Şeirlərində əbədi yaşayacaq Bəxtiyar Vahabzadə…

Ustad şairin 95 yaşı tamam oldu…
…Demədim “Anadan olmasının…”! Dedim ki, ustadın 95 yaşı tamam oldu…
Çünki Bəxtiyar Vahabzadə şeirlərində həmişəyaşardır, canlıdır, sağdır,
bizimlədir!
Azərbaycan deyəndə, bilirəm ki, Bəxtiyar Vahabzadə burdadır-Azərbaycanın hər
bir guşəsindədir, Qarabağ problemindədir… Azərbaycan və Türkiyə bayraqları
birgə dalğalanırsa, biz Təbrizdən soraqlar alırıqsa, Xətainin məzarını ziyarət
ediriksə, Türkiyə generalları Bakıya gəlibsə, Azərbaycanı ikiyə kəsib bölən
Arazı vurub keçiriksə, deməli, Bəxtiyar Vahabzadə bizimlədir, bizi dinləyir,
eşidir, yenə də yolgöstərəndir, arzularımızı şeirləşdirməkdədir…
***
…Ustad şairin yaradıcılığından danışmağa yəqinki ehtiyac yoxdur. Çünki şairin
külliyyatını hamı sevə-sevə oxuyur, nəticə çıxarır… Amma “Təzadlar” qəzetinin
ustadla bağlı kifayət qədər xatirələri, bağlantıları vardır. “Təzadlar”ın elə
bir sayını xatırlamıram ki, Bəxtiyar müəllim zəng edib fikrini bildirməsin.
Xüsusən də bir ara ona çamur atanlar peyda olmuşdu və biz çamur atanlara layiq
olduqları cavabı vermişdik… Yadımdadır ki, Bəxtiyar müəllim bu çamurçuların
əlindən bezib getmişdi Şəkiyə. Həmin vaxt adını çəkmək istəmədiyim
akademiklərdən biri yenə də şairin “bostanına” iri bir daş atmışdı.
“Təzadlar”ın dəyərli yazarı Nizami Nicat ürəkdən tikan çıxaran bir yazı
yazmışdı. Ağlımıza gəlməzdi ki, Bəxtiyar müəllim səhər tezdən satışda olan və
Şəkiyə günortaya çatdırılacaq qəzeti oxusun… Redaksiyanın iş telefonuna zəng
gəldi… Bəxtiyar müəllim idi. Onun bizə sonsuz minnətdarlıqla söylədiklərini
burada yazmaq təvazökarlıqdan uzaq olardı. Amma onu deyim ki, kimsə Prezident
Administrasiyasından ona zəng vurub bu yazı barədə xəbər vermişdi… Bəxtiyar
müəllim bizi kollektiv olaraq Şəkiyə dəvət etdi… Elə oldu ki, qəzetin
əməkdaşı Sultan Laçınla birgə gedəsi olduq. Ustad bizi Şəki Xan Sarayına
apardı, Şəkinin gəzməli yerlərini göstərdi, sonra evə qonaq apardı… Həyat
yoldaşı Dilarə xanımın nəvaşini və bizə diqqətini isə heç vaxt unutmaram…
Allah hər ikisinə rəhmət eləsin!
…Bu yazıda təqdim etdiyim və 2008-ci ildə şairin Bakıdakı evində çəkilmiş
şəklinin isə özəl mənası və tarixi var. Bir gün əvvəl redaksiyaya 3 nəfər
yüksək rütbəli türk zabitləri gəlmişdilər… Onlar redaksiyanın fəaliyyəti ilə
tanış olduqdan sonra bildilər ki, Bəxtiyar Vahabzadə “Təzadlar”ın İdarə
Heyətinin üzvüdür. Bu zaman zabitlərdən biri təəccüblə soruşdu ki, Siz onunla
danışıb görüşə bilirsiniz? Dedik, nəinki görüşüb danışırıq, həm də Bəxtiyar
müəllim tez-tez redaksiyaya gəlir, bəzi sərt yazılarımıza görə bizi danlayır
da… Bunu deyəndə onları gülmək tutdu. Dedilər ki, yaxşı, biz onun səsini necə
eşidə bilərik? Zarafatla dedim ki, hətta özünüzü yaxşı aparsanız, üzünü də görə
bilərsiniz…
Tarixi yadda saxlayın: 2008-ci il! Qonaqlar əməkdaşlarımız Elçin Məmmədli,
Elbar Şirinov, Yasəmən Məmmədli və digərləri ilə söhbət edərkən mən Bəxtiyar
müəllimin ev telefonunu yığdım, salamlaşdıq… Dedim, Bəxtiyar müəllim,
redaksiyaya 3 türk generalı gəlib, sizin səsinizi eşitmək istəyirlər! Bu zaman
şairi bir hönkürtü götürdü ki, gəl görəsən… Ağlaya-ağlaya, “Ay oğul, onların
Azərbaycana gələn ayaqlarına qurban olum, hardadır onlar?”. Dedim, burda,
yanımda… Sonra dəstəyi türk zabitlərinə verdim… Onlar gözlərinə inanmırdı
ki, Bəxtiyar Vahabzadə ilə danışırlar… Və salamlaşan kimi üçünü də isti bir
kövrəklik ağuşuna aldı, göz yaşlarını saxlaya bilmədilər… Və Bəxtiyar müəllim
xahiş etdi ki, sabah saat 18:00-da onları evinə müşaiyət edək. Razılaşdıq.
Bəxtiyar müəllim qonaqları evinin qapısı ağzında görəndə yenidən sevincindən
ağlamağa başladı (Bu səhnəni əks etdirən video “Təzadlar”ın saytında vardır).
Və orada olan iki saatlıq görüşdə əməkdaşımız Elçin Məmmədlinin ustadın 1990-cı
ildə rus generalının üzünə tüpürməsi səhnəsini danışanda yenidən şairi kövrək
göz yaşları ağuşuna aldı… Bəxtiyar Vahabzadəni ağladan isə Türkiyə ilə
Azərbaycan qardaşlığının uzun illərdən sonra bərqərar olan barizliyi, 70 illlik
Sovetlər dönəmində bir Ananın bir-birindən ayrı düşmüş iki övladının nəhayət,
bir-birinə qovuşma sevinci… idi!
…Bəxtiyar müəllimin mübarizliyi barədə hamının bildiyi çox mətləblər var.
Amma az adam bilir ki, 70 və 80 illik yubileyinin keçirilməsi barədə ona PA-dan
təklif gələndə o, “Qarabağı işğalda olan, 1 milyondan çox vətəndaşı
qaçqın-didərgin, əziyyətlər içində yaşayan xalqın Xalq şairi özünə nə haqla
yubiley keçirə bilər?!” demiş və bundan imtina etmişdi (Eyni addımı Xalq
artisti, dəyərli Flora Kərimova etmişdir).
Amma həm də az adam bilir ki, 2017-ci ilin iyunun 1-də Prezident
Administrasiyasının humanitar şöbəsinin müdiri vəzifəsindən azad edilmiş
(1993-cü ildən müdiri olmuşdu) Fatma Abdullazadə niyə həmişə Bəxtiyar müəllimin
əleyhinə olmuşdur? Səbəbini şairdən soruşmuşam. Amma təəssüf ki, yaza
bilmirəm…
Fatma Abdullazadə demişkən, bir vacib məqamı deməyə də bilmərəm: bir müddət
əvvəl Xalq şairi, ustadımız Məmməd Arazın xanımı Gülxanım Fətəliqızının
“Ömürdən yarpaqlar” adlı kitabı işıq üzü görüb. Kitabda bir çox tanınmış
şəxslərlə, Azərbaycanın taleyinə bağlı bir sıra mühüm hadisələrlə bağlı maraqlı
faktlara, xatirələrə rast gəldim. Diqqətimi çəkən həm də Xalq şairi Məmməd
Arazın Azərbaycan mətbuatını diqqətlə izləməsi idi. Bu sırada “Təzadlar” qəzeti
ilə bağlı olduqca maraqlı faktlara rast gəldim. Məsələn, Gülxanım Fətəliqızı
1997-ci ilin 11 oktyabr tarixli xatirəsində yazır: “Gedib “Təzadlar” qəzetini
aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını
Məmmədə oxudum:
– Bəxtiyar hamımızdan səmimi yazıb – dilləndi Məmməd… Sonra qəzetdə olan
atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli
çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən,
azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.
– Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, –
əlavə etdi Məmməd… Büküb kənara qoyduğu qəzetin kənarında iki misra yazmışdı:
“Nə gəldi qəlbinə, gətir dilinə,
Dilindən qəlbinə səd çəkmə, ey mən”.
Daha bir xatirə: “13 dekabr – Xudu Məmmədov haqqında “Dünya, səndən kimlər
getdi” adlı verilişə baxa-baxa danışdı:
– Xudu haqqında “Təzadlar” qəzetində mənim də kiçik bir yazım var. Əvəz olunmaz
adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda
müavin işləyəndə onun “Qoşa qanad” kitabını çap etdim. Özü təvazökarlıq edib
deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir
sətrinə də toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox
idi. Rəhmətlik Zeynal müəllimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi
ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam
idi.
Xudunun iş yoldaşlarından biri belə bir xatirə danışdı:
– Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin
fikrini öyrənmək üçün ona sual verdik. Xudu müəllim gülə-gülə belə cavab verdi:
– Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım
heyvanların sayına görə pul verirlər, bəs nə üçün müəllimlərə dərs dedikləri
uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız”.
Daha bir xatirə: “1998-ci il, 25 yanvar:
– Neçə gündür gündəlikdən soyumuşam. Əlimə 23 yanvar “Təzadlar” qəzeti düşdü.
Yazırdılar: “…Şairlik yolunda geriyə dönmək yoxdur. Bu yol vətən, millət və
insanlıq dərdlərini içinə yığıb Allah eşqinə dör-dör döyüşmək yoludur. Bu yolun
Sabiri, Cavidi, Cavadı, Müşfiqi, Hadisi, Əli Kərimi, Şəhriyarı, Xəlili,
Bəxtiyarı, Məmməd Arazı olmaq gərək. Bu bəşəri yol sürünə-sürünə gedilməz.
Çünki bu yol məddahların gedəcəyi yol deyil. Və… Bu yol uzaqdır, Mənzili çoxdur,
Keçidi yoxdur…Dərin sular var… (Yunis İmrə)”
Həmin abzası və bir bənd şeiri Məmmədə oxudum: – Çox yaxşı fikirlərdir, – dedi.
“Fatma Abdullazadə Məmməd Araza da zəng vurmuşdu ki, “Təzadlar”ın əleyhinə
bəyanata imza at və…”
***
Xatirələrin Fatma Abdullazadə ilə bağlı hissəsi. Gülxanım Fətəliqızı yazır:
“…1999-cu ilin 15-16 sentyabr tarixi. Bəxtiyar müəllim zəng vurdu, əvvəl
Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra
Prezident Aparatından zəng vurdular və bir məmurun (oxu: Fatma
Abdullazadə.Red.) danışmaq istədiyini bildirdilər.
– Buyursunlar, gözləyirəm…
Dəstəyin o başından:
– Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var,
olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun
redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına
gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin
redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var.
Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap
olunanda biz Xudunun ətrafına yığışmışdıq…
Sonra əlavə edir:
– Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə
çatdırarsınız.
Dedim:
– Vallah, lazım olanda sizi bizimlə calaşdırmırlar. Ona görə də özünüz zəng
edərsiniz.
Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım (Söhbət Bəxtiyar Vahabzadənin,
Məmməd Arazın və Nurəddin Rzanın “Təzadlar” qəzetinin Redaksiya Heyətindən
çıxarılaraq bəyanat vermələri tələbindən gedir. Red.).
Bəxtiyar müəllim təzədən zəng edib telefonla danışdı:
– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə zəng
vurub danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar, yazırlar…
Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq
məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də,
qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt
oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu
da söyür (Ələsgərovu nəzərdə tutur.Red.). Mənə həmişə hücumlar olanda yalnız
“Təzadlar” qəzeti məni müdafiə edib… İndi tələb edirlər ki, biz qəzetin
redaksiya heyətindən bəyanat verib çıxaq…
Dedim:
– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq
sizi söyəcək, çıxmasanız hökümət…
– Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq
şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar…
mənə deyirlər ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən… Hələ
bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.
– Yaxşı, Bəxtiyar müəllim, Məmmədlə danışaram…”.
***
Bəs niyə Prezident Administrasiyası ustadları narahat edirdi, nə yazmışdıq
Prezidentə müraciətimizdə? Deməli, 1999-cu ilin sentyabrında Prezident Heydər
Əliyevlə Ermənistan Prezidenti Robert Köçəriyanın Qarabağ danışıqları
mövzusunda görüşü olmuşdu. Köçəryan görüşdən sonra bəyanat vermişdi ki,
Ermənistan bir qarış da olsun torpaq qaytarmaq fikrində deyil və s. Mən də
Qarabağda doğulmuş və doğma kəndini, torpağını itirmiş bir Azərbaycan
vətəndaşı-jurnalist olaraq baş verənlərə çox pis olmuşdum. Axı necə ola bilər
ki, sayı sayımızdan 3 dəfə, pulu pulumuzdan min dəfə az… olan ermənilər əzəli
torpağımızı əlimizdən almaq istəyirlər? Və biz tarixən bu iki cüt-bir tək
ermənilərin torpaq işğalının əziyyətini çəkirik, itirə-itirə gedirik… Bütün
bunları qəbul edə bilmədiyim üçün Prezident Heydər Əliyevə müraciət
yazmışdım… Məsələ belə idi… “Təzadlar”ın başı həmişə qalmaqallı olmuşdu.
Qəzet yaranandan “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” şüarı
ilə nəşr olunurduq. Bu isə bəzi dairələrdə qıcıq yaradırdı. Üstəlik, Fatma
Abdullazadə də Bəxtiyar Vahabzadə ilə söhbətində açıq şəkildə deyir ki, o qəzetin
baş redaktoru cığallıq edir… Cığallıq bu idi ki, biz Qarabağ məsələsində heç
bir güzəştin olmadığını açıq şəkildə, senzurasız yazırdıq. Eləcə də bəzi
məmurları tənqid edirdik. Amma bu tənqidlərdə siyasi çalar olmazdı… Bununla
belə, tənqidlərimiz PA-da bəzi məmurların xoşuna gəlmirdi. Məsələn, oxucular
üçün də maraqlıdır, qeyd etdiyiniz məsələyə aydınlıq gətirim.
***
…Bəxtiyar müəllimin “Masa” adlı bir şeirini dərc etmişdik. Dəqiq yadımdadır,
Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 3-cü günü görkəmli dövlət xadimi
Heydər Əliyev şairin evində onun oğlu Elçin Əfəndiyevə başsağlığı verir.
Bəxtiyar müəllim danışırdı ki, “…Başsağlığı verəndən sonra yavaş-yavaş evi
tərk etməyə başladıq… Hamı çıxdı, Heydər Əliyev məni səslədi ki, “Bəxtiyar,
gözlə…”. Mən də dayandım, hamı çıxdı. Soruşdu ki, vəziyyətin necədir, təzə nə
yazırsan, neyləyirsən və s. Dalağım sancdı ki, yəqin nəsə problem var, yüz faiz
Fatma Abdullazadə nəsə xəbər verib… Mən də adəti üzrə gileylənmədim, dedim
hər şey yaxşıdır… Heydər Əliyev bir də soruşdu ki, ümumiyyətlə, vəziyyət
necədir? Yenə də oxşar cavab verdim… Amma hiss edirdim ki, nəsə sözü var.
Axırda özü diləndi ki, Bəxtiyar, o qəzetində “Masa” şeiri nədir yazmısan?
(Qarabağ danışıqlarının qızğın dövründə yazılmış şeirdə məna bu idi ki, düşmənə
döyüş meydanında söz deyə bilməyən, masa arxasında nə deyə bilər???.A.M.).
Dedim ki, hə, jurnalistlər götürüb veriblər… H.Əliyev dedi: “Bəxtiyar, axı
kim bilməsə də sən bilirsən ki, bu problem hansı səviyyədə və hansı dövlətlərin
maraqlarındadır… Heç olmasa, sən xalqa belə qızışdırıcı şeylər yazma, onsuz
da ermənilərə bir qarış da olsun torpaq veriləsi deyil, amma…”.
Səhəri gün Bəxtiyar müəllim məni evlərinə dəvət etdi. Bu barədə xeyli söhbət
etdik.
Vacib məqam: Türkiyə qoşunlarının Azərbaycanda təlim keçməsi, neçə gün əvvəl
isə Türkiyə müdafiə nazirinin və çoxsaylı qoşun komandirlərinin Bakıya
gəlməsini, Prezident İlham Əliyevlə görüşməsini xatırlayanda yadıma düşdü ki,
Bəxtiyar müəllim hələ o vaxt deyirdi: “…Heydər Əliyevlə söhbət edəndə
ikimizin də gəldiyi nəticə bu idi ki, Rusiyanın Ermənistana siyasi-hərbi
dəstəyi fonunda Azərbaycanın yeganə çıxış yolu Türkiyə ilə hərbi ittifaqa
girməsidir. Bu çətin və mürəkkəb, həm də təhlükəli olsa da, yenə də başqa çıxış
yolumuz yoxdur…”.
***
Sonda: Görkəmli dövlət xadimi Heydər Əliyevə və ustadımız Bəxtiyar Vahabzadəyə
Allahdan rəhmət, Prezident İlham Əliyevə isə can sağlığı diləyi ilə mənim də
gəldiyim nəticə budur ki: İlham Əliyev Ermənistanın iyulun 12-də Tovuz
təxribatının ardınca çox böyük ustalıqla Türkiyə-Azərbaycan hərbi təlimlərini
reallaşdırdı, Türkiyənin hərbi doktrina rəhbərlərini Bakıda qəbul etdi və
Türkiyənin müdafiə naziri, Türkiyə XİN naziri birmənalı olaraq bəyan etdilər
ki, Ermənistan (Deməli, həm də ona ağıl verənlər) ağlını başına yığsın, Türkiyə
bütün var gücü ilə, silahları ilə Azərbaycanın yanındadır!!!
Mən bu yazının sonuna üç dənə nidanı təsadüfən qoymadım. Mənasını bilənlər
bilər…