngiməsi və altı ay dayanması ilə müşahidə etdik”.

O.Qasımov deyib ki, Ermənistanda Rusiyanın kifayət qədər təsir imkanları var. Orada siyasi cəmiyyətin əhəmiyyətli bir hissəsi Rusiya ilə kifayət qədər əlaqədədir:

“Rusiya sülh prosesində bir formada iştirak etmək istəyir və təşəbbüsün Qərbə keçməsini istəmir. Amma Rusiyanın özünün də sülh prosesini irəliyə aparmaq üçün konstruktiv təklifləri yoxdur. Rusiyanın təşəbbüsü ilə mayda Moskvada Azərbaycan və Ermənistan liderləri arasında qısa bir görüş oldu. 20 dəqiqəlik görüşdə razılaşdırılan əsas məqam kommunikasiyalarla bağlı baş nazir müavinlərinin səviyyəsində müzakirələr aparılması oldu. Görüşdən sonra verilən açıqlamada qeyd olundu ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox texniki məsələlər həllini tapıb. Xüsusilə də orada kommunikasiya xəttində nəzarətin kimdə olması ilə bağlı məsələ müzakirə mövzularından biri idi. Orada gömrük keçid məsələləri həllini tapmalı idi. Bununla bağlı müəyyən irəliləyişlər əldə olundu. Rusiya bundan sonra da mümkün qədər prosesə mane olmağa, özünün prosesdə aktiv iştirakını təmin etməyə çalışacaq”.

Politoloq vurğulayıb ki, əsas problem ondan ibarətdir ki, Rusiya sülh prosesini irəlilədən zaman öz maraqlarını daha irəli çəkir. Qarşı tərəflərin maraqlarını isə arxa planda saxlayır:

“Daha çox texniki problemləri önə sürməklə siyasi məsələləri geri planda tutur. Rusiya tərəfindən verilən təkliflər kommunikasiyaların açılması, sərhədlərin delimitasiya olunma məsələsidir. Sülh müqaviləsi məsələsi sonrakı mərhələyə atılır. Rusiyanın niyyətlərindən biri də Qarabağdakı ermənilər məsələsini də bir formada sülh prosesində müqavilənin bir faktoruna çevirməkdir. Bu da təbii ki, Azərbaycan tərəfindən qəbul olunmur”.

Oqtay Qasımov hesab edir ki, Ermənistanda da bu sülhə qarşı olan qüvvələr hazırda öz imkanlarını səfərbər edir:

“Görünən odur ki, revanşist müxalifətlə hakimiyyətin imkanları da bərabər deyil. Son variantda 1999-cu ildə olduğu kimi, terror hadisələri yaxud Rusiyaya bağlı güc strukturlarından olan şəxslərin vasitəsilə sərhəddə təxribatlar ola bilər. Bu mümkün variantlardan hesab edilir. Məncə, Rusiyanın hazırda prosesi əngəlləmək üçün belə imkanları qalmaqdadır. Qeyd etdiyimiz kimi, Ermənistanda siyasi cəmiyyətin əhəmiyyətli hissəsi Rusiya ilə bağlıdır. Xüsusilə də bunların başında bilirsiniz ki, keçmiş Qarabağ caniləri Köçəryan, Sarkisyan və digərləridir. Qarabağ klanı Ermənistanda sülh prosesini pozmaq üçün əsas qüvvələrdən biridir, amma yalnız onlar deyil. Eyni zamanda erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi bu prosesə qarşıdır. O cümlədən erməni kilsəsi sülh prosesinə qarşı açıq çıxışlar edir. O baxımdan Qarabağ klanının əlbət ki, bu proseslərdə mənfi rolu bəllidir və onlar bu prosesi əngəlləmək üçün çalışırlar. Amma bir məqamı qeyd etmək lazımdır ki, artıq bu klanın Ermənistan cəmiyyətində əvvəlki təsir imkanları yoxdur və son seçkilər də bunu göstərdi. Sarkisyan və Köçəryan qüvvələri ümumilikdə də 30%-ə yaxın səs toplaya bildilər. Həmin seçkiləri Nikol Paşinyanın başçılıq etdiyi partiya qazandı. Bu baxımdan onlar prosesi müəyyən qədər əngəlləməyə çalışacaqlar. Onlara təlimatlar Moskvadan verilir, Moskvanın göstərişi ilə oturub-dururlar. İndiyə qədər olduğu kimi hansı göstəriş verilsə, o addımı atacaqlar”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button