Tovuz hadisələrinin geosiyasəti – Politoloq şərhi

“Ermənistan təxribatlarını davam etdirə bilər. Onlar ictimai rəyi və vəziyyəti yoxlamaq üçün artıq belə bir cəhd etdilər”.

Bunu “MediaPost”a açıqlamasında politoloq Eldar Namazov deyib.

Onun sözlərinə görə, strateji əhəmiyyət kəsb edən layihələrin magistralları yerləşən ərazi erməni tərəfinin həmişə marağında olub:

“Bizim üçün ən təhlükəli yer Qazax-Tovuz-Ağstafa istiqamətidir. Çünki orada strateji əhəmiyyət kəsb edən layihələrin magistralları yerləşir. Bu magistrallar ermənilərlə olan sərhədə çox yaxın ərazidə yerləşir (təxminən 20-25 km). Onlar daim o yolu kəsməyə çalışırlar. Ermənilərin 1994-cü ildə Tərtər-Bərdə istiqamətində aparılan son döyüşlərdəki məqsədləri də məhz Yevlax yoluna çıxmaqla, boru kəmərlərinin yolunun kəsilməsi olub. Ermənistan silahlı qüvvələrinin öz məqsədlərinə nail olması həm Azərbaycanın nefti, qazı, həm də Türkmənistanın qazı ilə bağlı bütün layihələrin yarımçıq qalması ilə nəticələnərdi. Bu isə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Gürcüstan üçün böyük zərbə deməkdir. Burada icra olunan layihələrin qarşısını almaq üçün ermənilər hər addımı ata bilər. Onlar təxribatlarını davam etdirə bilərlər. İctimai rəyi və vəziyyəti yoxlamaq üçün artıq belə bir cəhd etdilər”.

Politoloq Tovuz hadisələrindəki geosiyasi vəziyyətdən danışaraq münaqişədə Türkiyə-Azərbaycan münasibətlərinin rolunun əhəmiyyətindən söz edib:

“Türkiyə prezidentinin bəyanatı o oldu ki, yüz il bundan əvvəl bizim əcdadlarımız nə edibsə, biz onu yenə etməyə hazırıq. Bu, adi bəyanat deyil, mühüm əhəmiyyət kəsb edir. Yəni Azərbaycan ilə birlikdə təcavüzkarlara qarşı vuruşmaq üçün türk qoşunu Bakıya kimi də gələ bilər. Türkiyə Suriya və Liviyada bütün məsələlərin həlli zamanı Rusiya ilə Türkiyə maraqları toqquşsa da, Türkiyə öz maraqlarını müdafiə etdi və faktiki olaraq, Rusiya Suriya məsələsində uduzdu. Liviyada isə həm Rusiyanın, həm də Fransanın müdaxiləsini gördük, türk əsgərləri onları ərazidən çıxarda bildi. 

İndi də Ərdoğan deyir ki, biz qardaş Azərbaycanın yanındayıq, 1918-ci ildə bizim əcdadlarımız nə ediblərsə, biz də onu təkrar etməyə hazırıq. Sonra Türkiyənin “F-16”larını Kürdəmirdə və s. gördük. Burada söhbət böyük geosiyasətdən gedir. 

SSRİ dağılandan sonra hamı elə bildi ki, Amerika hegemondur, NATO yeganə qüvvədir və s. Sonra bəlli oldu ki, bu, hələ keçid dövrüdür, dünya düzəni yavaş-yavaş düzəlməyə başlayır. Hazırda hər bir böyük dövlət dünya düzənində öz mövqeyini deməklə gücünü göstərmək istəyir. Həmin ölkələrin sırasında Türkiyə ön sırada gedir. 

ABŞ prezidenti Donald Trampın da güclü siyasətçilər kimi adını çəkdiyi 3 siyasətçidən biri Ərdoğandır. Təsəvvür edin, BMT-nin Təhlükəsizlik Şurasının üzvü və nüvə silahına sahib olan Çin və Rusiyanın sırasında Türkiyənin olması bizim xoşbəxtliyimizdir. Bizim Türkiyə ilə hərb sahəsində çox böyük əməkdaşlıq müqaviləmiz var. Lakin o müqavilə hələ hərbi blok olmasa da, hərbi bloka çox yaxın maddələr yer alır. Hansı tərəfə qarşı təhlükə olarsa, birlikdə məsləhətləşib qiymətləndirmə aparmaq və təhlükəni aradan qaldırmaq üçün bir-birlərinə dəstək ola bilərlər. 

Tovuz hadisələrində də türk qoşunlarını Azərbaycanda gördük. Onlar göstərdilər ki, Azərbaycana qarşı təcavüz edilərsə, bizimlə vuruşmalı olacaqlar. Maraqlısı odur ki, Ərdoğanla Putinin telefon danışığından sonra Rusiya tərəfi bəyanat verdi ki, biz Türkiyə ilə birlikdə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı birgə səy göstərməyə hazırıq. Bu, Türkiyənin rolunun nəzərə alınması haqqında açıq etirafdır”.

Mənbə
mediapost.az
Hamısını Göstər

Related Articles

Back to top button