Şəxsi maraqlarına toxunan məsələlər üzrə qərar qəbul edən vəzifəli şəxslər kənarlaşdırıla bilər

“Maraqlar toqquşması haqqında” qanun layihəsi vəzifəli şəxslərin şəxsi maraqlarına toxunan məsələlərin həllində iştirakına məhdudiyyətlər müəyyən edir.
Polise.az xəbər verir ki, layihəyə əsasən, vəzifəli şəxsin səlahiyyətlərini həyata keçirərkən şəxsi marağına toxunan məsələlər üzrə hüquqi və inzibati aktların hazırlanmasında və ya qəbulunda, müqavilələrin bağlanmasında, nəzarət və yoxlama funksiyalarının icrasında iştirakı yolverilməz hesab edilir.
Sənəddə kollegial qurumların üzvləri üçün də xüsusi qayda nəzərdə tutulur. Belə ki, baxılan məsələ vəzifəli şəxsin şəxsi maraqlarına toxunarsa, o, əvvəlcədən müvafiq qurumu məlumatlandırmalı və əsaslar olduqda həmin məsələnin müzakirəsi və həllində iştirakdan kənarlaşmalıdır.
Layihənin 21.5-ci maddəsinə görə, maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxsin qərar qəbulunda iştirakının məhdudlaşdırılması, vəzifə səlahiyyətlərinin dəyişdirilməsi, müəyyən xidməti vəzifələrin icrasından kənarlaşdırılması və ya başqa vəzifəyə keçirilməsi kimi tədbirlər görülə bilər.
Digər tədbirlər mümkün olmadıqda, qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla, vəzifədən azad edilmə də nəzərdə tutulan variantlardan biridir.
Təklif olunan mexanizmlər dövlət qərarlarının şəxsi münasibətlərdən və maraqlardan asılı olmadan qəbul edilməsinə xidmət edir.
Polise.az



