Tbilisidə Dördüncü İpək Yolu Beynəlxalq Forumu başlayıb
Oktyabrın 26-da Tbilisidə Dördüncü İpək Yolu Beynəlxalq Forumu başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə 60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndə iştirak edir.
Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçəcək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin himayəsi ilə keçirilən Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır. Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.
Beynəlxalq tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir. Tədbirə, həmçinin Monteneqro və Ermənistanın hökumət başçıları qatılıb.
Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu 2015-ci ildən etibarən iki ildə bir dəfə keçirilir.
Polise.az