“Rusiyanın Qarabağ ətrafında yeni oyunları baş verir” – “İndi ermənilərin burnunu əzməsək, xoş olmayan fəsadlarla baş-başa qala bilərik”

Qabil Hüseynli: “Paşinyan Rusiyadan qayıdandan sonra başqa havalar çalır, sanki Moskvanın çiyinləri arxasından danışan kukla təsiri bağışlayır”

“Ermənilər zəif yerlərimizi axtarıb tapmağa çalışırlar”

Son bir ayda Rusiyanın ikibaşlı vasitəçilik cəhdləri ilə paralel olaraq Avropa İttifaqı da Cənubi Qafqazda xeyli fəallaşıb. Amma görünən budur ki, Rusiya səmimi olaraq, bölgədə dayanıqlı sülhün əldə olunmasında əsla maraqlı deyil və özünün nizamlanma prosesindən kənarda qoyulmasını həzm etmir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfərindən və Putinlə görüşündən sonra ritorikasını dəyişməsi, ardınca erməni hərbçilərinin Azəbaycan dövlət sərhədini pozması cəhdi də təsdiqləyir. .

“AzPolitika.info” Qarabağda və ümumilikdə regionda müşahidə olunan təhlükəli reveransları politoloq Qabil Hüseynli ilə müzakirə edib:

– Qabil müəllim, Brüsseldə Əliyev-Paşinyan görüşündə sərhədlərin razılaşdırılması üçün komissiyaların qurulması və bundan sonra sərhədlərin müəyyən edilməsi işinə başlanması qərara alındı. Ardınca, Paşinyan Moskvaya səfər etdi və sanki Brüssel razılaşmalarını sual altına almağa başladı. Sizcə, nə baş verir və erməni tərəfinin bu mütəmadi mövqe dəyişiklikləri nədən irəli gəlir?

– Rusiyanın Qarabağ ətrafında yeni oyunları baş verir. Adi gözlə görmək olur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir, Qarabağın dağlıq hissəsindəki separatçıları açıq şəkildə müdafiə edir. Paşinyanı Moskvaya dəvət edərək, strateji əməkdaşlığın ən yüksək forması haqqında sənədlər imzalayır. Həqiqətən də düşündürücüdür, bu dövlətin başında duran şəxslər sanki nə etdiklərini bilmirlər. Sən iki ay əvvəl Azərbaycanla strateji müttəfiqlik haqqında müqavilə imzalamısan. İndi bunun əksinə gedərək və öz media qurumlarına istiqamət verərək “dağlıq Qarabağ” ifadəsini stimullaşdırırsan. İnsan, dövlət nə qədər beynəlxalq hüquq normalarını ayaq altına atıb tapdalayar? Sən hələ bir prolemin içindən – Ukrayna məsələsindən çıxa bilmirsən, yəqin ki, üzüağ da çıxa bilməyəcəksən. İndi bu problem qaldığı halda ikinci problemin bünövrəsini qoymağa çalışırsan.

Aprelin 24-də İrəvanda saxta erməni soyqrımının növbəti ildönümü keçirilib, orada Azərbaycan bayrağı yandırılıb. Bunlar düşmənçiliyi dərin qatlara aparmaq niyyətində olan və tayfa şüuru ilə yaşayan, müasir millətlər səviyyəsinə çatmayan avantürist toplum olaraq Azərbaycanla münasibətləri yenidən gərginləşdimək istəyirlər. Axı nə baş verdi? Moskvaya getməzdən əvvəl “Qarabağ problemi Azərbaycan konstitusiyası çərçivəsində həll edilməlidir”, “Biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq” kimi bəyanatlar verirdiniz, nizamlama prosesindən yana olduğunuzu deyirdiniz. Amma Paşinyan Moskvadan qayıdandan sonra başqa havalar çalırsınız. Açıq görünür ki, Moskva Paşinyanı təlimatlandırır. İndi Paşinyan sanki Moskvanın çiyinləri arxasından danışan kukla təsiri bağışlayır. Təhlükəli reveranslar, gedişlərdir. Azərbaycan Prezidenti Ermənistana o qədər də uzaq olmayan vaxt tanıyır. Açıq bildirir ki, bölgədə sülhün və əməkdaşlığın olması üçün cəhdər edilməyəcəksə, Azərbaycan da dəyənəyin digər başını çevirəcək. Məncə, Ermənistanın addımları olduqca risklidir. Ermənistanın özü də bilir ki, Rusiya onu düzgün yola çəkmir. Rusiya avantüranı sevir və bu cırtdan dövləti də avantüraya çəkir. Özü də bunu Türkiyə və Azərbaycanın hakim olduğu bölgədə etməyə çalışır. Ermənilər bilmirlər ki, Rusiya dövləti və ya imperiyası, necə adlandırmağımızdan asılı olmayaraq, özünün son akkordlarını vurmaqdadır? Anlamırlar ki, sayı cəmi 75 milyon nəfər olan ruslar dünyada aparıcı, həlledici rol oynaya bilməzlər? Lap nüvə silahı olmasın, nəyi olur olsun. Odur ki, qəfildən proseslərin 180 dərəcə çevrilməsi, birdən-birə bölgədə yeni əhval-ruhiyyə formalaşdırmaq cəhdləri təccüb doğurur. Əlbəttə, Azərbaycan bütün bunları olduğu kimi qəbul edir, prosesə necə lazımdırsa o cür də yanaşır və yaxşı bilir ki, əvvəl-axır Azərbaycanın düşündükləri və təklifləri mütləq reallaşacaq.

– Aprelin 6-da Brüsseldə baş tutan müzakirələrdən və razılaşmalardan sonra fəallaşan Rusiyanın məqsədi nədir, Moskva nəyə çalışır?

– Moskva görür ki, Avropa İttifaqı işə girişdi, həll variantı təklif etdi. Bu zəmində əgər sülhyaratma proselsəri başlasa, sərhədlər açılsa, kommunikasiya xətləri müəyyənləşsə, bundan sonra Rusiyanın Cənubi Qafqazdakı hökmranlığına son qoyulacaq. Həqiqətən də belə düşünməkdə müəyyən qədər haqlıdırlar. Çünki Qafqazda Gürcüstanla düşməndirlər, bu qədər pisliklər ediblər. Azərbaycan hələ tarixi açıb tökmür. Halbuki, 200 ildir bizə qan uddururlar. 20 yanvardan Xocalı soyqırımına, torpaqlarımızın işğalına qədər bütün faciələrimiz keçmiş sovet və indiki rus ordusunun nəzarəti altında baş verən proseslərdir. Üstəlik, bunlar uzaq dövrə baş verməyib və Azərbaycan xalqının qan yaddaşına yazılıb.

Ümumiyyətlə, sənin nə işin var axı burda, millətlər, xalqlar, ölkə başçıları özləri bir-birilə dil tapır, razılaşır. Dünyanın o başından Avropa Birliyinin nümayəndələri vasitəçilik missiyası yerinə yetirir, yanan ocağı söndürməyə çalışırlar. Sənsə bunu fitilləyir, ocağın üzərinə benzin tökürsən. Mən bu dövlətin beynəlxalq düzənə, nizama və münasibətlərə qarşı bu qədər fitnəkarcasına yanaşmasını başa düşmək istəmirəm. Azərbaycan xalqının sayı 55 milyondur. Bir neçə ildən sonra ruslarla sayımız eyni olacaq. Bəli, bizim nüvə silahımız yoxdur, amma böyük insan ehtiyatımız, döyüşkən xalqımız , bölgədə strateji mövqeyimiz var. Getdikcə bu mövqe güclənir. Biz milli maraqlarımızı heç kimə güzəştə gedəsi deyilik, bölgədə kiminsə at oynatmasına izn verməyəcəyik. Amma kimlərsə anlamalıdırlar ki, Ukrayna hadisələrindən sonra onların bu hərəkətləri dünyada qəbul edilməyəcək. Odur ki, bu hoqqabazlığı bitirməyin vaxtıdır. Rus xalqını sevirsinizsə, başqa cür davranın, qonşu dövlətlərlə normal münasibətlər qurun. Bütün dünya sizə qarşıdır. Bu qədər düşmən qazanmaq olarmı?

– Demək istəyirsiniz ki, ruslar bölgəmizdə gərginliyin qalmasında və hökmranlıqlarının davam etməsində maraqlıdırlar…

– Bəli, elədir. Lakin bunu həyata keçirmək mümkün deyil. Azərbaycan Rusiyaya olan münasibətini əyani şəkildə ifadə edib və müstəqil hərəkət etməyə başlayıb. Əgər, sən bunun müqabilində Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərə yol verməyə çalışacaqsansa, Türkiyənin də diqqətini özünə çəkəcəksən. Bölgədə Azərbaycan-Türkiyə ittifaqının yarada biləcəyi atmosferin şahidi olacaqsan. Məncə bu, onlara lazım deyil. Üstəlik, bunun öhdəsindən gələ bilməyəcəklər.

– Paşinyanın Moskva səfəri zamanı Putin “dağlıq Qarabağ” ifadəsi işlətmədi. Halbuki, yekun bəyanatda belə ifadə yer alıb və bu da Rusiyanın münasibətini ortaya qoyur. Nəticədə kimin çıxışı zamanı nə deməsi deyil, sənədə yazılanlar əsasdır. Belə ikili standartla Rusiya hara qədər gedə bilər?

– Bəli, tamamilə haqlısınız. Bu saat oxudum ki, Rusiya Ukraynada desant qoşunlarının 90 faizə qədərini itirib. Həmçinin, özünün ən yaxşı raket növlərinin, “İsgəndər” də daxil olmaqla, 70 faizini itirib. Rusiyanın Ukraynada itirdikləri hədsiz dərəcədə çoxdur. Başqa sözlə, Rusiyanın sərəncamında elə də böyük cəbhəxana qalmayıb. Odur ki, bundan sonra Rusiya ambissiyalı çıxışlarla, kimlərəsə hədə-qorxu gəlməklə məqsədlərinə çata bilməyəcək. Artıq Rusiya-Ukrayna münasibətlərində bütün nüanslar çılpaqlığı ilə üzə çıxıb. Bundan sonra davam edən proseslərdə Qərbin Kiyevə yaxn dəstəyi ilə hər şey açıq forma alacaq. Üstəlik sanksiyalar, onların doğuracağı nəticələr məsələsi var. Əslində, Rusiyanı qaynar qazana bənzətmək olar. Bütün bunların müqabilində yeni cəbhə açmağa dəyərmi və ya belə cəbhə açmaq ağılsızlıq əlaməti deyilmi? Mənim zənnimcə, Rusiya nə əkəcəksə, onu da biçəcək.

– Paşinyanın Moskva səfərindən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onunla müzakirələr aparıb. Sizcə, yaranan duruma, daha doğrusu Moskvanın Brüssel anlaşmalarını pozmaq cəhdlərinə Avropa İttifaqının yanaşması necədir?

– Avropa İttifaqı yaxşı anlayır ki, Rusiya ən azından təxribat törətməyə, Brüsselin təşəbbüsü ilə aparılan sülhyaratma təşəbbüslərini sıradan çıxarmağa, pozmağa çalışır. Qısası, Avropa İttifaqı çalışır ki, regionda tezliklə sülh yaransın, bölgədə stabil inkişaf xəttinin əsası qoyulsun. Moskva isə mümkün sülhyaratma atmosferini pozamqda, bu müddəti uzatmaqda maraqlıdır. Rusiya qarşıdurmanın, millətləri bir-birinin üzərinə qaldırmağın tərəfindədir. Bu, əvvəl Çar Rusiyası, sonra SSRİ, indisə Putin dövründə özünü büruzə verir. Zənnimcə, Şarl Mişel və Avropa İttifaqının digər rəhbərləri Rusiyanın destruktiv rolunu yaxşı anlayırlar. Üstəlik də Rusiyanın bir sıra beynəlxalq təşkilatlardan uzaqlaşdırılması prosesi onu göstərir ki, Qərb bölgədə Moskvanın çaxnaşma yaratmaq, təxribatlar qurmaq xəttini qəbul etmir.

– Ötən gün erməni hərbçiləri Zəngilan istiqamətində Azərbaycan dövlət sərhədini pozmağa cəhd ediblər, diversiya qrupunun bir üzvü sərhədçilərimiz tərəfindən saxlanılıb. Sanki Ermənistan danışıqları pozaraq müharibə situasiyasına qayıtmağa çalışır. Əgər belədirsə, burada məqsəd nədən ibarətdir?

– Ermənilər yavaş-yavaş boşluqları yoxlamağa, zəif yerlərimizi axtarıb tapmağa çalışırlar. Biz ermənilərin ayaq açmasına yol verməli deyilik. Onlar sərhədi pozublar və biz əslində onların ayaqlarına atəş aça bilərdik. Buna beynəlxalq hüquq da imkan tanıyır. Bəli, ermənilər boy göstərmək, tədricən baş qaldırmaq istəyirlər. Bu başdan onların burnunu əzməsək sonra xoş olmayan fəsadlarla baş-başa qala bilərik. Təbii ki, Ermənistan ərazisində Rusiyanın hərbi birləşmələri var. Azərbaycan Ordusu istənilən erməni təxribarına hazır olmalıdır.

– Gərginlik proqnozlaşdırırsınız?

– Zəngilan istiqamətində sərhədi keçib ərazilərimizə daxil olmağı havaya buraxılan şar kimi qəbul etmək olar. Bu, bizim sayıqlığımızın yoxlanılması istiqamətində atılan təxribat xarakterli addımdır. Zənnimcə, bu xətt də Moskvadan gəlir. Çünki bu saat ermənilər elə bir qorxu içindədirlər ki, müstəqil surətdə belə bir qərar verə, təxribata əl ata bilməzlər. Deməli, bu, ya Gümrüdəki birqadadan, ya erməni-rus birləşmiş hərbi komandanlığından və ya da Moskvadan gələn bir şeydir. Sərhəd Qoşunlarımızın ehtiyatlı davranmasının səbəblərindən biri bəlkə də budur. Amma biz sayıqlığımızı itirməməliyik. Belə təxribatların bundan sonra da olması mümkündür və istisna edilməməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button