Tofiq Zülfüqarov Ermənistanla danışıqlar barədə: “Nəticə antiterror əməliyyatları olacaq”
“Ermənistanda siyasi mühit elə formalaşıb ki, aparılan siyasətlə razılaşmayan insanlar izolyasiya olunurlar. Bu qəbildən olan şəxslər sonda Ermənistanı tərk etməyə məcbur qalırlar. Ermənilərin miqrasiya axını onu göstərir ki, əhalinin böyük bir hissəsi siyasətbazların nağıllarına inanmır. Bir sözlə, ermənilər ayaqları ilə səs verir, yəni qaçmaqla ümumi siyasətdə iştirak edirlər”.
Bunu Oxu.Az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vətən müharibəsi fonunda yaranmış yeni reallıqlardan danışarkən deyib.
Siyasətçi ilə mövcud vəziyyət və iki ölkə arasındakı danışıqların necə nəticələnəcəyi ilə əlaqədar söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:
– Bu gün Tovuz döyüşlərinin ildönümüdür. 44 günlük Vətən müharibəsinin təməli kimi qiymətləndirilən bu hadisələrlə bağlı siz nə deyə bilərsiniz?
– Bu fikirlə razıyam. Həqiqətən də Tovuz döyüşləri sanki 44 günlük Vətən müharibəsinin anonsu idi. Bu hadisələrin əhəmiyyəti hərbi baxımdan daha çox siyasi nəticələri ilə vacib hesab edilir. Çünki Azərbaycan ictimaiyyəti heç kim tərəfindən təşkil olunmamış bir həmrəylik yürüşü etdi və xalq bu yürüşü ilə hakimiyyətlə həmrəy olduğunu açıq şəkildə nümayiş etdirdi. Biz gördük ki, Tovuz döyüşlərindən qısa müddət sonra Azərbaycan Vətən müharibəsinə başladı və torpaqlarını işğaldan azad etdi.
– Tofiq bəy, iki ölkə arasında sülh prosesi barədə nə düşünürsünüz? Ermənistanın prosesi uzatmaq cəhdləri nə qədər davam edəcək?
– Sülh razılaşmaları adlandırılan proseslər göstərir ki, Ermənistan bu mövzulara ciddi şəkildə yanaşmır, sadəcə təbliğat kimi istifadə edir. Onlar yeni şəraitdə də işğalçılıq siyasətlərinə davam edəcəklər. Sülh danışıqları prosesi bu siyasəti imitasiya etmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün istifadə edirlər. Hesab edirəm ki, Ermənistanın bu yanaşması dəyişməsə, sözügedən proseslər mənasız və nəticəsiz olaraq qalacaq.
– Üçtərəfli görüşlərdən gözləntiləriniz nədir?
– Bəzən formatlara böyük önəm verilir. Amma bu kimi məsələlərdə vasitəçi olmasının və ya olmamasının heç bir fərqi yoxdur, nəticədə hər zaman tərəflərin mövqeyi açıqlanır. Ona görə də görüşlərin coğrafi baxımından harada keçirilməsi, vasitəçinin kim olması ikinci dərəcəli məsələdir. Problem Ermənistanın mövqeyindədir. Yuxarıda da qeyd etdiyim kimi biz görürük ki, onların məqsədi hətta hərbi baxımdan məğlub olduqdan sonra belə “Artsax siyasəti”ni davam etdirməkdir. Ermənilərlə istənilən yerdə, istənilən tərkibdə görüşə bilərsiniz. Amma onların bu siyasəti özünü istər-istəməz büruzə verəcək.
– Bəs onlar bu addımları nəyə güvənərək atırlar?
– Münaqişə boyu ermənilərin reallıqlardan uzaq olduğunu görmüşük. Hələ müharibədən qabaq bəlli idi ki, onlar Azərbaycandan ciddi şəkildə zərbə alacaqlar. Buna heç kimin şübhəsi yox idi. Çünki hərbi balans çoxdan Azərbaycanın xeyrinə dəyişib. Sadəcə olaraq erməni siyasi elitasında bir adət var ki, öz hakimiyyətlərinin vaxtını uzatmaq üçün reallıqdan uzaq hansısa populist mövqeləri təbliğ edirlər, lakin zərbə aldıqdan sonra müvəqqəti olaraq reallığa qayıdırlar.
– Bütün bunların fonunda Azərbaycanın antiterror əməliyyatları keçirmək ehtimalı var?
– Əminəm ki, gedişatın nəticəsi bu olacaq. Erməniləri danışıqlarda çox görmüşəm və onlarla saatlarla vaxt keçirmişəm. Erməni tərəfinin üslubu mənə yaxşı bəllidir. Danışıqlarda nümayiş etdirdikləri mövqe onu göstərir ki, siyasi təmasları ya öz əsas istəkləri ilə bağlamaq, ya da onu hansısa şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq, “sülhsevərliyi” təbliğ etməkdir. Lakin həqiqi istəklər necə var idisə, elə də qalıb. Bəli, onlar hərbi baxımdan çox ağır bir zərbə alıblar, lakin düşünürlər ki, hələ də nəsə edə bilərlər. Ermənistanda siyasi mühit elə formalaşıb ki, aparılan siyasətlə razılaşmayan insanlar izolyasiya olunurlar. Bu qəbildən olan şəxslər sonda Ermənistanı tərk etməyə məcbur qalırlar. Ermənilərin miqrasiya axını onu göstərir ki, əhalinin böyük bir hissəsi siyasətbazların nağıllarına inanmır. Bir sözlə ermənilər ayaqlarla səs verir, yəni qaçmaqla ümumi siyasətdə iştirak edirlər.
– Üçtərəfli danışıqlar həm Qərb, həm Rusiya cəbhəsində aparılır. Sizcə, sülh danışıqlarında vasitəçilik prinsipini həyata keçirən tərəflərdən hansı daha səmimi görünür?
– Heç biri. Çünki bu siyasətin adətidir və adı da bəllidir. “Konflikt menecment”, yəni konfliktlə idarəetmə üsulu. Hansısa bölgədə münaqişə yaradıb saxlayırlar və sözügedən münaqişə vasitəsilə həmin yeri idarə edirlər. 30 il ərzində həm Rusiya, həm Qərb öyrəşib ki, bu münaqişə vasitəsilə hər hansı şəkildə Azərbaycana və Ermənistana təsir etsinlər. Problemin hansısa şəkildə qalmasında hər iki tərəf maraqlıdır.