Rusiyanın “Vardanyan planı” puç oldu

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına yerləşən rusiyalı erməni əsilli milyarder Ruben Vardanyan 17 dekabra mitinq “təyin etmişdi”.

Separatçı-terrorçu tör-töküntüsünün “dövlət naziri” kimi saat 15:00-a Xankəndinin mərkəzinə erməni icmasını çağıran Vardanyan “34 il əvvəl olduğu kimi” yenidən birlik nümayiş etdirmək gərəkdiyini söyləmişdi.

Vardanyanın elan etdiyi “mitinq”dən saatlar keçməsinə baxmayaraq, erməni, rus və digər medialarda, sosial şəbəkələrdə “Xankəndidəki aksiya” ilə bağlı heç bir səs-soraq yoxdur.

2 sentyabrda – keçmiş və qondarma “dqr”in 31-ci ildönümünü Ermənistandan gətirdiyi çoxsaylı iştirakçılarla “təntənəli şəkildə” keçirən Vardanyana indi aksiya keçirməyə, görünür, milyardları da yardım etməyib. Ermənistandan avtobuslara doldurulub gətirilən hər kəsə 50 dollar, Xankəndi ətrafından gələn hər maşına isə əlavə 8 litr yanacaq hədiyyə edən Vardanyan indi Laçın yolu məhdudlaşdığından Ermənistandan erməni gətirə bilmir; yanacaq çatışmazlığı isə Xankəndi ətrafında məskunlaşanlara mənasız yerə vaxt və enerji sərf etməyə imkan vermir.

Maraqlıdır ki, mitinqin azsaylı aksiyaçılarla keçirildiyi haqda da informasiya yoxdur. Belə aydın olur ki, Vardanyan tam rüsvay olub – hətta Xankəndidəki azsaylı erməni icmasından da aksiyaya qatılmaq istəyən tapılmayıb.

Ermənilər “34 il əvvəl” nə olduğunu və bu müddətdə başlarına nələrin gəldiyini, axır ki, dərk etməlidirlər: 34 il əvvəl öz idarəetmələri, muxtariyyətləri, mədəni-siyasi hüquqları olan ayrıca, 150 minlik bir toplum idilər. Separatizmə, terrorçuluğa başladıqdan və azərbaycanlıların məhvinə qərar verdikdən sonra isə hazırda Xankəndi və ətrafında 30 min civarında erməni icması qalıb, onların da böyük əksəriyyətinin sabaha inamı yoxdur.

Bu illər ərzində azərbaycanlıları qətlə yetirsələr də, cavablarını da alıblar – ən ağır cavabı isə 44 günlük savaşda gördülər.

Qarabağda məskunlaşan erməni icması, nəhayət, dərk etməlidir ki, onları qırğına verən Sərkisyan-Köçəryan milyardlara sahibdir, Ermənistanda onların hesabına hakimiyyəti ələ keçirib, ermənilərə qan uddurdular, hətta 2008-ci ildə hakimiyyəti saxlamaq üçün ermənilərin özlərinin belə qanını tökdülər.

Qarabağda erməni icmasını aldadanların da məqsədinin Azərbaycanın sərvətlərini talamaq olduğu kimsəyə, yəqin ki, ermənilərə də sirr deyil. Hətta guya Moskvadakı dəbdəbəli həyatından əl çəkib, Qarabağa köçən və burda ermənilərin “hüquqları” uğrunda çalışdığını deyən Ruben Vardanyanın da niyyətinin yalnız qızıl, mis-malibden sərvətlərini talamaq olduğu artıq aşkardır. Guya erməni hüququnu qorumaq üçün gələn Vardanyan əslində sanksiyalar səbəbindən Rusiyadan faktiki olaraq qaçıb, sərvətini qorumağa çalışır və Qarabağı talamaqla, var-dövlətini artırmaqdadır.

Azərbaycanlılar 5 gündür bu talana qarşı çıxırlar, Qarabağdakı ermənilər də nəhayət, dərk etməlidirlər ki, onları güdaza verən Vardanyan-Arutyunyan cütlüyünün bir məqsədi var: mümkün qədər dirəniş göstərib, daha çox sərvət qazanmaq.

Çünki hamı kimi, Vardanyan-Arutyunyan da anlayır ki, Azərbaycanın ərazi bütövlüyü mübahisə predmeti deyil, Xankəndi Azərbaycandır. Xankəndiyə Azərbaycan bayrağının asılmasını sadəcə ləngitməyə çalışırlar ki, daha çox talasınlar.

Bu talançılıqda nə qədər erməni güdaza gedir, o talanan yerlərdə məhv edilən ətraf mühit nəticəsində orda məskunlaşan ermənilərin özlərinə belə nə qədər ziyan dəyəcək, onların həyatı necə təhlükəyə düşəcək – bunları Vardanyan-Arutyunyan heç vaxt düşünmür…

Hamısını Göstər

Related Articles

Back to top button