Taliblər yel kimi ötüb keçdilər. Məlum oldu ki, Əfqanıstan Çinindir

Şen Siyu xüsusilə redaksiyamız üçün Pekindən

Taliblərlə təmasları varmı və onların hakimiyyətini tanıyırlarmı sualına cavab olaraq Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunyin onun ölkəsinin Əfqanıstanın dövlət suverenliyinə və oradakı bütün qruplaşmaların iradəsinə tam ehtiram əsasında “Taliban”la əlaqə saxladığını bildirib.

Maraqlı mənzərə yaranır:  Əfqanıstandakı vəziyyətlə bağlı “ağ küy”üdən qulaq batan bir vaxtda hamı, hətta koronavirus üzrə ekspertlər də sanki yalnız Kabillə məşğuldur.  Və qəribə detal üzə çıxır: heç kəs Əfqanıstan İslam Əmirliyinin yaranması ilə bağlı öz marağını büruzə vermir.

Yalnız Əfqanıstandakı ən gözlənilməz dəyişikliklərə hazır olan yeganə ölkədən – Çindən başqa. Orada amerikalılar olanda Çin “ehtiyat üçün” yerli aktivləri alırdı. Taliblər gəldilər, ABŞ-ın əlaltısı Əşrəf Qəni“ alın təri ilə topladığı pulları” götürüb qaçdı – və bu da Pekin üçün problem olmadı.  Sadəcə həmin aktivlərin donunu açmaq vaxtı yetişdi.

Çinin Əfqanıstan İslam Əmirliyinin dramatik doğuluşu günlərində səsləndirdiyi yeganə xahiş öz vətəndaşlarının təhlükəsizliyinə təminatla bağlıdır. Yeganə hərbi-siyasi səy – sərhədin taliblərin hücumlarından qaçan uyğur separatçılarının toplanaraq yanaşı ərazilərə soxulmağa çalışdığı hissələrini möhkəmlətmək üçün Tacikistanla birgə təlimlər keçirməkdir.

Bütün bunlar Pekinə və Düşənbəyə qəti lazım deyil – ən asanı “odlu kisə” quraşdırıb cəmisi bir neçə il əvvəl Çinin çaylarını qandan qırmızı rəngə boyayacaqlarını vəd edən, indi isə taliblərin təzyiqi altında qaçan terrorçuları sonadək məhz etməkdir.

Axı Xua Çunyin də bəyan edib ki, «taliblər dəfələrlə Çinlə yaxşı münasibətlərin inkişafına ümidlərini ifadə edib və bildiriblər ki, Əfqanıstanın bərpası və inkişafında Çinin iştirakını səbirsizliklə  gözləyirlər, hər hansı qüvvənin əfqan ərazisində Çinə təhlükə yaratmağına isə imkan verməyəcəklər».  Yəni, başqaları taliblərin terrorçu olduğunu, yoxsa onlarla dialoq aparmağın sərfəliliyini hələ müzakirə edəndə Pekin “Taliban”la işləyirdi.  Və hazırda maksimum imtiyaz əldə etməkdədir.

Çinin hökumət məmurları bu gün aşkar təsdiqləyirlər ki, ölkələri digərlərini qabaqlayaraq əfqan yataqlarına elan olunan tenderləri udurdu – bilərək ki, Əfqanıstan hökuməti tərəfindən təhlükəsizliyin yoxluğu və korrupsiya səbəblərindən yaxın illərdə öz layihələrini inkişaf etdirməyə başlaya bilməyəcəklər. Bununla belə, Əşrəf Qəninin administrasiyasına pul ödəyirdilər.  Perspektivdə isə taliblərlə razılaşırdılar.

Və nəticəsi – taliblərin hakimiyyətə gəlişi Çinin Əfqanıstandakı dondurulmuş və ya tam gücü ilə işləməyən layihələri üçün katalizator ola bilər.  Siyahıda 40-dan çox konsessiya var, yalnız üçünün adını çəkəcəm.

2008-ci ildə Çin şirkəti Mes-Aynakdakı mis yatağının işlənməsi ilə bağlı 3,5 milyard dollar dəyərində 30 illik icarəni uddu.  Hesab edilir ki, ehtiyatlarına görə dünyada ikinci olan bu mis yatağında metalın dəyəri 50 milyard dollardır. Qəni hakimiyyəti hətta Çin şirkətlərinin konsorsiumuna qarşı məhkəmə iddiası qaldırmağa təşəbbüs göstərdi – ancaq  razılaşma qüvvədə qaldı.

2011-ci ildə Çin milli neft korporasiyası (CNPC) üç neft yatağının qazılması ilə bağlı 400 milyon dollar məbləğində 25 illik tenderdə qalib gəldi.  Yenə tarix təkrarlandı: Qəni administrasiyası müqaviləni ləğv etməyə çalışdı, çinlilər təslim olmadılar. Üstəlik, əlavə xərclər CNPC -in Çin hakimiyyətindən aldığı dövlət krediti hesabına kompensasiya olundu.

Nəhayət, hələ siyasi ehtiraslar qaynayanda, Çin Əfqanıstandakı fəaliyyəti dayandırılmış litium və nadir torpaq elementləri olan yataqları ələ səssiz-səmirsiz keçirdi – düzgün olaraq hesab etdi ki, bu, Pekinin ehtiyatlar uğrunda ABŞ və Avropa ilə olan rəqabətində əsas üstünlüyə çevriləcək. Taliblərin gəlişi ilə həmin yataqların istismarına başlanacaq – vergilər isə yeni hökumətə ödəniləcək.

Nəticədə Pekin özünün Əfqanıstandakı maraqlarını dəqiqliklə və praqmatikcəsinə hesablaya bilən yeganə ölkə oldu. Üstəlik, hadisələrin hər bir mümkün variantı – taliblərin qələbəsi, koalision hökumətin yaradılması, yaxud nə qədər az ehtimali olsa belə, Əşrəf Qəninin hakimiyyətdə qalması üçün də öz ssenarisini işləyib hazırladı. Ona görə də hazırda Çinin Əfqanıstanda konkret məqsədlər dəsti var. Yerdə qalanlar isə boş səs-küy, siyasətçilərin ağlaşması və ekspertlərin başlarına kül səpmələri ilə məşğuldurlar.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button