Rüşvət alan məmurlar üçün yeni mərhələ: “Ov” davam edir
Cəlilabad Rayon İcra Hakimiyyətində icra başçısı Namiq Zeynalov və tabeliyində olan şəxslərdən bir neçəsinin həbsi ilə müşayiət olunan xüsusi əməliyyat hakimiyyətin anti-korrupsiya tədbirlərini dayandırmadığı göstərir.
İkinci Qarabağ savaşı korrupsiyaya qarşı mübarizənin tarixə qovuşduğu barədə rəy yaratmışdı. Digər tərəfdən, hökumət müharibədən sonra koronavirus infeksiyasının real təhdidi ilə üz-üzə olduğundan düşünülürdü ki, məmur həbsləri artıq geridə qalıb.
Bəzi ekspertlər hesab edirdi ki, korrupsiyaya qarşı mübarizə görüntü xarakteri daşıyırdı və hakimiyyət müəyyən mənada istəyinə nail olduğuna görə proses yekunlaşmış hesab edilə bilər. İkinci Qarabağ savaşı və koronavirusa qarşı mübarizə isə anti-korrupsiya əməliyyatlarının dayandırılması üçün yaxşı bəhanədir.
Lakin Namiq Zeynalovun həbsi göstərdi ki, bu mülahizələr əsassızdır. Korrupsiyaya qarşı mübarizə hakimiyyət üçün prioritet olaraq qalır.
Məlumatlara görə, Namiq Zeynalovun həbsi bu korrupsiyaya qarşı mübarizənin növbəti dalğasının başlanğıcıdır. Yerli hakimiyyətlərdə və mərkəzi icra hakimiyyəti orqanlarında növbəti əməliyyatlar keçirilə bilər. Bu əməliyyatların da yüksək vəzifəli məmurların həbsilə müşayiət olunacağı istisna olunmur.