Sabiq polis rəisi adam oğurluğunda şantaj edildi…

Şəmsəddin Əliyev: “Bunlar şəxsimə və ictimai fəaliyyətimə yönəlik ziddiyyətli, yalan dolu, absurd  ittihamlardır”

“Tik-Tok” sosial şəbəkəsi üzərindən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev “adam oğurluğu” adı ilə şantaj olunur. 

“Tik-Tok”da Sevinc Hüseynova və Həci020 adı ilə qeydiyyatdan keçən şəxslər onu Hüseynov Anar Əvəz oğlunu “girov götürməkdə” ittiham edir.

“Mən müraciət etdiyim dövlət orqanlarına inanıram”

Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təxminən on gündür tanımadığı, yaxından-uzaqdan əlaqələsi olmayan şəxslər tərəfindən əsassız şəkildə ittiham olunur. “Təxminən on gündür ki, mənə qarşı tanımadığım şəxslər tərəfindən qaralama kampaniyası aparılır.

Bir məsələni də deyim ki, keçən ilin sonu bu ilin əvvəllərində sosial şəbəkələrdə “Müftəxor QHT-lər” sırasında “Polisə Dəstək” İctimai Birliyinin də adı çəkilmişdi. Amma mən ona əhəmiyyət vermədim. Bu barədə sadəcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə məlumat verdim ki, bunu araşdırın, görün nə məsələdir.

Amma son on gündə “Tik-Tok”da barəmdə bu cür əsassız məlumat yayılır. Mənim özümün “Tik-Tok”um yoxdur, başqa bir adam dedi ki, sənin barəndə “Tik-Tok”da belə bir məlumat yayılıb. Bu platformada tanımadığım, özü də Bakıda yox, Gəncədə yaşayan bir xanımın mənim haqqımda bu şəkildə həqiqətə uyğun olmayan, böhtan xarakterli, həyatım üçün təhdid istiqamətində cığır açan məlumat yayması doğrudan da məndə hiddət doğurdu. Mənim ictimai nüfuzumla, şəxsiyyətimlə bağlı əsassız məlumatın yayılmasını çox narahatlıqla qarşıladım. Mən o qadını tanımıram. Bu əsası olmayan uydurma məlumat hardan qaynaqlanır? Niyə mənimlə belə davranır? Bu adam məni xüsusilə ağır cinayətdə ittiham edir. Qeyd edir ki, guya bunun həyat yoldaşı oğurlanıb, onun qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində proses davam edir. Əgər doğrudan da burda mənim günahım, iştirakım varsa nə üçün məhkəmə məni şahid qismində dəvət etməyib, ifadəm alınmayıb? Mən ifadə verməmişəm. Bu qadında bu məlumat hardandır? Kifayət qədər suallar var. Bu, ərinin tabutunu da göstərir, sonra da deyir ki, əri dirilib. Guya mən onun oğurlanmasını, qətlə yetirilməsini təşkil etmişəm. Bu tamamilə bir-biri ilə ziddiyyət təşkil edən məlumatlardır ki, “Tik-Tok” platformasında yer alıb. Bütün yayılan dezinformasiyaları təhlil edib belə qənaətə gəldim ki, bu qadın hüquqşünas deyil. Bəzən elə ifadələr işlədir ki, görünür onun “müəllimi” var. Ona yol göstərən, cığır açan kimsə var, ama o adam kimdir, bilmirəm”.

Məruz qaldığı ağır ittihamlarla bağlı əlaqədar qurumlara müraciət edib-etmədiyinə gəlincə, Ş.Əliyev qeyd etdi ki, məsələnin araşdırılması üçün artıq Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib: “Bəli, bununla bağlı əlaqədar qurumlara müraciət etmişəm. Artıq Baş Prokurorluqdan Bakı Şəhər Prokurorluğuna bununla bağlı tapşırıqlar verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığım məlumata görə, orada da artıq araşdırmalara başlanılıb. Ümid edirəm ki, əlaqədar qurumlar bunu araşdırıb həqiqəti üzə çıxaracaqlar”.

Bu insanları tanımadığını deyən Ş.Əliyev bildirdi ki, QHT kimi cinayətkarlığı doğuran müxtəlif səbəblərin və şəraitin aradan qaldırılması istiqamətində layihə ilə bağlı təxminən 6 il əvvəl Gəncədə olub. Bu tədbirin Aqrar Universitetdə tələbələrin və pedaqoji heyətin iştirakı ilə keçirildiyini deyən Ş.Əliyev bildirdi ki, orada o adda şəxslə qarşılaşmayıb. “Gəncə ilə bağlı mənim əlaqələrim, təmaslarım demək olar ki, yoxdur. Bu məni “Polisə Dəstək” İctimai Birliyinin sədri kimi ittiham edir. Guya mən bu təşkilatın rəhbəri kimi, müəyyən qurumların “dəstəyindən bəhrələnib, sui-istifadə edib, cəzasızlıq mühitindən yararlanmışam”, onun həyat yoldaşını “oğurlamaqda” mənə dəstək olanlar olub, guya onu qətlə yetirtmişəm. Burada da mənim “iştirakımı” qeyd edir. Tamamilə yalan bir məsələdir. Bunlar şəxsimə və ictimai fəaliyyətimə yönəlik ziddiyyətli, yalan dolu, absurd  ittihamlardır. Ehtimal edirəm ki, o qadın bunu təkbaşına etmir, pərdə arxasından kimsə onu öyrədib ortaya atıb. Mənim təşkilatım qeyri-hökumət təşkilatıdır, heç bir dövlət qurumundan asılı deyiləm. O qadın bununla bağlı müəyyən ziddiyyətli iddia irəli sürür ki, guya mənim tabe olduğum quruma da şikayət etmək istəmir, yalnız ölkə Prezidentinə inanır, digər qurumlara inanmır. Mən müstəqil bir QHT-nin rəhbəriyəm, öz fəaliyyətimi Ədliyyə Nazirliyində təsdiqlənmiş nizamnamə əsasında həyata keçirirəm. Nizamnamə üzrə fəaliyyətim cinayətkarlıqla mübarizədə ictimaiyyətin dəstəyini müvafiq orqanlara təmin etməkdən ibarətdir. Mən burada da sərbəstəm, müstəqiləm, kiminsə diqtəsi ilə hərəkət etmirəm. Mənim cinayətkarlıqla mübarizədə kifayət qədər həm təcrübəm, həm də nəzəri biliyim var. Ona görə də qadının bu şəkildə rəhbərlik etdiyim QHT ilə bağlı yanaşması kifayət qədər haqlı suallar yaradır”-deyə Ş.Əliyev bildirdi.

Ş.Əliyev bildirdi ki, onu ittiham edənlərin yazdıqlarına istifadəçilər özləri cavab verir, o cavab verənlərin isə heç birini tanımır. “Biri yazır ki, ay xanım, sizin danışdığınız tamamilə nağıldır. Başqası deyir ki, bir dəfə belə deyirsiz, o biri dəfə tamam fərqli şeylər söyləyirsiz. Diqqət edin, görün orada nə qədər bu məsələyə aydınlıq gətirən cavablar var. Kifayət qədərdir. Bu adamın mənə qarşı bu şəkildə meydan oxumasını əhəmiyyətsiz saysam da, amma burada narahatedici məqamlar da var. Belə bir xanım tanımıram, onun mənə qarşı bu iddiasını da, qəzəbini da anlaya bilmirəm. Bu nədən doğur? Çox güman ki, kimsə bunu öyrədir. Hesab edirəm ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları dərindən araşdırılacaq.

Rəhbərlik etdiyim “Polisə Dəstək” İctimai Birliyinə qısqanclıqla yanaşanlar var. “Polisə Dəstək” İctimai Birliyi respublikada 4 mindən artıq olan QHT-lər arasında yeganə təşkilatdır ki, “Polisə Dəstək” İctimai Birliyi kimi ifadə olunub. Heç kimdən, heç nədən çəkinmədən bu təşkilatı yaratmışam. Hələ 2005-ci ildə bunu öz həyat kredom kimi qəbul etmişəm. Çünki mənim cinayətkarlıqla mübarizədə kifayət qədər təcrübəm var. Mən mədəniyyət, yaxud başqa sahələr üzrə QHT yaratmadım. Bu mənim keçmiş fəaliyyətimlə bağlı olan QHT-dir və hətta 2005-ci ildə də mənə irad tuturdular ki, polisə nə dəstək lazımdır. Zaman artıq bu fikirləri şapalaqlayıb kənara qoyub, cinayətkarlıqla mübarizədə təxminən 36-37 min rəsmi qeydiyyata alınan cinayətlərin 90 fazinin açılmasında hardasa bu təşkilatın da maarifləndirmə baxımından müəyyən qədər rolu var. Buna görə bəziləri buna qısqanclıqla yanaşır. Deyim ki, ötən il mənim bir layihəm vardı, amma ona maliyyə ayrılmadı, layihəm maliyyələşmədən kənarda qaldı. Buna heç toxunmadım, çünki bu da qısqanclıqdan yaranırdı. QHT sektorunda mənim özümün kifayət qədər imkanım çatır ki, bu sahədə profilaktik xarakterli tədbirləri həyata keçirim, vətəndaşlarla, yeniyetmələrlə və digərləri ilə maarifləndirmə işi aparım. Bir də müəyyən mənada zamanında, Cəbhənin (Xalq Cəbhəsi-red.) vaxtında mən kifayət sayda insanla üzbəsurət qalmışam. Polisə daş atan, polisə butulka atan həmin insanların əksəriyyəti QHT sektorundadır”.

Ş.Əliyev qeyd etdi ki, onun müstəqil davranışını, fəaliyyətini bu gün həzm edə bilməyənlər var və barəsində aparılan qara piar kampaniyasında onların da rolunun olduğu gözləniləndir. “Ehtimal edirəm ki, burada onların da rolu ola bilər. O xanıma kifayət qədər “ağılı tapşırıqlar” verilib ki, belə de, belə yaz. Bu da məni təəssüfləndirir. Heç kəsin adını çəkmək istəmirəm. Əgər belə QHT-lər varsa, həqiqətən də özlərini cəsarətli sayırlarsa, kişidirlərsə, kişilikləri çatırsa rəsmi şəkildə desinlər, onlarla debata çıxım. Əgər belə birisi xanımdırsa, öz iffətinə, özünün ağayana davranışına, öz əfəndiliyinə tapınsın. Mən burada bəzi məqamlar görürəm, amma açmıram. Onsuz da açılacaq. Sona qədər gedəcəm. Mən bu işi xüsusi ittiham qaydasında Gəncə Şəhər Məhkəməsinə də verə bilərəm, o xanım orda yaşayır. Amma hələ ona baş qoşmuram. Mən müraciət etdiyim dövlət orqanlarına inanıram. Orada məndən də peşəkar insanlar var. Hesab edirəm ki, bu qurumların ədalətli araşdırması olacaq” – deyə Ş.Əliyev qeyd etdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button