Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq

Slovakiyanın yeni Baş naziri Robert Fitso ölkəsinin Ukraynaya hərbi yardımını dayandıracağını elan edib.

Polise.az  xəbər verir ki, Baş nazir bu barədə yeni seçilmiş parlamentin ilk iclasında söyləyib. O bildirib ki, yeni hökumət Slovakiyanın Ukraynaya dəstəyini yalnız humanitar və mülki yardım kimi görür, artıq silah-sursat yardımı etməyəcək. “Ukraynadakı müharibə bizim deyil, bizim müharibə ilə heç bir işimiz yoxdur”, – deyən hökumət başçısı hərbi əməliyyatların dayandırılmasının Ukrayna üçün ən yaxşı variant olduğunu və Aİ-nin silah tədarükçüsündən sülh vasitəçisinə çevrilməsinin önəmini vurğulayıb.

Bu mövqeyi ilə R. Fitso hələ seçki kampaniyası vaxtı öz seçicilərinə verdiyi vədi yerinə yetirmək niyyətindədir. Sentyabrın 30-da baş tutan növbədənkənar parlament seçkilərində qalib gələn “İstiqamət – Sosial-Demokratiya” (Smer-SD) partiyasının rəhbəri hakimiyyətə gələcəkləri təqdirdə Ukraynaya silah tədarükünə son verəcəklərini ifadə etmişdi.

Ekspertlər hesab edirlər ki, Slovakiya hökumətinin bu qərarı Ukraynaya göstərilən hərbi yardımın həcminin digər ölkələrlə müqayisədə az olması səbəbindən münaqişəyə ciddi təsir göstərməyəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button