Silahlı terrorçuları Laçın dəhlizindən Qarabağa buraxan sülhməramlılar(mı?)

Erməni diversantların açıqladığı şok fakt Rusiya sülhməramlılarının missiyasına uyğun olmayan fəaliyyətini ortaya çıxartdı.

Bakıda erməni diversantların məhkəməsi davam edir. Məhkəmə prosesində azərbaycanlılara qarşı amansız işgəncə faktlarının açıqlanması erməni terrorçularını himayə edən və onların “dərhal” azadlığa buraxılması tələbilə absurd tələb irəli sürənlərin susması üçün yetərlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki son proseslərin birində ifadə verən diversantlar Azərbaycan ərazisinə necə keçdikləri barədə danışıblar. Təqsirləndirilən Asetryan Gevorq Norairoviç öz ifadəsində ilginc fakt açıqlayıb.  Bildirib ki, noyabrın 27-də (10 noyabr Bəyannaməsindən 17 gün sonra-E.P.) onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiriblər. “Laçında səhərin açılmağını gözlədik. Səhər açıldı, qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadan, yola saldılar”, deyən Asetryan Rusiya sülhməramlılarının öz missiyasını yetərincə yerinə yetirmədiyi barədə konkret fakt aşkarlayıb. İndi kim zəmanət verə bilər ki, ötən 7 ayda da Rusiya sülhməramlıları erməni silahlı terrorçuların ərazimizə keçməsinə şərait yaratmayıb? Elə bu günlərdə erməni mənbələri məlumat yaydı ki, hətta 3-cü ölkə vətəndaşı olan ermənilər “Artsaxın polis qüvvələrində” xidmət adı ilə Qarabağa keçiblər. Bu da absurd və əcaibdir. Əvvəla, hansı “polis qüvvələri”? Qarabağda belə bir legitim güc strukturu yoxdur. Demək, rus əsgərləri bütün bunlara göz yumur. Azərbaycana qarşı belə təxribatlar nə qədər davam edəcək? Nəhayət, Bakı “Laçın dəhlizi”nə birgə nəzarət məsələsini masaya qoyacaqmı? Mövcud vəziyyətdən çıxış yolu nədir?

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Hərbi ekspert: “Azərbaycan yaxın vaxtlarda Laçın dəhlizi və digər məsələlərlə bağlı sülhməramlıların rəsmilərinə çox ciddi sorğular ünvanlayacaq”

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, erməni diversantların Bakıda verdikləri ifadələr 100 faizi də olmasa, bir çox məqamları ilə diqqəti cəlb edir və onlar üzərində düşünməyə dəyər: “Yəni erməni harada olmasından asılı olmayaraq erməni kimi qalır və xislətinə uyğun olaraq canını qurtarmaq üçün müxtəlif tülkülüklər, hiylələr işlədir. Bakıdakı məhkəmə prosesində də onların bəzi ifadələri diqqəti cəlb edəndir və hesab edirəm ki, Rusiya sülhməramlıları ilə bağlı məqam həqiqətə daha çox yaxındır və bu məsələ ciddi şəkildə qiymətləndirilməlidir. Şəxsən mən onu bilirəm ki, həqiqətən də Rusiya sülhməramlıları öz vəzifə borclarına bir çox hallarda səhlənkar, etinadsız yanaşırlar. Sözsüz ki, bu da diqqətdən kənar qala bilməz və qalmayacaq. Bəli bir zamanda, bizim də səbr kasamız daşa bilər və biz ruslara daha sərt və qəti formada öz narazılığımızı bildirə bilərik və böyük ehtimalla bağlı qapılar arxasında görüşlərdə bu cür məqamlara da dartılışır. Bəli, bu gün ən ağır şərtlər altında qanun qarşısında cavadehlik daşıyan ermənilərin bədbəxtliyinin başında əgər özlərinin ağılsızlığı dayanırsa, daha böyük mənəvi və hüquqi məsuliyyət rusiyalı sülhməramlıların üzərinə düşür. Erməni anaları məhz onlara ”çox sağ ol” deməlidirlər”.

Polkovnik Cəfərov qeyd etdi ki, rus əsgərləri çox məsələlərə göz yumur: “Biz bunu da bilirik: sıravi və ya daha yüksək rütbəli rus hərbçisi özbaşına deyil ki, keyfi nə istədi onu da etsin. Yəqin ki, rus generalları Moskvadan və ya Rostovdan, tabeçiliyində olduqları Cənub Federal Hərbi Dairəsinin komandanlığından aldıqları təlimat əsasında hərəkət edirlər. Deməli, erməni diversantlarının hərəkəti üçün rəsmi Moskva ”yaşıl işıq” yandırıb və onlar da düşüncəsiz şəkildə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə soxulduqlarına görə zərərsizləşdiriliblər, layiq olduqları cəzanı da alırlar. Belə davam edəcəyi təqdirdə, ermənilər və ruslar bundan sonra da daha pis vəziyyətə düşəcəklər”. Ü.Cəfərov əmindir ki, Azərbaycan yaxın vaxtlara Laçın dəhlizi və digər məsələlərlə bağlı bağlı sülhməramlıların rəsmilərinə və rəsmi Moskvaya çox ciddi sorğular ünvanlayacaq: “Şəxsən mənim zərrə qədər şübhəm yoxdur ki, ermənilər özlərini də, havadarlarını da beynəlxalq arenada əməlli-başlı rüsvay edəcəklər. Artıq bir neçə konkret faktlar və misallar mövcuddur. Fikrimcə, erməni diversantların bu məhkəməsindən sonra onlar özləri və Ermənistanın siyasi-hərbi rəhbərliyi bir qədər ehtiyatlı və diqqətli olmağa məcbur olacaqlar. Həm də onların məhkəmədəki bir sıra etirafları rusiyalı sülhməramlıların beynəlxalq imicinə də ciddi zərbədir. Bu da elə-belə ötüşməz. Yaxın aylarda biz bu gün məhkəmədə səslənən bəzi fikirlərin əks-sədasını bir sıra ciddi danışıqlarda eşidəcəyik”.

Göründüyü kimi, prosesləri yaxından təqib edən qiymətli ekspertimiz həyəcan təbili çalır və arqumentləri çox ciddidir. Odur ki, Laçın dəhlizinə birgə nəzarət məsələsinin gündəmə gələcəyi şübhə doğurmur…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close