Səmərqənddə qalmaqallı sövdələşmə: Dörd türk ölkəsi niyə Türkiyəni “işğalçı” kimi tanıdı?

Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə Kiprlə bağlı imzaladığı sazişlə əlaqədar yaranan problemləri “ailə daxili”ndə həll etmək istəyir.
Bu barədə Türkiyənin “Haber7” portalı yazır.
Ötən həftə Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin iştirakı ilə Özbəkistanda (Səmərqənddə) keçirilən Aİ-Mərkəzi Asiya sammitində bu ittifaqla Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında 12 milyard avro dəyərində müqavilə imzalanıb. Razılaşma çərçivəsində bu ölkələr BMT-nin 541 və 550 saylı qətnamələrini dəstəkləyib və Cənubi Kipri (yunan tərəfi) Şimali Kipr Türk Cümhuriyyətinə qarşı “Kiprin yeganə qanuni hökuməti” kimi tanımağa qərar verib.
BMT Təhlükəsizlik Şurasının 4-cü maddəsi çərçivəsində alınan qərarla türk dövlətləri Türkiyəni Kiprdə “işğalçı güc” olaraq rəsmən qəbul etmiş sayılırlar.
Portal bildirir ki, məsələ ilə bağlı Türkiyədən heç bir rəsmi açıqlama verilməsə də, Aİ-nin 5 Mərkəzi Asiya ölkəsinə iqtisadi təzyiq edərək bu qərarı imzalatdığı iddia edilir:
“Qeyd olunur ki, Qırğızıstan və Tacikistan Aİ-nin iqtisadi təzyiqləri səbəbindən bəyannamənin müvafiq hissələrini dəstəkləmək məcburiyyətində qalıb.
Aİ-nin bəyannaməyə imza atan ölkələrə yardım və investisiyaları kəsməklə hədələdiyi məlum olub. Avropa İttifaqının Özbəkistanı “Genişləndirilmiş Tərəfdaşlıq” dialoqu və investisiyaları dayandırmaqla təhdid etdiyi vurğulanır.
Qazaxıstanın heç bir sanksiyaya məruz qalmadığı və bu qərarı müstəqil qəbul etdiyi açıqlanmışdı. Diplomatik mənbələr isə Qazaxıstanın da pərdə arxasında təzyiqlərə məruz qaldığını iddia edərkən, Türkmənistan tərəfsiz statusa malik olduğu üçün bəyannamədə Kiprlə bağlı ifadələrlə əlaqədar qeyd-şərtləri olduğunu bildirib.
Türkiyə 5 ölkənin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı qəbul etdiyi qərarla bağlı heç bir rəsmi açıqlama verməsə də, bağlı qapılar arxasında diplomatik reaksiyalar verdiyi iddia olunur.
Türkiyə hökumətinin publik şəkildə türk dövlətlərinə reaksiyasının Cənubi Kipr və Yunanıstanın əlini gücləndirə biləcəyi ehtimalına görə, bunu “ailədaxili məsələ” kimi dəyərləndirərək, problemin sakitcə həllinə çalışdığı deyilir”. /Teleqraf/