Rusiyanın dövlət agentliyi həddini aşdı… – Separatçıları efirə çıxaran agentlik Azərbaycanda bloklandı
Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb. Ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.
Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva da “RİA-Novosti” agentliyinin Azərbaycanı əleyhinə fəaliyyətini tənqid edib.
“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur” -deyə, L.Abdullayeva bildirib.
“Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir.
“RİA-Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”, – XİN rəsmisi əlavə edib.
***
Rusiyanın “RİA Novosti” dövlət agentliyi Qarabağdakı separatçı tör-töküntülərini yenə efirə çıxarır. Özü də “dqr” rəsmisi” statusunda…
Rəsmi dövlət orqanı və Kremlin nəzarətində olan “RİA Novosti” ““dqr”-in “dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryandan geniş müsahibə alaraq, onu yayımlayıb.
“”dağlıq Qarabağ” müstəqilliyinin tanınması üçün Ermənistanla danışıqlar aparır” başlığı ilə yayımlanan müsahibədə şeytan sifətli “nazir” həmişəki kimi yalan, böhtan dolu fikirlər səsləndirir, rusiyalı jurnalistin böyük həvəslə verdiyi “müstəqillik”, “status”, “danışıqlar” mövzusunda sualları cavablandırır.
Əlbəttə ki, belə ünsürlərin Rusiyanın ən böyük və əsas rəsmi mətbuat orqanının efirinə çıxarılması, onun müsahibəsinə geniş yer ayrılması təsadüfi ola bilməz. Belə görünür ki, Kreml özü rəsmən deyə bilmədiyi, demək istəmədəyi şeyləri bu cür erməni qulbeçələrinin dili ilə çatdırır.
Həmin bu “nazir” müsahibəsində deyir ki, “dqr” “müstəqilliyinin tanınması” mövzusunda Ermənistanla danışıqlar aparır: ”Amma hələ ki, danışıqlarda irəliləyiş yoxdur”.
Bu, nə deməkdir? Belə çıxır ki, 44 günlük müharibə günlərində, darmadağın edilərək itirməyə bir şeyi qalmayan ağır vəziyyətində belə “dqr”-i tanımağa cəsarət etməyən Ermənistan danışıqların intensivləşdiyi, birgə komissiyaların yaradıldığı indiki vaxtda bu qondarma qurumu tanıya bilər? Yoxsa bu, Kremlin separatçı tör-töküntüsünün dili ilə Bakıya qarşı yönələn növbəti təzyiq üsuludur?…
Həmin bu Beqlaryan ağız dolusu Qarabağdakı rus hərbi kontingentini tərifləyəndən sonra deyir ki, danışıqlar qətiyyən Avropa İttifaqı vasitəçiliyilə aparılmamalıdır. Əlavə edir ki, ən yaxşı variant Rusiyanın iştirak etdiyi mərhum Minsk Qrupu formatıdır. Əlbəttə ki, bütün bunların Kremlin hazırkı mövqeyini və iddialarını əks etdirdiyi heç bir şübhə doğurmur.
Zatən Moskva öz XİN rəhbərliyi və digər rəsmi şəxslərinin dilindən bu mövqeyi səsləndirib və Avropa İttifaqının sülh təşəbbüslərinə qısqanclıqla yanaşdığını gizlətməyib. İndi isə bu işə “ağzı qara” separatçıları da qoşması və bunu özünün əsas rəsmi agentliyinin efirindən səsləndirməsi ondan xəbər verir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvanın “Avropa İttifaqından uzaq durun” tələbinə reaksiyası Kremlin istəyinə uyğun deyil. Ona görə də bu formatı gündəlikdən çıxarmaq, əngəlləmək üçün hər cür ucuz təbliğat vasitələrinə əl atılır…
Məsələnin bir də Moskva ilə Bakı arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti” haqqında bəyannamə tərəfi var. Azərbaycanın bütün beynəlxalq birlik və Rusiyanın da tanıdığı ərazisindəki qondama qurumun hansısa qotur separatçısını baş dövlət agentliyinə çıxarıb, onu “rəsmi şəxs”, “nazir” kimi təqdim etmək qətiyyən sözügedən müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun deyil. Bu, bir daha dövlət olaraq Rusiyanın sözünün, müttəfiqliyinin, yaxud onun imzası olan hər hansı sənədin bir qara qəpiklik dəyərinin olmadığını sübut edir.
Təbii ki, güclü Azərbaycan üçün belə zir-zibilin fikirləri, mövqeyi, müsahibələri milçək vızıltısından başqa bir şey deyil. Ancaq Azərbaycanda Rusiyanı dəstəkləyən “rusbaşlar”a Kremlin bəh-bəhlə dərc etdirdiyi həmin müsahibəni oxumağı və “feyziyab olmağı” məsləhət görürük…