“Rusiyanın perspektivi yoxdur, kitabı bağlanıb” – “Putin hakimiyyətdə qalmaq üçün rus xalqına “horra” yedirdir”
Zərdüşt Əlizadə: “Rusiya sənayesi, texnologiyası ölüb, onun neft və qazdan başqa heç nəyi yoxdur”
Rusiya Ukrayna ilə bərabər MDB məkanındakı digər ölkələrdə də zor və təzyiq vasitəsilə öz maraqlarını təmin etmək cəhdlərini davam etdirir. Qazaxıstana ordu yeritməsi, Moldovanı hədələməsi, Qarabağdakı separatçılara dəstəyi davam etdirməsi, bir neçə gün əvvəl isə Özbəkistanda aranı qarşdırması bunun bariz nümunələridir. Bütün bunlar Rusiyanın yaxın gələcəkdə ətrafındakı ölkələrə qarşı öz aqressiv siyasətini davam etdirəcəyini göstərir.
“AzPolitika.info” bu mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:
– Ukraynaya qarşı işğalla bərabər, Rusiya ilin əvvəllərində Qazaxıstanda, bir neçə gün əvvəl isə Özbəkistanda məlum proseslərin əsas təşkilatçısı və idarəedicisi hesab olunur. Sizcə, hazırda Rusiyanın keçmiş sovet məkanındakı siyasəti nədən ibarətdir və onun məqsədi nədir?
– Rusiya tüfeyli dövlətdir, amma digər xalqlar da tamahkardır. Məsələn, ermənilərə Qarabağı vəd edərək dəstək verdi. Bizə qarşı vuruşdurdu. Nəticədə on minlərlə insan öldü, yüz minlərlə, milyonlarla insan qaçqın düşdü. Amma Rusiya təsirini saxladı.
Qazaxıstanda isə hakimiyyət uğrunda iki klan mübarizə aparırdı. Nazarbayevin gözü doymayan klanı və Tokayevin hakimiyyətə daşınan yeni klanı. Bu mübarizədən istifadə edən Moskva Qazaxıstanda da oyun çıxardı. Baxmayaraq ki, son anda Pekin Moskvadan Qazaxıstandan çıxmasını tələb etdi.
Ruslar bunu edir, bəs bu şəraiti kim yaradır? Şübhəsiz ki, həmin ölkələrin rəhbərləri, yerli idarəçilər. O cümlədən xəstə erməni təxəyüllünü təbliğ edən, formalaşdıran erməni ziyalıları, erməni kilsəsi. Onlar erməni xalqını dəli edərək küçələrə salıb Azərbaycanla müharibə yaratdılar. Qazaxıstanda da bu şəraiti hakimiyyət uğruna mübarizə aparan klanlar yaratdı.
Özbəkistan Qaraqalpaq xalqının suveren hüquqlarını ləğv etmək üçün referendum keçirmək niyyətinə düşdü, Rusiya da bundan dərhal istifadə etdi. İndi rus mətbuatı yazır ki, Qaraqalpaq xalqı öz hüquqlarını tələb edir. Rusiyanın siyasəti belədir. Amma, əgər xalqlar yetkindirsə, beyni sərrast işləyirsə, onları aldatmaq mümkün olmaz. Əgər xalqlar cahildirsə, onlardan istifadə etmək, təxribat yaratmaq və hətta gəlib onları “barışdırmaq” mümkün olur və Rusiya bunu dəfələrlə göstərib. Yəni, rusların əl-qol açmasına şərait yaradılmamalıdır.
– Zərdüşt bəy, rusların məqsədi nədir və bu siyasət onlara uğur gətirə bilərmi?
– Ruslar qonşu xalqlara gələcəklə bağlı cazibədar model təklif edə bilmirlər. “Qablarında” bu yoxdur. Əvəzində rüşvət, zor, yalan, narkomaniya, alkoqolizm, ölkənin talan edilməsi, təbiətin məhvi, milli sərvətlərin daşınıb satılması, Qərbdə villaların və yaxtaların alınması var. Amma gələcək üçün model təklif edə bilmirlər. Bu halda həmin xalqları nəzarətdə saxlamaq üçün indiki kimi zorakı metodlardan istifadə edirlər…
– Belə fikirlər var ki, Qazaxıstan, elə Özbəkistan da Rusiya təsirindən çıxamağa çalışdıqları üçün belə situasiyalarla üzləşməli olurlar…
– Məsələn, Azərbaycan Rusiyanın hansı təsir dairəsindən çıxmaq istəyir? Sözsüz ki, Qarabağ münaqişəsini qızışdıran təsirindən. Bundan çıxmağa çalışır və düz də edir. Amma Rusiya bizim şimal qonşumuzdur, müştərək tariximiz var, Rusiya cazibədar bazardır, az-çox elmi, sənayesi qalıb. Əslində, biz Rusiyaya düşmən deyilik, Rusiya bizi özünə düşmən edib. Qazaxıstan, elə Özbəkistan da Rusiyaya düşmən deyil. Yüz minlərlə özbək Rusiyada işləyir. Özbəkistanın da Rusiya ilə bağlı tarixi var. Yəni biz əbədi-əzəli düşmən deyilik. Bizi Rusiyanın hakim zümrəsi, kəşfiyyatı, xarici siyasəti düşmən edib. Amma normalda biz onunla düşmən deyilik.
İkincisi, müstəqil xətt aparmaq o demək deyil ki, Rusiyaya düşmən olmalısan. Müstəqil xətt odur ki, Moskva Qarabağ məsələsini qızışdırmaq istəyəndə ona deyirsən ki, yerini bil, biz axmaq deyilik. Bundan sonra da rusa deyirsən ki, elmi-texniki inkişaf üçün nəyin varsa buyur təklif et, yararlanaq. Daha gəlib bizə silah sırıma, ara qarışdırmaq üçün təbliğatçılarını göndərmə. Biz bunu deməliyik, etməliyik. Lakin biz rus xalqının, mədəniyyətinin düşməni deyilik.
Ukrayna müharibəsi zamanı 800-dən çox xarici şirkət Rusiyadan getdi. Halbuki, onlar 10 illərlə Rusiyada işlədilər, yatırım qoydular. Bazardan istifadə siyasəti var. Sadəcə, Putinin əbləh siyasəti onları ölkədən qaçırdı. Rusiya həm təhlükədir, həm də imkandır. Rusiyaya imkan kimi yanaşdıqda, görün nə qədər insan gedib bu ölkədə işləyir, özünə ev alır, biznes qurur, yaşayır. Milyonlarla əcnəbi gəlib Rusiyada pul qazanır. Amma Rusiyanın mənfi cəhəti, zərəri də var. Onların şovinizmi, özlərindən razılığı, ədəbsizliyi, adamı axmaq yerinə qoymağı, xalqlarımızın zəifliyindən sui-istifadə cəhdləri, istismar etmək niyyətləri Rusiyanın zərərli tərəfləridir.
Məsələn, Çar Rusiyasından sonra Azərbaycan SSRİ-nin tərkibində olanda buradan bir milyard ton neft aparıblar. Əvəzində bizə nə hörmət etdilər? Ermənilərə kömək edib Qarabağı onlara verdilər, sonra bizə silah satdılar. Bunlar Rusiyanın pis cəhətləridir.
– Amma müşahidə olunan budur ki, Rusiya keçmiş SSRİ respublikalarına nəzarəti ələ keçirməyə çalışır…
– Rusiya ətrafına nəzarət etmək istəyəndə dönüb özünün imkanlarına baxmalıdır. Mən deyirəm ki, Rusiya dövlət kimi nə öz xalqına, nə də qonşularına cazibədar model təklif edə bilmir. Gələcəyi görmür. Niyə hamı istəyir ki, Avropada yaşasın? Çünki azadlıq, demokratiya, inkişaf və sərbəstlik var. Rusiyada heç nə yoxdur. Əgər Avropada desələr ki, istənilən rus gəlsin, vətəndaşlıq veririk, indiki Rusiyanın yarısı qaçar. Elə bizdə də qaçarlar.
Bəli, mən rus mədəniyyətini, ədəbiyyatını, musiqisini sevirəm. Amma rus siyasətinə nifrət edirəm. Mən zamanında Xalq Cəbhəsində deyirdim ki, Rusiya ilə bağlı ehtiyatlı hərəkət etmək lazımdır. Onda deyirdilər ki, Zərdüşt ruspərəstdir. Halbuki, deyirdim ki, Rusiya böyük dövlətdir, bizəzərər vuracaq, Qarabağı alıb ermənilərə verəcək. Belə də etdilər. Təsəvvür edin ki, Aqil Abbas mənə deyirdi ki, Zərdüşt bəy, nə vaxt Azərbaycana işləyəcəksən, elə Rusiyaya işləyirsən. Aqil Abbas bunu deyirdi. İndi deyəsən deputatdır, qulluqdadır. Bunlar öz yerində, amma Rusiya düzəlməsə, gələcəyə hədəflənən real model ortaya qoymasa, özündə normal cəmiyyət qurmasa, onun özünün perspektivi yoxdur.
Rusiyanın ağıllı ziyalıları, ictimai xadimləri deyir ki, biz heç kimi zorla özümüzə çəkməməliyik. Əvəzində, Rusiyada elə dövlət qurmalıyıq ki, hamı bizə baxsın, bizdən öyrənsin. Onda hamı bizim dostumuz olar. Necə ki, indi hamı Avropanın dostudur.
– Ancaq yenə də Rusiyadan SSRİ-nin və ya buna oxşar hansısa modelin yarana biləcəyinə dair fikirlər səslənir…
– Boş söhbətlərdir. Siz inanırsınız ki, Stalin diriləcək? Yox, bitdi. SSRİ ona görə yaranmışdı ki, dünya zəhmətkeşlərinin qardaşlıq və bərabərlik ideyasını təbliğ edirdi. O da öldü, əvəzində ortaya burjuaziya çıxdı. SSRİ-nin bərpası boş söhbətdir. Bunu deyənlər ya savadsızdırlar, ya da dələduzlardır. Yaranmışdı, 1991-ci ilin dekabrında öldü getdi.
– “Rus dünyası” ideyasının perspektivini görürsünüzmü?
– Hansı potensialla bu mümkün ola bilər? Belə potensial yoxdur. Müharibə bir sınaq oldu. Rusiya beynəlxalq hüququ açıq şəkildə pozdu, Ukraynanın müəyyən hissələrini işğal etdi. Hansı görkəmli rus ziyalıları və alimləri buna etiraz etdi? Bir hissəsi əvvəlcədən qaçıb getmişdi xaricə, bir hissəsi də müharibə zamanı getdi. Oradan da internet üzərindən bir az tənqid etdilər. Vəssalam. Rus ziyalıları yoxdur, Rusiya sənayesi ölüb, texnologiya ölüb. Neft və qazdan başqa heç nə yoxdur.
Yəni nə potensial, nə də ideoloji baza yoxdur. Əvəzində, iddiaları var. Putin hakimiyyətdə qalmaq üçün rus xalqına “horra” yedirdir. Rus xalqı da buna inanır. Çünki televiziyada fərqli fikir eşitmir.
– Prezident Lukaşenko digər ölkələri də Rusiya-Belarus vahid dövlət ittifaqına qoşulmağa dəvət edir. Bunun özü düşünülmüş ssenari deyilmi?
– Lukaşenko hakimiyyətini qorumaq üçün artistlik belə edir. Belarus realda müstəqilliyindən qoparaq Rusiyaya birləşmək istəmir. Lukaşenko hakimiyyət naminə belə nağıl danışır. Heç kəs Rusiyaya birləşmək istəmir. İmkan olsa, rusların yarısı Avropaya qaçar. Putin də elə şərait yaradıb ki, Ukraynaya qarşı müharibəyə başlayanda 200 minə yaxın insan ölkədən qaçdı. Putin ha desin ki, onlar xəyanətkardırlar. Nə mənası var? Bu gün Ermənistanın başına daş salan Serj Sarqsyan, Koçaryan və tərəfdarları da İrəvanda Paşinyana xəyanətkar, xain deyir. Nikol sizə gün ağlayır, Türkiyə ilə əlaqələri qaydaya salsa və Azərbaycanla sülh sazişi imzalasa erməni xalqını böyük bəladan xilas edəcək. Ona heykəl qoymaq əvəzinə xain deyirlər. Bundan əvvəl Georgi Vanyana xain deyirdilər. Vanyan deyirdi ki, Azərbaycanla barışın, müharibə olacaq, məğlubiyyətlə üzləşəcəyik. Buna görə, adama xain deyirdilər, başına oyun açırdılar. Hər şey təbliğatdan asılıdır.
Amma Rusiyanın özünün perspektivi yoxdur, kitabı bağlanıb. Bu saat Rusiya öz hayındadır. Odur ki, bu mövzuya diqqət ayırmağa dəyməz.