Sergey Markov: “Paşinyan Qarabağ iddialarından tamamilə imtina etməyə hazırdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Litvaya səfəri zamanı Litvanın erməni icmasının nümayəndələri ilə görüşüb.

Ermənistanın baş naziri Ermənistanın ərazi bütövlüyünün və Qarabağ ermənilərinin “hüquqlarının qorunması” ilə bağlı standart bəyanatlara əlavə olaraq qeyd edib ki, artıq o, “sülh inkişafı erasını” başlamağa ehtiyac görür.

Daha əvvəl isə Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirmişdi.

Azərbaycanın dövlət başçısı isə Ermənistan baş nazirinin sözlərini müsbət qiymətləndirərək, Ermənistan tərəfinin Azərbaycanın gündəmini qəbul etdiyini qeyd etmişdi.

Eyni zamanda məlumdur ki, ATƏT-in himayəsi altında olacaq danışıqlardan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında şəxsi görüş keçiriləcək.

Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Moskvada Cənubi Qafqaz regionunda münaqişədən sonrakı yenidənqurma işlərini müzakirə ediblər.

Bu gün Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov oxu.az-ın suallarını cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında birbaşa danışıqlardan nə gözləmək olar?

İki lider arasında birbaşa danışıqlar baş tutarsa, onların əvvəldən müəyyən hazırlıqları olacaq və demək ki, hansısa ilkin qərarlar qəbul ediləcək. Azərbaycan və Ermənistan başçıları isə onları səsləndirəcəklər. Bütün bunlar o deməkdir ki, danışıqlar həqiqətən də gedir və onlar nəticə verməyə yaxındır. Bu, əlbəttə ki, hər kəs üçün çox yaxşı xəbərdir.

Bəs mümkün nəticələr nə ola bilər?

Mənə elə gəlir ki, bu, 10 noyabr tarixli üçtərəfli bəyanatda səsləndirilən parametrlər üzrə irəliləyiş ola bilər. Söhbət nəqliyyat əlaqələrinin blokdan çıxarılması və humanitar problemlərin həllindən gedir.

Yeri gəlmişkən, Nikol Paşinyan Litvanın erməni icması ilə görüşdə “sülh inkişafı erasının” başlamasından danışdı…

Bəli, bu müsbət bir açıqlamadır. Mən hesab edirəm ki, Nikol Paşinyan həqiqətən də ötən ilin noyabrında Moskvada əldə edilmiş sülh sazişlərinin həyata keçirilməsinə yönəlib. Paşinyan Qarabağ iddialarından tamamilə imtina etməyə hazırdır. Amma bunun üçün ona vaxt lazımdır, çünki erməni ictimai rəyi bunun əleyhinə olacaq.

Erməni cəmiyyəti və diaspora müharibədən sonra ərazilərin öz sahiblərinə geri qayıtmasını həzm etməlidir.

Bundan sonra isə artıq kommunikasiyaların açılmasına və digər məsələlərə öyrəşməli olacaqlar.

Nikol Paşinyan əraziləri Azərbaycana “təslim etməyinə” baxmayaraq, Ermənistanda keçirilən iyun seçkilərində seçicilərdən böyük dəstək aldı. Aydındır ki, torpaqlar Azərbaycan silahlı qüvvələrinin gücü sayəsində geri alındı. Buna rəğmən, Ermənistan ordusunun zəif olmasında Ermənistan baş nazirinin böyük ölçüdə günahı var. Təbii ki, Qarabağa olan iddialardan imtina edən N.Paşinyan şərtlər irəli sürməyə çalışacaq, ilk növbədə söhbət Qarabağ erməniləri üçün hansısa muxtariyyət elementindən gedir. Ancaq ümumilikdə, o, konstruktiv addımlara hazırdır. Ermənistanın baş naziri başa düşür ki, bütün Qarabağ Azərbaycandır. Bu qaçılmaz bir nəticədir və buna razılaşmaq məcburiyyətində qalacaq.

Siz “təslim etmək”, iddialardan imtina etmək dedikdə ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutursuz?

Bəli, ancaq yalnız o deyil. Həmçinin Azərbaycan hakimiyyətinin Qarabağın bütün ərazisinə nəzarət etdiyini qəbul etməyi nəzərdə tuturam. Bunlar fərqli məsələlərdir. Ərazi bütövlüyünü tanımaq bir məsələdir, amma Qarabağdakı hər bir inzibati binanın üzərində Azərbaycan bayrağının dalğalanacağını tanımaq isə başqa bir şeydir.  Ona görə mən demək istəyirəm ki, N.Paşinyan bu iki punktı qəbul etməyə hazırdır.

Ermənistandakı müxalifət vəziyyətə hansısa bir təsir edə bilərmi? Ermənistan hökumətinin sabiq nümayəndəsi, Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov gündəmdə heç bir sülh məsələsinin olmadığını deyərək Türkiyə və Azərbaycanla məzmunlu danışıqlara qarşı çıxış edib.

Bəli, onlar sülhə doğru irəliləməyə aktiv şəkildə mane olurlar. N. Paşinyanın vəzifəsi vəziyyəti dəyişməkdir. Türkiyə və Azərbaycanla sülh gündəmini rədd etmək mövqeyinə sadiq qalanların məhz onun rəqibləri olması xarakterikdir məqamdır. Ermənistanı Azərbaycan və Türkiyə ilə sülhə aparan Nikol Paşinyan eyni zamanda öz rəqiblərini əzəcək.

Hamısını Göstər

Related Articles

Back to top button
Close