“Sülh müqaviləsinin imzalanmasına Rusiya hazır deyil” – “İndiki vəziyyət Rusiyanın burada daha sərbəst hərəkətinə imkan verir”

Cənubi Qafqaz yeni qərarlara şahidlik etmək ərəfəsindədir. Əksər siyasi analitiklər hesab edirlər ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə dair siyasi iradə ortaya qoyulacaq, Zəngəzur dəhlizi daxil olmaqla regionda kommunikasiyalar açılacaq, hətta bir sıra yaşayış məntəqələri Azərbaycana qaytarılacaq. Bununla da bölgədə sabit dövr başlanacaq. Bəs, bu gözləntilər özünü tezlikləmi doğruldacaq?

“AzPolitika.info” bu mövzu ətrafında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, analitik Arif Əliyevlə söhbətləşib:

– Arif müəllim, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri, Prezident Ərdoğanın Soçidə Putinlə görüşü, habelə Ərdoğanın Füzili və Zəngilana səfərləri fonunda Azərbaycan və Rusiya prezidentlərilə Ermənistan Baş nazirinin Moskvada görüşəcəyi haqda xəbərlər dolaşmaqdadır. Baş tutacağı təqdirdə bu görüşdən böyük gözləntilər var. Sizcə, hazırda Cənubi Qafqazda hansı proses gedir və bu prosesdən hansı nəticələri gözləmək olar?

– Bütövlükdə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni düzənin oturuşması və maraqlı dövlətlərin buna uyğun olaraq siyasətini qurması prosesi gedir. Aydındır ki, müharibə bölgədə Rusiya və Türkiyənin mövqeyinin möhkəmlənməsinə, eləcə də Avropanın mövqeyinin zəifləməsinə gətirib çıxardı. ABŞ isə demək olar ki, könüllü surətdə prosesdən bir qədər kənarda qaldı.

İndiki mərhələdə görünən odur ki, Avropa və ABŞ-ın prosesə yenidən cəlb olunmaq cəhdləri, mövqelərini möhkəmləndirmək istəkləri var. Eyni zamanda Türkiyə və Rusiya arasındakı münasibətlərin formalaşması prosesi gedir. Çünki bu münasibətlər yalnız Cənubi Qafqazla məhdudlaşmır, ərəb ölkələrinə qədər gedib çıxır.

Əlbəttə, bölgədə proseslərin hansı istiqamətdə getdiyini açıq söyləmək bir qədər çətindir. Çünki aşkar görünür ki, müəyyən razılaşmalar var və bir çox məsələlər hələ müzakirə edilir. Lakin razılaşmaların hansı mərhələyə qədər öz qüvvəsində qalacağını söyləmək çətindir. Dövlətlər arasında münasibətlər, ümumilikdə siyasət elədir ki, orada hər şeyə əmin olmaq sadəlövhlük olardı. Görünən odur ki, Ankara və Moskva arasında müəyyən razılıqların olmasına baxmayaraq, həm də rəqabət mövcuddur. Hər iki ölkə birlikdə Avropa və ABŞ-ın Cənubi Qafqazda mövqelərinin bərkisiməsinə razı deyillər.

Azərbaycan və Ermənistanın rollarına gəldikdə, məncə, İrəvan hökuməti anlayır ki, indiki vəziyyətdə situasiyanı stabilləşdirmək və inkişafı təmin etmək yolu Azərbaycanla münasibətləri həll etməkdən keçir. Nikol Paşinyanın bəzi hərəkətlərindən, qəbul edilən qərarlardan və bəyanatlardan da bunu görmək olur. Amma məndə belə təsəvvür var ki, Azərbaycan tərəddüd içindədir və bu da böyük ehtimalla kənar güclərin bölgəyə təsirindən irəli gəlir. Bütün bu illər ərzində Azərbaycan rəhbərliyi bu sahədə çox ehtiyatlı davranıb və bunu nümayiş etdirməkdə davam edir. Ermənistanın fərqi ondadır ki, İrəvan əvvəldə ehtiyatlı olmamışdı, indi isə artıq onun ehtiyatlı davranması üçün ciddi resursları qalmayıb. Ölkənin nə iqtisadi, nə hərbi, nə də demoqrafik cəhətdən əvvəlki resursları yoxdur. Odur ki, İrəvan üçün tələsik addım atmaq daha vacibdir.

– Ermənistanın tələsik addım atması deyərkən sərhədlərin delimitasiya və demarkasiyasını nəzərdə tutursunuz?

– Əslində sərhədlərin müəyyənləşdirilməsinə başlanması onun yekunlaşdırılmasından daha böyük əhəmiyyət kəsb edir. Çünki istənilən halda demarkasiya və delimitasiya bir-birinin davamı olacaq və bunların paralel getməsi inandırıcı deyil.

Digər tərəfdən, bu proses adətən mübahisəli və uzun müdətlidir. Bu, o demək deyil ki, xətti çəkdin və müqaviləni imzaladın. Hələ bu prosesin başlanması zamanı hansı xəritələrin əsas götürüləcəyi sual altındadır. Yalnız “sovet xəritələri” deməklə iş bitmir. Çünki sovet xəritələrinin özlərində də kifayət qədər problemlər var. Bu xəritələr gah o tərəfə, gah da bu tərəfə çəkilib. Odur ki, bu proses bir neçə ayın məsələsi deyil. Dost ölkə Gürcüstanla bizim aramızda demarkasiya prosesi hələ də davam edir. Rusiya ilə yenicə yekunaşıb. Yəni buna qısa müddətli proses kimi baxmaq, onun tezliklə baş verməsini və birdəfəlik həll olunacağını gözləmək, ümumiyyətlə məsələyə bu cür baxmaq doğru olmazdı.

Ermənistan üçün prosesin başlanması ona görə vacibdir ki, öz sərhədlərinin dayanıqlığını təmin etsin, xüsusilə, hərbi baxımdan zəif olduğu şəraitdə müəyyən zəmanətləralsın. Həm də bir həqiqət var ki, istənilən müharibə sülh sazişi imzlanmadan sona çatmış sayılmır.

– Demək istəyirsiniz ki, hələ müharibənin başa çatması haqda danışmaq tezdir?

– Deyərdim ki, hər halda müharibə sülhlə nəticələnməyib. 2020-ci ilin 10 noyabrında imzalanan sənədi müxtəlif formada səsləndirmək olar, amma bu, bir bəyanatdır. Bu sənədin əsasında heç Rusiya sülhməramlılarının buradakı statusunu belə müəyyən etmək mümkün deyil. Ona görə də Rusiya öz sülhməramlıları üçün əlavə status tələb edir. Hələ digər çoxşaxəli və mürəkkəb məsələlər var.

Yəni uzun illər müharibə, intensiv hərbi əməliyyat aparan iki tərəf arasında hələ də sülh müqaviləsi, bir-birinin suverenliyinin tanınması, diplomatik əlaqələr və s. mövcud deyil. Bu səbəbdən də bəzən biz qoşunların təmas bölgəsində çox mürəkkəb situasiyalar yaşamalı oluruq. Dəfələrlə görmüşük ki, bu cür gərginliklər arta-arta sonda böyük əməliyyatlara çevrilir. Bütün təhlükələr o zaman aradan qaldırılmış olar ki, ortada imzalanmış sülh sənədi olsun, sadəcə bəyanatlar yox. Biz bilirik ki, tərəflərin yanaşmasında, mövqeyində xeyli fərqlər var. Məsələn, Ermənistan bu gün də səsləndirir ki, Qarabağın Azərbaycanın tərkibində olması müzakirə mövzsu deyil, yəni separatçıların müstəqilliyi tanınmalıdır. Məgər, əvvəlcədən Qarabağda müharibəyə belə çağırışlar səbəb olmamışdı? Bu mənada deyə bilmərik ki, müharibə bitdi və biz bu gündən sülh əməliyyatlarına başlayırıq.

– Son xəbərlər belədir ki, Qazaxın bir neçə kəndi, Naxçıvanın Kərki məntəqəsi və Zəngəzurda Ermənistanın nəzarətində olan bəzi kəndlər demarkasiya prosesi zamanı Azərbaycana qaytarılacaq. Bunu nə dərəcədə real saymaq olar?

– Tam inandırıcıdır. Əvvəla, bunların bəzisi rəsmi şəkildə işğal olunan kəndlərdir. İlk işğal faktı da Qazaxda olmuşdu. Bu məsələlərin gündəmdə olduğu və müzakirə edildiyi bəllidir. Onların qaytarılması və ya dəyişdirilməsi məsələsi də müzakirə olunub. Çünki bunların böyük qismi anklav vəziyyətindədir. Başqa sözlə, biz bir-birimizin ərazisindəyik. Eləcə də Ermənistanın Gədəbəydə Azərbaycan ərazisində olan anklav kəndi var idı. Təbii ki, bu məsələlər kompleks şəkildə müzakirə ediləcək. Və onların geri qaytarılmaması üçün Ermənistanın əlində heç bir tutarlı səbəb yoxdur.

O ki qaldı Qarabağ münaqişəsindən öncə və hansısa dövrlərdə Ermənistana verilən kəndlərin geri qaytarılmasına, açığı inanmıram ki, məsələ o səviyyəyə getsin. Məncə, indi müzakirə edilən məsələlər Sovet İttifaqının dağıldığı illərdən başlayan problemlərlə əlaqəlidir. Odur ki, daha əvvəlki məsələlərin bu prosesə qatılmasına inanmıram. Həm də burada həlli çətin olan məsələlər var. Niyə? Çünki biz hansı illəri son hədd olaraq götürəcəyik, hansı səviyyəyə qədər gedəcəyik? Biz belə addım-addım çar Rusiyasının regiona gəldiyi ana qədər gedib çıxa bilərik. Bu da çoxsaylı suallar yaradır.

– Sizcə, yaxın dövr üçün tərəflər arasında sülh müqaviləsi imzalana bilərmi, yoxsa Moskva bunda maraqlı deyil?

– Bu, çətin sualdır. Bunun üçün yəqin ki, Avropanın tutacağı mövqeyin və onun təkidlərinin də müəyyən rolu olacaq. Mənim fikrimcə, indiki mərhələdə sülh müqaviləsinin imzalanmasına bizdən çox Rusiya hazır deyil. İndiki vəziyyət Rusiyanın burada daha sərbəst hərəkətinə imkan verir.

Hazırkı mərhələdə qismən Minsk Qrupunun ardıcıl səhvləri və ABŞ-ın “başısoyuqluğu” sayəsində Rusiyanın bölgədəki rolu artıb. Onun buradakı imkanları real imkanlardır, sadəcə siyasi imkanlar deyil. Rusiya qoşunu ölkə ərazisinin müəyyən hissəsindədir. Bəyanatla buranı onun əlindən almaq mümkün deyil. Biz bunu Rusiyanın davranışlarından da görürük. Odur ki, bu faktor yaxın vaxtlarda uğurun əldə olunmasına az əsas verir.

Başqa sözlə, mən prosesin daha uzun vaxt aparacağını düşünürəm, tezliklə bizim üçün müsbət hesab edəcəyimiz ciddi nəticələri görəcəyimizə inanmıram. Məncə, xəmir hələ çox su aparacaq və hədəfimizə addım-addım yaxınlaşmaq məcburiyyətindəyik. O mərhələ ki, biz problemi sürətlə və birdəfəlik həll edə bilərdik, artıq həmin mərhələ keçdi. İndi həm diplomatik, həm də iqtisadi baxımdan problemin həllinə uzun hazırlıq dövrü içindəyik. Söhbət ən azı üçtərəfli razılaşmada elan olunan 5 ildən gedir. Bu 5 il müddətində sülh müqaviləsinin imzalanması realdır, amma bütövlükdə prosesin başa çatması və problemlərin həll edilməsi uzun zaman aparacaq.

Hamısını Göstər

Related Articles

Back to top button