Tacikistanın təhsil işçiləri beynəlxalq qiymətləndirmə ilə bağlı Azərbaycanın təcrübəsini öyrənirlər

Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının Ə.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edib.

Azərbaycan Respublikası Təhsil İnstitutundan (ARTİ)  Polise.az –a bildirilib ki, təlim səfərinin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı ölkəmizin bu sahədəki təcrübəsini öyrənməkdir. Təlim səfəri avqustun 31-də yekunlaşacaq.

Tacikistanın müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilk olaraq Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub.

Səfərin birinci günündə ARTİ-nin direktoru Rüfət Əzizov beynəlxalq qiymətləndirmələrlə bağlı Azərbaycanın təcrübəsi haqqında geniş məlumat verərək beynəlxalq qiymətəndirmələrin milli təhsil islahatlarının formalaşdırılmasındakı rolundan bəhs edib. Təlimdə, həmçinin Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva tərəfindən təhsil sisteminin strukturu haqqında fikir formalaşdırmaq məqsədilə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi haqqında qonaqlara məlumat verib.

Görüşün ikinci hissəsi Təhsil İnstitutunda davam edib. Belə ki, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Kurikulum təkmilləşdirilmələrində TIMSS və PISA çərçivə sənədlərinin diqqətə alınması” mövzusunda təqdimat edərək riyaziyyat, kimya, biologiya və coğrafiya fənlərinin kurikulumları ilə bağlı həyata keçirilən dəyişikliklərdən bəhs edib.

Növbəti təqdimat isə Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun “Dərslik siyasəti və yeni nəsil dərsliklərin hazırlanması qaydaları” mövzusunda keçirilib. Sonda Tacikistan nümayəndələri ilə təlim mövzularına dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button