Sahibə Qafarova beynəlxalq konfransda ermənistanın vandalizm əməllərindən danışıb
Əlcəzair müstəqillik qazandıqdan təxminən 30 il sonra – 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi qonşumuz Ermənistan tərəfindən işğal edilib və 30 il işğal altında qalıb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Həmçinin Ermənistan bütün müsəlmanlara tam hörmətsizlik və nifrət hissi ilə bizim məscidlərimizi dağıdıb və təhqir edib, onlardan donuz və inək tövləsi kimi istifadə edib. Ermənistanın etnik təmizləmə aparması nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsi, İslam Əməkdaşlığı Təşkilatı da daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların qətnamələri və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçi olub. Lakin münaqişənin həllinə kömək etmək əvəzinə, bu qrupun, xüsusən də Fransanın nə müharibə, nə də sülh vəziyyətinin əbədi qalması üçün məsələni dondurmağa çalışdığı aşkar idi.
Polise.az xəbər verir ki, bu barədə Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdə Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında çıxışı zamanı məlumat verib.
Milli Məclisin sədri bildirib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, üç minə yaxın şəhidin həyatı bahasına BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməklə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirən parlamentin sədri, indiki Ermənistan ərazisində əsrlər boyu yaşadıqları doğma torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da hüquqlarının bərpa olunacağına və onların öz yurdlarına geri qayıdacaqlarına olan inamını da tədbir iştirakçıları ilə bölüşüb. Bu insanlardan ibarət olan Qərbi Azərbaycan icması artıq beynəlxalq birliyə müraciət edib və bu prosesin praktiki cəhətdən həyata keçirilməsi üçün “Qayıdış Konsepsiyası” hazırlayıb