Terrora qarşı 20 illik mübarizə kimə nə qazandırdı? – Şərh
ABŞ-ın terrorla mübarizə adı altında başlatdığı kampaniya nəinki ciddi effekt verdi, əksinə, müdaxilə etdiyi bölgələrdə uzun illərdən bəri davam edən qeyri-sabitlik, mütəmadi baş verən terror aktları və s. özü üçün də ciddi problemlərə səbəb oldu.
Bununla bağlı “Kaspi” qazetində məqalə dərc olunub.
20 il bundan öncə Birləşmiş Ştatlarda yaşanan 11 sentyabr hadisələri ilə dünyanın düzəni isə uzun müddətə pozulmuş oldu. Sentyabr terroru ilə ABŞ-ın xarici siyasəti ciddi surətdə dəyişikliyə uğradı, ardınca terrorizmlə mübarizə adı altında hərbi əməliyyatlar start götürdü. İlk olaraq Əfqanıstana, sonra da İraqa müdaxilə olundu. Ən önəmli olan odur ki, ABŞ-ın terrorla mübarizə adı altında başlatdığı kampaniya nəinki ciddi effekt verdi, əksinə, müdaxilə etdiyi bölgələrdə uzun illərdən bəri davam edən qeyri-sabitlik, mütəmadi baş verən terror aktları və s. onun özü üçün də ciddi problemlərə səbəb oldu. Tək Əfqanıstanda milyardlarla dollar sərf edib dünyəvi dövlət qurduğunu elan etsə də, günlərin bir günü bəlli oldu ki, bütün bunlar sabun köpüyündən başqa bir şey deyil.
Aydın olmayan məqsəd
ABŞ-ın Əfqanıstanda məqsədi bəlli olmadığından bu cür problemlər yaşadı. Bu da 20 illik müdaxilənin bəlkə də “ilkin günahları” ola bilər. Qərb ekspertlərindən birinin ifadə etdiyi kimi, ABŞ başa düşmədi ki, Əfqanıstanda dövlət və demokratiya qurmaq 20 ilin işi deyil. Bu, uzunmüddətli bir prosesdir. Əfqanların Amerikaya münasibəti sonrakı hadisələrin gedişindən asılı olacaq. Bununla belə, ABŞ-ın etibarına zərbə vurulduğu irəli sürülsə də, onun mühüm ittifaqlarına uzunmüddətli zərərin dəyib-dəymədiyini müəyyən etmək hələ tezdir.
8 trilyon dollar
Yeri gəlmişkən, dünyaca məşhur və hesabatı əksər ölkələr tərəfindən qəbul edilən “Costs of War” (müharibənin qiyməti) mərkəzi son 20 ildə terrorla mübarizədə Birləşmiş Ştatların maliyyə və insan itkilərini təqdim edib. Braun universiteti tərəfindən hazırlanan hesabatdan bəlli olub ki, terrorizmlə qlobal müharibə, təqribən bir milyon insanın həyatına son qoyub və başlandığı vaxtdan indiyə qədər 8 trilyon dollara başa gəlib. 2011-ci ilin 11 sentyabrından bəri başladılan hərbi əməliyyatlarla bağlı hesabatda İraq, Suriya, Əfqanıstan, Pakistan, Somali və digər regionlarda ABŞ-ın sərf etdiyi maliyyə və canlı qüvvə sarıdan itkiləri hesablanıb. Hesabatda, necə deyərlər, Yaxın Şərq və Mərkəzi Asiyada, Afrikada müddətsiz “əbədi müharibələr”lə bağlı dolğun məlumatlar əks olunub. Beləliklə, son 20 ili əhatə edən hesablamalara görə, 929 min insan həlak olub ki, onların 387 mini mülki şəxsdir. Həlak olanların 207 mini hərbçi və polis, 301 min isə yaraqlılara aiddir. Hərbi münaqişələr nəticəsində ABŞ-ın 15 min hərbçisi həlak olub.
İqtisadi itkilər
ABŞ hökuməti Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara 2,3 trilyon, İraq və Suriyadakı qarşıdurmalara 2,1 trilyon, Somalidə və Afrikanın digər bölgələrində 355 milyard dollar sərf edib. 2001-ci ildən bəri ABŞ daxili təhlükəsizlik tədbirlərinə 1,1 trilyon dollar xərcləyib, bu da daxildə və xaricdəki terrorizmlə mübarizəyə sərf olunan birbaşa xərcləri 5.8 trilyon dollara çatdırıb. Ancaq bu rəqəm müharibənin bütün xərclərini əks etdirmir. On minlərlə Amerika əsgəri cəbhə bölgəsindən şikəst, yaralı olaraq geri döndü və bir çoxu federal hökumətdən asılı adamlara çevrildilər. Bu veteranlara əlillik və tibbi xidmət üçün ödəniləcək xərc 2050-ci ilə qədər hazırkı 465 milyard dollardan 2,2 trilyon dollara yüksələcək ki, bu da müharibələrin ümumi iqtisadi xərclərini 8 trilyon dollara çatdıracaq.
Hətta belə ehtiyatlı hesabat da…
Hesabatda 2001-ci ilin 11 sentyabrından sonrakı müharibələrin xərclərinə, o cümlədən Müdafiə Departamenti və Dövlət tərəfindən ayrılan xərclərə ümumi bir fikir bildirmək üçün bir neçə fərqli mənbə təqdim edilir. Bura Pentaqon üçün əsas əməliyyat büdcəsinin artırılması, kreditlər üzrə faiz ödənişləri, veteranlara dəstək və Daxili Təhlükəsizlik Departamentinə terror hücumlarının qarşısının alınması üçün ayrılan xərclər daxildir. Hətta belə ehtiyatlı hesabat da ABŞ-ın xərcləri haqqında tam təsəvvür yaratmır: hesabatın 8 trilyon dollarlıq ümumi rəqəmi nə humanitar yardımları, nə müharibə bölgəsindəki iqtisadi inkişafa xərclənən pulları, nə də böyük məbləğdə gələcək faiz ödənişlərini nəzərə alır.
Nəticə də odur ki…
Qlobal terrorizmə qarşı mübarizənin astronomik maliyyə xərcləri nəinki müharibənin özünün təsirsiz olduğunu sübut edir, həm də cari xərclərlə Amerika rəsmilərinin ilkin bəyanatları arasındakı uyğunsuzluq səbəbindən təzadlıdır. İraq müharibəsi bunun bariz nümunəsidir. Əslində, ABŞ-ın 11 sentyabr hadisələrindən bəri iştirak etdiyi bir sıra qarşıdurmalardan yalnız biri olan İraqın işğalı trilyonlarla dollara başa gəldi, Yaxın Şərqdə sabitliyi pozdu, ABŞ-ın əziyyət çəkdiyi qarşıdurmalar yaratdı və bütün dünyada insanların həyatına son qoydu. Mövcud hadisələr vəziyyətin nəzarətdən çıxdığını təsdiqləyir. Nəticə də odur ki, ABŞ-ın özündə də hərbçi, siyasətçi və ziyalılar həyəcan təbili çalmaqdadır.
Beləliklə, ABŞ Əfqanıstanda 20 illik işğala son qoysa da, münaqişələr heç vaxt bitməyəcək. Bu gün cavabını gözləyən çoxlu suallar var – 11 sentyabr hadisələrindən sonra 20 il davam edən müharibədə ABŞ nəyə nail oldu? Bir milyon insanın ölümündən və trilyonlarla dollar israfdan kimsə nə isə qazandımı? Kim itirdi və itirməyin dəyəri nə qədərdir? Yəqin ki, nə vaxtsa bu suallara cavab verən tapılacaq.