Tovuz polisi narko-kuryerlik edən qardaşları saxlayıb
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək, ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Polise.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuza gələrək, rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb. O.Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram marixuana, 400 qram həşiş qətranı, 400 qram heroin və 63 qrama yaxın tiryək olan ümumi çəkisi 1 kiloqram 821 qram narkotik maddə aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.