“Şuşa azad olan gün yenidən doğuldum” – Əhməd Abbasbəyli

Mayın 8-i Azərbaycan tarixində dərin iz buraxan günlərdən biridir. 1992-ci ildə Şuşa şəhərinin işğalı təkcə strateji deyil, həm də mədəni və mənəvi baxımdan böyük itki kimi yadda qalıb.
Mövzu ilə bağlı “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az- a açıqlama verib.
QHT.az açıqlamanı təqdim edir:
“Azərbaycan tarixinin ən faciəvi, mənfi mənada yadda qalan günlərindən biri məhz 8 May tarixidir. Azərbaycanın çox möhtəşəm şəhərlərindən biri, qürur mənbəyi, Azərbaycan şəhərlərinin mirvarisi, Qafqazın konservatoriyası olan Şuşa şəhərinin işğalı, eyni zamanda böyük dahilərin vətəni olan bir şəhərin işğalı o dövrdə hər bir Azərbaycan vətəndaşı üçün böyük bir sarsıntıya səbəb oldu və insanlar arasında çox ciddi mənəvi və psixoloji problemlər yaranmağa başladı, xüsusilə də, döyüşçülər arasında.
Bu gün biz bu hadisələri daha rahat dəyərləndirə bilirik. Proseslərə daha soyuqqanlı yanaşa bilirik və müxtəlif səpkidə qiymətləndirə bilirik. Çünki Şuşa bizimdir, biz Şuşadayıq və bu mənada həmin dövrlərə fərqli baxmaq mümkündür. Amma o dövrlərdə və işğal altında qalan otuz il ərzində hər bir Azərbaycan vətəndaşının üzərində çox ağır bir mənəvi yük var idi.
Xüsusilə deyim ki, həmin döyüşlərin birbaşa iştirakçısı, o itkinin göz ilə şahidi olan bir insan kimi mənim üçün bu ayrı bir mənəvi və psixoloji təsirə malik idi. Həmin döyüşlərin iştirakçısı olaraq mən də kiçik bir hərbi bölüyün rəisi, komandiri olmuşam və o döyüşlərdə iştirak etmişəm. Uzun müddət Şuşada olmuşam və sonuncu gününə qədər orada qalmışam.
Amma mən bir haşiyəyə çıxaraq demək istəyirəm ki, mən Şuşa işğaldan azad olunana qədər həmişə özümü bu proseslərin əsas günahkarlarından biri kimi bilmişəm. Çünki bu mənim üçün çox ağır bir itki idi. Mən Şuşalı olmasam da, Şuşanı ikinci doğma şəhərim hesab edirdim. Orada o qədər olmuşam, insanlarla o qədər ünsiyyətdə olmuşam ki, onu şəxsi itkim kimi qəbul edirdim. Bu mənim üçün çox ağır idi.
Şuşanın azad olunmağı isə mənim üçün böyük bir sevinc oldu və mən itirdiyim çox qiymətli bir şeyi yenidən tapmış kimi hiss etdim. Həmin gün mənə çox böyük təsir etdi, sanki yenidən doğuldum.
Və onu da deyim ki, Şuşa bütün o proseslərdə həm strateji baxımdan bir dönüş nöqtəsi oldu, həm də uğurlarımızın başlanğıcı oldu. Ondan sonra gələn uğurlar ardıcıl şəkildə davam etdi. Bu həm döyüşçülərimizə, həm də xalqımıza çox ciddi mənəvi və psixoloji təsir göstərdi.
Əgər bu prosesi soyuqqanlı şəkildə təhlil etsək, Şuşanın itkisini bir neçə kontekstdə izah etmək olar. Birinci, strateji mövqelərlə bağlı hərbi itki idi. İkinci, ölkə əhalisi ilə bağlı idi, qaçqın və köçkünlərin problemi, insanların evlərindən didərgin düşməsi, şəhərin boşaldılması və s.
Üçüncü itki mədəni irsə vurulan zərbə idi. Orada çox əhəmiyyətli tarixi abidələrimiz var idi. Bu gün də görürük ki, onların əksəriyyəti dağıdılıb. Vaqif məqbərəsindən tutmuş qədim məscidlərə, Şuşa qalasına, tarixi hamamlara, keçmiş bazara qədər çox şey zərər görüb. Xan nəslinə aid, Üzeyir Hacıbəyovla bağlı, Bülbüllə bağlı xatirələr silinməyə çalışılıb. Bu da Şuşa itkisini daha da ağırlaşdırdı.
İndi isə əsas məsələlərə gəlirəm. Bunun ən böyük təsiri dünyada və ölkə daxilində siyasi təsir idi. Şuşa hadisələrindən sonra ölkə daxilində ciddi proseslər baş verdi, hakimiyyət dəyişikliyi və digər dəyişikliklər buna təkan verdi. Beynəlxalq arenada Azərbaycanın nüfuzuna ciddi təsir oldu. Azərbaycan zəif tərəf kimi təqdim olunmağa başladı, həm siyasi, həm hərbi baxımdan.
Hərbi sahədə və dövlət idarəetməsində qeyri-müəyyənlik, bəzi yerlərdə idarəçiliyin zəifliyi, komandanlıq boşluqları prosesə ciddi təsir etdi və bu da sonrakı məğlubiyyətlərin başlanğıcı kimi qiymətləndirildi.
Ən vacib məsələ isə ölkə əhalisinin psixoloji və mənəvi durumu idi. Şuşa Azərbaycan xalqı üçün alınmaz qala kimi qəbul olunurdu. Onun işğal edilə biləcəyinə heç kim inanmırdı. Bu hadisə insanların daxili inamını sarsıtdı, özünə güvəni azaltdı. Bu həm siyasi, həm hərbi baxımdan təsir göstərdi. İnsanlar bir az ehtiyatlı, bir az gözüqıraq oldular. Beynəlxalq səviyyədə də təsiri oldu. Erməni tərəfi özünü daha güclü hiss etməyə başladı.
Şükürlər olsun ki, bu gün Şuşa və bütün Qarabağ torpaqları azaddır. Mən o vaxt hiss etdiyim mənəvi sarsıntını artıq hiss etmirəm. İndi içimdə daha çox əminlik, qürur və inam var.
Şuşanın işğalı nə qədər böyük bir itki idisə, onun azad olunması da bir o qədər böyük bir qayıdışdır. Bu, Azərbaycan xalqı üçün həm mənəvi sarsıntıdan çıxış, həm də yeni inam və gücün başlanğıcıdır”.
Piranə Xasiyeva



