“The USA Tribune”: Rusiya Azərbaycan-Ermənistan münaqişəsində gərginliyi artırır

Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın son dövrlərdə tutduğu qərəzli mövqe xarici mətbuatın da diqqət mərkəzindədir. Analitik Robert Horovitsin “theusatribune.com” saytı üçün qələmə aldığı yazı bu baxımdan olduqca maraqlıdır.

Sözügedən məqaləni oxucularına təqdim edirik:

“Bu ay Rusiya və Azərbaycan münasibətlərində ən kəskin problemlərdən biri – Rusiyanın Ermənistana silah tədarükü məsələsi yenidən gündəmə gəlib.
Məlum olduğu kimi, son iyirmi ildə Azərbaycan və Ermənistan Rusiyadan silah alıb. Lakin Azərbaycan silahı bazar qiymətləri ilə aldığı halda Ermənistan şimal qonşusundan onu subsidiyalı sazişlərlə, xüsusi güzəşlərlə əldə edib. Hətta rəsmi Moskvanın əvvəllər Ermənistana pulsuz hərbi texnika verdiyi də məlumdur.

Lakin bu dəfə tədarük Azərbaycanla Ermənistan arasında döyüş əməliyyatları getdiyi vaxtda həyata keçirilib. Bu isə Rusiyanın Ermənistanı qızışdıraraq onu Azərbaycana qarşı hücuma təhrik etdiyini göstərir. İki həftə bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə söhbətində Ermənistana 400 ton texnika və sursatın verilməsindən dolayı narahatığını ifadə edib.

“İL-76” hərbi yük təyyarələrinin Gürcüstandan yan keçərək Qazaxıstan, Türkmənistan və İranın hava məkanı vasitəsilə Ermənistana verilməsi, uçuşların seriyası “Flightradar24” vasitəsilə izlənib.

Ümumiyyətlə, bu yay Rusiya Müdafiə Nazirliyinin qərargahının yerləşdiyi Arbat meydanında vəziyyət yaxşı olmayıb. Son bir neçə ayda Rusiya həm Suriya, həm də Liviya cəbhələrində ağır məğlubiyyətlərə uğrayıb. Rəsmi Moskva bu ölkələrdə diktator Bəşər Əsədi və qiyamçı Xəlif Xəftəri güclə ayaqda tutur.

Rusiyanı Aralıq dənizində müvəffəqiyyətlərdən məhrum edən bölgə dövləti isə Türkiyədir.

Rəsmi Ankara ağıllı manevr qabiliyyəti və yüksək texnologiyalı pilotsuz aparatlarının gücü ilə Rusiyanın siyasi hədəflərini heçə endirib. Türkiyə Suriyada öz 20 millik təhlükəsizlik zonasını müdafiə edərək cənuba doğru irəliləməyi, bununla da Rusiyanı özü üçün əlverişli şərtlərdə saziş imzalamağa məcbur etməyi bacarıb. Rəcəb Tayyib Ərdoğan Liviyada BMT tərəfindən tanınan qanuni hökuməti dəstəkləməyi vəd etdikdən sonra Türkiyə ordusu Xəftərin güclərinə, əsasən də paytaxt Tripoliyə hərəkət edən rus muzdlularına ağır zərbələr endirib. Bunun sayəsində bölgədə 1600 əsgəri olan Vaqner qrupu geri çəkilməyə və Rusiyaya geri dönməyə məcbur qalıb. Həmin vaxt onların vəziyyəti o dərəcədə dəhşətli olub ki, qrupun tam məhv edilməməsi üçün rəsmi Ankara ilə danışıqlar aparılıb.

İyul ayının ortalarında ABŞ dövlət katibi Mayk Pompeo “Şimal axını-2” və “Türk axını” layihələrində iştirak edən investorları sanksiyalarla hədələyib. Lakin bu, Rusiyanın aldığı zərbələrin sonuncusu olmayıb. Rəsmi Moskva üçün böyük bazar sayılan Türkiyə Azərbaycana bu sahədə iri pay ayırıb. Məsələn, bu ilin mart ayında Türkiyə Azərbaycandan 924 milyon kubmetr qaz alıb ki, bu da ölkənin təbii qaz idxalatının 23,45 faizini təşkil edir. Nəticədə İran və Rusiya Türkiyənin təbii qaz ixracatında ikinci və üçüncü sıraya düşüblər.

Enerji bazarlarındakı bu məğlubiyyətlər Kreml üçün ciddi narahatlığa səbəb olub. Daxildə yetişən böhranı aradan qaldırmaq, habelə Qərbə enerji axınını kəsmək üçün Rusiya bildiyi ən gözəl işə – Türkiyənin də daxil olduğu, enerji təchizatının, neft və təbii qazın nəql edildiyi bölgədə vəziyyəti gərginləşdirmək siyasətinə əl atıb.

Azərbaycan və Ermənistan arasında iki həftəlik döyüşlərdə 16 Azərbaycan əsgəri, o cümlədən bir general-mayor, polkovnik, habelə bir mülki şəxs həlak olub.

Ermənistan tərəfinin 4 itki verdiyi bildirilir. Qısa savaşda tərəflər bir-birinə qarşı ağır artilleriyadan və yüksək texnologiyalı pilotsuz uçan aparatlardan istifadə ediblər.

Rusiyanın əsas hərbi müttəfiqi olaraq Ermənistan həmişə silah almaqda ən əlverişli seçimlər qazanıb. 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra Rusiya sistematik olaraq Ermənistana Azərbaycanın işğal olunmuş ərazilərində möhkəmlənməsi üçün pulsuz silah tədarük edib. 1990-cı illərin sonunda Rusiya öz müttəfiqinə qeyri-qanuni olaraq 1 milyard dollarlıq silah bağışlayıb. Sonrakı illərdə isə rəsmi Moskva İrəvana Xəzər dənizində neft infrastrukturunu vurmaq gücündə olan “İsgəndər” raketlərini almaq üçün borc verib. Təsadüfi deyil ki, Ermənistan hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanı enerji infrastrukturunu vurmaqla hədələyir.

Bundan əlavə, Rusiya qoşunları Ermənistan səhədlərini qoruyur və bu yolla rəsmi İrəvanın nominal müstəqilliyinə nəzarəti həyata keçirir.

İsgəndər 9K720

Bu səbəbdən Rusiyanın Ermənistana böyük miqdarda silah tədarük etməsi təəccüblü görünməməlidir. Əvvəla, rəsmi Moskva öz müştəri-dövlətini Azərbaycana qarşı uzunmüddətli kampaniya apara biləcək səviyyədə müasir hücum silahları ilə təchiz edir. Rusiya və Ermənistanın son hərbi təlimlərində Azərbaycan PUA-larının vurulması məşq etdirilib. İkincisi, Rusiya Cənubi Qafqazda Türkiyəyə qarşı daha əsaslı şəkildə mübarizə aparmağa hazırlaşır. Ona görə də Azərbaycan Türkiyə tərəfindən əvvəlki dövrlərdən daha qəti şəkildə müdafiə olunur. Liviya və Suriyadakı qələbələri sayəsində Türkiyə hazırda əlverişli vəziyyətdədir. Doğrudur, Türkiyə 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağlayaraq Azərbaycana dəstəyini həmişə nümayiş etdirib. Lakin Ərdoğan hökumətinin hazırkı dövrdə bölgədəki son təşəbbüsləri olduqca mühüm və göstərişlidir.

Tovuz rayonunda döyüş əməliyyatları başladıqdan sonra prezident Ərdoğan açıq və qəti şəkildə bunu ifadə edib: “Türkiyə heç bir tərəddüd etmədən Azərbaycanın hüquqlarına və torpağına qarşı hücumlara sinə gərəcək”.

Bundan sonra başda nazir Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Güler olmaqla Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri etnik qardaşlarına həmrəyliklərini nümayiş etdirmək məqsədilə Bakıya gəliblər. Bu isə o deməkdir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyənin geopolitik ambisiyalarına qarşı istənilən həmləsi Liviya və Suriyada olduğu kimi məğlubiyyətə düçar olacaq. Bir güc nümayişi göstəricisi olaraq Türkiyə və Azərbaycan bu ilin iyul ayının 29-dan avqustun 10-a qədər bir neçə rayonda çoxlu sayda şəxsi heyət və hərbi texnikanın cəlb olunduğu təlimlər həyata keçirib. Həmin təlimlərdə Türkiyənin 11 min əsgərinin iştirak etdiyi deyilir.

Bundan sonra Türkiyə və Rusiya prezidentləri telefon söhbətində “bölgədə vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərin koordinə edilməsi” məsələsində razılığa gəldiklərini açıqladılar. Azərbaycanla münasibətlərin düzəldilməsi məqsədilə Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya rəsmi səfərə gəldi. Həmin görüşdə Şoyqu İl-76 təyyarələrinin Rusiyanın Gümrü bazasına tikinti materialları götürdüyü barədə anlaşılmaz ifadə işlədib. Lakin bununla bağlı dəlil və müşahidələr tam əksini sübut edir. Əgər həmin təyyarələrdə, doğrudan da, təmir işləri üçün aparılan yüklər olubsa, o zaman Rusiya niyə Azərbaycan və Gürcüstandan uçuş izni almayıb?

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlərindən foto

Üstəlik, “Flightradar24” izləmələrindən göründüyü kimi təyyarə İrəvana getdikdən sonra Suriyaya, Latakiyadakı aviabazaya uçub. Məgər Rusiya Suriyada da tikinti materialları tədarük edir?

Bu səbəbdən bölgədə hər kəs Rusiyanın bütün gözlənilməz hərəkətlərinə görə diqqətli olmalıdır”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close