Şəkidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs tutulub
Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər
Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif
məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda
kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O,
əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə
iştirakının olub-olmaması araşdırılır.
Qeyd edək ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət
əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək
elektron qolbaqla təchiz olunub.