“Təcrübə göstərir ki, harınlamış məmurlara sadəcə xəbərdarlıq etmək kafi deyil”

Bəhruz Məhərrəmov: “Ortada qanun pozuntusu varsa, subyektin kimliyinin əhəmiyyəti yoxdur və olmayacaq!”“Hər bir vətəndaş qarşılaşdığı neqativliklə bağlı məlumat verməyə borcludur”

“Qanunsuzluğu görüb susmaq, elə bu əməllərə şərik olmaq deməkdir”

Məlum olduğu kimi,  bir neçə aydır ki, DTX və Baş Prokurorluq rüşvət və korrupsiyada şübhəli bilinən icra başçıları, nazirlik əməkdaşları və digər səlahiyyət sahibləri ilə bağlı silsilə əməliyyatlar aparmaqdadır.

Maraqlıdır, adıçəkilən qurumların apardığı bu əməliyyatlar dövlətimizin rüşvət və korrupsiyaya qarşı mübarizədəki prinsipial mövqeyinin göstəricisi hesab edilə bilərmi? Həmçinin, istər sadə vətəndaşlar, istrərsə də media və vətəndaş cəmiyyətləri institutlarının bu məsələdə dövlət orqanlarına informasiya dəstəyi verməsi, şahid olduqları neqativ olayları ictimaiyyiləşdirməsi bu mübarizəyə dəstək baxımından nə dərəcədə önəmlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov rüşvət və korrupsiyaya qarşı mübarizənin dövlətimizin maraqları baxımından prinsipial əhəmiyyət kəsb etdiyini, ölkə başçısının bu mübarizəyə böyük önəm verdiyini vurğuladı:

“Prezident Ilham Biləsuvar və Saatlı rayon İcra hakimiyyətlərinin başçılarını qəbul edərkən bir ifadə işlətdi – korrupsiyaya sıfır dözümlülük. Bu çox ciddi məqam idi və əslində mübarizənin davamlı və daha radikal format alacağının işarəsi idi. Artıq görürük ki, subyektin kimliyinin əhəmiyyəti yoxdur, ortada əməl, pozuntu varsa, bu əmələ də qanun prizmasından, səlahiyyətli orqanlar tərəfindən qiymət veriləcək. Əslində elə ən düzü də budur, çünki Prezident İlham Əliyev bir dəfə bu insanlara şans verdi, çox humanist və sivil formada onları doğru yola çağırdı. Lakin təcrübə onu göstərir ki, harınlamış insanlarla xəbərdarlıq kafi deyil. Bu baxımdan həbsləri, bu gün də davam edən əməliyyat tədbirlərini çox yüksək qiymətləndirir, normal sivil cəmiyyətə keçid üçün proseslərin bu səpkidə getməsinin tərəfdarıyam. O ki qaldı ictimai nəzarət məsələsinə, hər bir vətəndaş qarşılaşdığı neqativliklə bağlı məlumat verməyə borcludur. Qanunsuzluğu görüb susmaq elə bu əməllərə şərik olmaq deməkdir. Vətəndaş dövlətin konstitusiya ilə, qanunlarla onlara tanıdığı haqqının kiminsə tapdalamasına yol verməməlidir. Bunun üçün inzibati orqanlar var, məhkəmə var. Dövət başçısı özü bu məsələdə vətəndaşa çağırış edib. Lakin bu prosesdə xüsusi diqqətli olmalıyıq, şəxsi konfliktlər, qərəzli yanaşmalarla dövlət aparatını yükləmək olmaz, həqiqətən də olan, ictimai təhlükəyə malik problemlər qaldırılmalıdır,. İkincisi, vətəndaş aşağıdan başlayaraq müraciətini etməli, şikayətini bildirməlidir. Düzdür, korrupsiyaya bulaşmış məmurlar çoxdur, amma axı bütün məmuriyyət belə deyil, çox dəyərli, işini bilən vəzifə sahiblərimiz var, hansı ki, vətəndaşın şikayətini yerindəcə həll edə bilər. Ona görə də birbaşa ən yuxarı orqana yazmaqla, vətəndaş problemin ömrünü uzatmış və dövlət aparatını da yükləmiş olur. Əgər orta məmur heyəti də vətəndaşın şikayətinə qərəzsiz və ədalətlə baxmazsa, vətəndaş yuxarı orqana bir yox, iki yarıtmaz bürokrat haqqında məlumat verə bilər ki, bu da dövlət aparatının arınması, təmizlənməsi prosesini sürətləndirər. Lakin, eyni zamanda bu prosesdə başqa bir narahatlıq doğan problem də var. Bilirsiz ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.13.-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bizdə isə bunun tam əksi demək olar ki, çox geniş yayılmış təcrübədir. Vətəndaş rayonda hansısa orqandan şikayət edir, qaytarıb şikayəti həmin orqanın özünə verirlər ki, araşdır. Əlbəttə, ictimai nəzarətin səmərəliliyi üçün bu problemlər aradan qaldırılmalıdır”.

Mənbə
moderator.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close