Sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanıldı
Qazaxda sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Qazax rayon ərazisində yürüş keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimlikləri müəyyən edilib.
Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri Ş.Almazova və Kamal Əliyev müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar ediblər. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, onlarla profilaktiki söhbət aparılaraq, ciddi xəbərdarlıq edilib.