Rusiyanın Sovet İttifaqını yenidən bərpa etmə strategiyası açıqlandı – MÜSAHİBƏ

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Asim bəy, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı hesabatda Rusiyanın Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda mövqelərini bərpa edəcəyi iddia edilir. Bu ehtimallar nə dərəcədə məntiqlidir?

– Kreml Ukraynadakı hərbi əməliyyatları qələbə ilə yekunlaşdıra bilsə, onun yenidən Cənubi Qafqazda mövqelərini bərpa etmək haqqında düşüncələri var. Moskva keçmiş Sovet İttifaqı bərpa etdirməklə bağlı planını işə salacaq. Bütün istiqamətlərdə hücuma keçəcək.

– Kremlin bu hücumları daha çox hansı istiqamətlərdə ola bilər?

– Rusiya Prezidenti Vladimir Putin də seçki kampaniyası öncəsi keçmiş Sovet İttifaqının bərpası ilə bağlı açıqlamalar vermişdi. Onun verdiyi vədlər sırasında bu da yer alırdı. Keçmiş Sovet İttifaqının bərpası ilə bağlı onların bəyanatları Rusiyanın strategiyasının nümayişi kimi izah olunurdu.

– Son zamanlar Rusiyanın Ermənistanla bağlı dəyişən mövqeyi hansı amillərlə bağlıdır?

– İndi Kreml İrəvanda öz mövqelərini bərpa etməyə çalışır. Baş nazir Nikol Paşinyanın özünə yeni sahiblər axtarması onları hərəkətə keçirməyə vadar edib. Əslində İrəvanın son davranışlarını da Rusiyanın zəifləməsi kimi izah edirlər. Ona görə də rəsmi Moskva Ermənistandakı hərbi bazasının gücü və əlaltılarının köməyi ilə prosesi öz xeyrinə dəyişmək haqqında düşünür. Ermənistanın keçmiş prezidentləri, hərbi canilər Robert Köçəryan-Serj Sarkisyan cütlüyünü hərəkətə keçirmək niyyətləri var. Çünki bu iki şəxs Rusiya hərbi kəşfiyyatının agentləridir. Onlar Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər.

– Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərinin ardınca Ermənistanda “Qarabağ klanı”nın aktivləşməsində Kremlin rolunu necə dəyərləndirirsiniz?

– Faktiki Rusiya Ermənistandakı öz əlaltılarını, xüsusilə də birbaşa onlara tabe olan “Qarabağ klanı”nı hərəkətə keçirməyə başlayıb. Sadəcə olaraq bu qrupa daxil olan keçmiş hərbi canilər olan Köçəryan-Sarkisyan cütlüyünə erməni cəmiyyətində böyük nifrət var. Onlar illər boyu Ermənistanda hakimiyyətdə olduqları dövrdə ölkədə talançılıqla məşğul olublar. Ona görə də bu iki şəxsi Ermənistanda yenidən siyasi lider kimi hakimiyyətə gətirmək çox çətindir. Bu mənada Rusiya Ermənistanda yeni nümayəndələr axtarışındadır.

– Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçındakı tarixi birlik mesajından sonra Hindistanın Ermənistanla birlikdə Zəngəzur dəhlizini bloklayacağı ilə bağlı iddialar səslənir. Rəsmi Dehlinin dəhliz və bölgə ilə bağlı təsir imkanlarını necə dəyərləndirmək olar? Doğrudan da Hindistan bu bölgədə hansısa kommunikasiya xəttini bloklamaq gücünə sahibdirmi?

– Əslində bu mümkün deyil. Hindistanın bu bölgədə hərəkət etmək imkanları məhduddur. Onun bu bölgədə dostları İran, Ermənistan və Rusiyadır. Amma Azərbaycan, Türkiyə və Pakistan birliyinə qarşı onların nəyəsə nail olması çox çətindir. Türkiyə tək bu bölgədə deyil, qlobal miqyasda nüfuzlu dövlətdir. O, NATO-da ikinci hərbi gücə malikdir. Söhbət təkcə silahlı qüvvələrin gücündən getmir. Türkiyənin nüfuzu çox böyükd və təsirlidir. Azərbaycan da öz növbəsində bu gün qlobal miqyasda vacib layihələrin təşəbbüskarıdır. Ona görə də Bakının həyata keçirdiyi iqtisadi layihələrə dünyada böyük maraq var. Həmçinin Pakistanın nüfuzu və imkanları da olduqca təsirlidir. Bu baxımdan Hindistanın narahatlıqları onun qorxusu ilə izah oluna bilər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button