Semipalatinsk poliqonunda sınaqlar dayandırıldığı gün

Müharibələr, aclıq, repressiyalar və nüvə sınaqları ilə qısaldılmış bir əsrdə təkcə atom bombaları deyil, bütöv xalqlar da sınaqdan keçirildi. O illərin Qazaxıstanında çox sayda yazıçı və dilçi, siyasət və mədəniyyət xadimləri məhv edildi. Onların adları bu günə qədər millətin yarımçıq qalmış bioqrafiyasının itirilmiş imkanlarını simvolizə edir.

Hər şeyə rəğmən sağ qalmaq

Bu formula XX əsrdə qazax xalqının tarixinə də tətbiq edilə bilər. Lakin heç nəyə baxmayaraq, xalq arasında qazax mədəniyyətinin dünya ilə bərabər səviyyədə danışmaq hüququnu sınaqdan keçirən qəhrəmanlar meydana çıxdı. Dünyanı onların sözlərini eşitməyə və cavab verməyə məcbur edə bildilər.

Oljas Süleymenovun yaradıcılığı sayəsində 1960-cı illərdən etibarən Qazaxıstanda ictimai şüurun sağalması baş verdi. Və nəticədə 1980-ci illərin sonunda 40 illik nüvə sınaqlarından sonra xalqın fiziki sağalması başladı.

Qazaxıstan üçün 1960-1970-1980-ci illər – tarixi yaddaşın və ləyaqətin qazanıldığı üç onillik oldu. Çokan Valixanov, Abay, Şakarim, Muxtar Auezov, “Alaş” ziyalıları ilə bağlı mədəni ənənə və xatirələrlə qeyd olunmuş torpaqda sürgün olmamaq tarixi hüququnun dərk edildiyi onilliklər…

Otuz il bir nəsli ölçür. Onun qəhrəmanları demək olar ki, mümkün olmayanı etdilər, bu illər ərzində tarixi ekstremal anında ayağa qalxan və yer üzündə həyata ümumi təhlükəyə qarşı çıxan bir xalq nəsli yetişdirdilər.

1989-cu ilin noyabrında “Nevada-Semipalatinsk” hərəkatının nümayəndələri Qaraqanda şaxtaçılarının tətilinin təşkilində iştirak etdilər. Təşkilatçıların tələbləri əsasən iqtisadi idi. Nevadalılar əsas bəndin – nüvə yüklərinin sınaqlarının dayandırılmasının siyahıya daxil olunmasında israr etdilər. O il “Nevada”nın aksiyaları planlaşdırılan 18 bombadan 11-nin sınağını dayandırdı. Sonuncu, 7-ci partlayış 19 oktyabrda – tətil hələ davam edərkən baş verdi.

Hərəkat və onun lideri belə bir tələblə çıxış etdi: “Biz 19 oktyabr 1989-cu il partlayışını sınaqlar tarixində sonuncu hesab edirik. Əgər daha bir partlayış baş verərsə, tətil SSRİ prezidentinin sınaqların tam başa çatması barədə fərmanına qədər davam edəcək. Bizim tətilimizə Qazaxıstan SSR-in bütün iri müəssisələri qoşulacaq”.

Onlar bu müraciəti təcili məktubla Moskvaya göndərdilər. Və bu, təsir etdi. Yeddinci partlayış sonuncu oldu və 40 il nüvə lənətindən əziyyət çəkən Qazaxıstan torpağında sülhün gəlişini qeyd etdi.

Semipalatinsk poliqonunda bir daha heç bir sınaq keçirilmədi.

Bu tarixi – 19 oktyabrı çoxdan Qazaxıstanın əlamətdar və xatirə günləri təqviminə daxil etmək lazımdır. Qazax fəhlələrinin tarixə öz anlayışlarını nümayiş etdirdikləri gün.

Dünyanın yaddaşı

Hərəkat təkcə Qazaxıstan xalqını deyil, dünyanın demək olar ki, bütün antinüvə hərəkatlarını birləşdirdi. Onun fəaliyyəti nəticəsində 19 oktyabr 1989-cu ildə Semipalatinsk poliqonunda sınaqlar dayandırıldı, sonra dünyanın bütün beş poliqonu susdu, Qlobal Antinüvə Alyansı yaradıldı, Alma-Atada “Dünyanın seçiciləri nüvə silahına qarşı” konqresi keçirildi. Beləliklə, Qazaxıstan xalqı öz 40 illik ağrısını dünyanın ümumi ağrısı kimi qəbul etdi.

Hərəkat dünyaya nüvə sonundan imtina etmək – gələcəyə doğru öz marşrutunu davam etdirmək şansı bəxş etdi. Təsadüfi deyil ki, “Nevada”nın arxivləri “Dünya yaddaşı” bəşəriyyətin sənədli irsinin reyestrinə daxil edilib. Bu il hərəkatın 35 yaşı tamam olur.

Oljas Süleymenov “Belə olub…” kitabında “Sülhü seçənlər nüvə silahına qarşı” konqresinin keçirilməsini və ondan sonra baş verənləri belə xatırlayır: “…Təmiz niyyətlər, əməllər və ümid oksigeni ilə dolu konqresin ümumi atmosferi. Biz bunu özümüzdə hiss etmək imkanı qazandıq. Ola bilsin ki, kimsə bu anda sakitcə özünə karyera qururdu, amma biz gizlənmədən yeni dünyanın və onun ümidlərinin yaradılmasında iştirak edirdik.

Seçicilər və parlamentarilərin ilham dolu toplaşdığı dolu konqres zalını unutmaq olmaz! Heç bir darıxdırıcı məruzə, kağızdan oxunan heç bir nitq yox idi! Heç bir ittiham, şikayət, lənət yox idi. Yeni reallıq barədə peşəkarcasına və improvizə edərək danışırdılar – Semipalatinsk poliqonu susur, Novaya Zemlya poliqonu susur. Sovet İttifaqı sınaqları dayandırır, bəlkə də artıq dayandırıb! “Növbə bizimdir!”

“Əgər şairlərinin qüruruu qoruya bilsən,

Deyərəm ki, sən böyüksən, xalqım, qəhrəmanım!”

(Oljas Süleymenov, 1962)

Sona yaxın ömrünün çoxunu ABŞ nüvə silahına həsr etmiş keçmiş general söz aldı. Təqaüdə çıxdıqdan sonra antimüharibə hərəkatına qoşulub və fəal fəaliyyəti ilə nüfuz qazanıb. O, çıxışını bitirərkən xatırlatdı ki, Nobel Sülh mükafatına namizədlərin irəli sürülməsi müddəti başa çatır: təqdimat artıq oktyabrdadır. Gecikə bilərik, amma bu mükafata layiq ən vacib hadisə, əlbəttə ki, nüvə silahı sınaqlarının dayandırılmasıdır. Bu mükafata “Konfransın “Nevada-Semipalatinsk” hərəkatının rəhbəri Oljas Süleymenovun namizədliyinin irəli sürməsini təklif edirəm!”

Zal generalın təklifini bir dəqiqə dəstəklədi.

Mən tribunaya çıxdım. Yekun sözümün əsas tezislərini xatırlayıram:

“Biz əmin olduq ki, xalq diplomatiyasını parlament diplomatiyası ilə birləşdirsək, çox şeyə nail ola bilərik. Dünyanın bütün antinüvə, antimüharibə təşkilatlarını Qlobal Alyansda birləşdirsək, daha çox şeyə nail ola bilərik. Təsis konfransı Nyu-Yorkda, BMT-nin Baş Qərargahının zalında keçirilməlidir. Belə bir simvolika Alyansa əlavə enerji verəcək.

Gələcək Alyansın hər bir iştirakçısı ümumi fəaliyyətimizin strategiyasını bilməlidir. Biz hakimiyyət və hökumətlərlə mübarizə aparmırıq. Biz seçicilərin seçilənə təsirli olduğu ölkələrdə işləyəcəyik. Seçici deputatlığa, konqresə, senata, Atom klubu ölkələrinin bütün parlamentlərinə namizəddən öz proqramlarına vahid tapşırıq daxil etməyi – kütləvi qırğın silahına, ilk növbədə nüvə silahına qarşı çıxmağı tələb etməlidir. Belə bir tapşırığı prezident və ya baş nazir vəzifəsinə hər bir namizəd öz seçicilərindən almalıdır.

Nobel mükafatına gəlincə, – mən başımın üstündə açıq əlimi qaldırdım. Bu, bizim Hərəkatın jesti – Yerin beş poliqonuna qarşı etirazdır. Hələlik yalnız ikisi susub. İşimiz davam edir: biz qalanları da – Nevada ştatında, Mururoa atollunda, Lobnor səhrasında dayandırmalıyıq. Gəlin bütün poliqonları dayandıraq. Və bu baş verəndə biz özümüz Nobel komitəsinə gələcəyik və öz mükafatımızı tələb edəcəyik!”

Zal bunu generaldan daha çox alqışladı.

ABŞ-yə qayıtdıqdan sonra general, görünür, öz təşkilatının bu ilin mükafatını əldən verməyəcəyinə inandırdı. O, vətənə qayıtdıqdan dərhal sonra namizədliyin irəli sürülməsi baş tutdu. Sınaqların azaldılması ilə nəticələnən nüvə əleyhinə aktiv fəaliyyətinə görə Generalın namizədliyini irəli sürdülər.

“İtkin düşmüş” mükafatlar

Amerikalı tərəfdaşlar, yəqin ki, baş verənlərdən narahatlıq keçirdilər. Bir neçə ay sonra mənə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri Uzakpay Karamanov zəng etdi və sevinclə dedi: “Oljas! Müjdə! Sənin adına dəftərxanaya hansısa ABŞ fondundan 628 min dollar məbləğində pul köçürməsi gəlib!”

(Sonradan başa düşdüm ki, bu, amerikalıların mənim Nobel mükafatından imtina etməyimə cavabı idi. Bir növ kompensasiya. Yəqin ki, əvvəlcə yuvarlaq olan məbləğin bir hissəsi, Nobeldəki kimi, vergilərə gedib).

– Yaxşı xəbərdir! Yarım litr araq məndən. Mükafatı almağa nə vaxt gəlim?

– Bu gün prezidentə məruzə edəcəyəm, lazımi qaydada rəsmiləşdirəcəyik və sizi dəvət edəcəyik.

O, prezidentə məruzə etdi. Və işdən çıxarıldı.

Pulu mənimsədilər. Görünür, dollara çox ehtiyacları var idi. Amerikalılar çaşqın qaldılar, çünki heç bir cavab və təşəkkür almadılar.

İlk Fəxri Legion Ordeni

Oxşar hadisə sonradan Fransa mükafatı ilə də baş verdi. Fransanın Qazaxıstandakı ilk səfiri Bertran Fessar de Fuko 1992-ci ilin payızında mənə xəbər verdi ki, prezident Mitteran Pekinə gedərkən bir neçə saatlığa Alma-Atada dayanmaq qərarına gəlib. Və mənə nüvə əleyhinə fəaliyyətimə görə mükafat – Fəxri Legion Ordeni təqdim etmək istəyir.

“Təqdimat səhər saat 11-də olacaq. Amma səfirlikdə yox. Sizi dəvət edəcəklər. Saat 12-də cənab Prezident hava limanına yola düşəcək”.

Mitteran təyin olunmuş vaxtda gəldi. Mən oturub zəngi gözləyirəm. Sakitlikdir.

Məlum oldu ki, Nazarbayev onu qarşılayıb və “Süleymenovun indi səfərdə olduğunu” bildirib. Mitteran ordeni qoyub gedib ki, mən qayıdanda versinlər. Və Pekinə uçub.

Tezliklə səfirlə görüşdüm və soruşuram: “Bəs orden hanı?”

Fuko çiyinlərini çəkdi. O, burada nə baş verdiyini başa düşdü.

Bir müddət sonra Qazaxıstan rəhbərliyi XİN vasitəsilə səfirin Fransaya geri çağırılmasında təkid etdi…”

Oljas Süleymanov: “Belə olub…”

30 il sonra (bu müddətdə artıq yeni nəsil böyüyüb) ədalət bərpa olundu. 2022-ci ildə Fransa Respublikasının yeni prezidenti Oljas Omaroviçin zabit dərəcəsində Fəxri Legion Ordeni ilə təltif edilməsi barədə sərəncam imzaladı.

Əlbəttə, Oljas Süleymenov bunları orden və ya fəxri adlar almaq üçün etməyib. Bütün bunlar yalnız qəhrəmana xas olanlardır: “Xidmətlərə görə” ordeni (İnquşetiya), “Yaroslav Mudrı” ordeni V dərəcə (Ukrayna), “Şöhrət” ordeni (Azərbaycan), İncəsənət və ədəbiyyat ordeni (Fransa), “Dostluq” ordeni (Azərbaycan), Qazaxıstanın Əmək Qəhrəmanı adı, Günəş şüası ordeni (Yaponiya), “Şərəf” ordeni (Azərbaycan).

Əsrdə bir dəfə dövr elə bir insan seçir ki, o, əsrlərə ünvanlanan sözləri açaraq nəsillərin mənası və bəraəti olan hərəkətlər edir. Amma biz daxilərdən hansına onların tarixi roluna uyğun yanaşmışıq?

Ölkə dünyanın tanıdığı və eşitdiyi qəhrəmanları ilə fəxr etməlidir. Hər birinə görə bütöv bir xalq haqqında mühakimə yürüdürlər.

Master ol və xalqın hörmət qazansın. Budur Oljas Süleymenovun hamıya açıq olan vətənpərvərlik düsturu.

“Bakinski raboçi” qəzeti 20 yanvar 2024-cü il tarixli “Dünya vətəndaşı” məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin qazax şairinə ünvanladığı sözləri dərc edib: “Ölkəmiz üçün ən çətin vaxtlarda siz Azərbaycan xalqının yanında oldunuz… Biz bunu unutmuruq və yüksək qiymətləndiririk. Azərbaycan xalqı sizi, yaradıcılığınızı sevir. Sizin vətəndaş mövqeyiniz böyük hörmətə layiqdir”.

 

İqor KRUPKO
Fəlsəfə doktoru, UNESCO himayəsi altında mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq mərkəzin direktor müavini

Tərcümə edən: Xanım Aydın

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button