Trampın, nəhayət, Putinə amiranə şəkildə “Vladimir, dur!” deməsinin əsl mahiyyəti nədir?..- Heydər Oğuzdan ilginc yozum…

“Gündə bir fikir söyləmək və sonra bu fikirləri təkzib etmək artıq Tramp üçün adi həyati normadır…”
“II Dünya savaşından sonra dünyanın ən böyük hərbi qüdrətinə çevrilən ABŞ-ın müxtəlif ölkələrdə ən zəif dövlətlərə uduzmasının səbəblərinə nəzər salanda Trampın niyə Ukraynanın əleyhinə mövqe sərgilədiyini anlaya bilərik…”
Deyəsən, ABŞ-ın yüzgünlüyünə 3 gün qalmış əndrəbadi prezidenti Donald Tramp, nəhayət, 3 aydan sonra Ukraynada sülhə nail olmaq üçün öz ölkəsini işğaldan haqlı olaraq müdafiə edən Vladimir Zelenskiyə yox, artıq 3 ildən çoxdur ki, həmin ölkənin amansiz işğalını davam etdirən Rusiya diktatoru Vladimir Putinə “Dur!” deməyin vacibliyini anladı. Düzdü, sosial şəbəkədə “Dur, Vladimir” yazdıqdan sonra yenə də Ukrayna hakimiyyəti əleyhinə fikirlər səsləndirdi. Amma yenə də… Görəsən, ümid etmək olarmı ki, bundan sonra Ağ Evin Ukrayna savaşına qarşı siyasətində radikal bir dəyişiklik olacaq?..
Moderator.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, gündə bir fikir söyləmək və sonra bu fikirləri təkzib etmək artıq Tramp üçün adi həyati normadır:
“İndiyədək onun sabit-qədəm olduğu heç bir fikrə rast gəlinməyib. Odur ki, Trampın dilə gətirdiyi fikirlərə ehtiyatla yanaşmaq və ya onları ciddiyə almaq doğru deyil. Konkret olaraq, onun Ukraynaya sülh əvəzinə kapitulyasiya şərtləri təklif etməsindən sonra üzünü Putinə tutub “Vladimir, stop!” deməsini mövqe dəyişikliyi saymaq, yumşad desək, ifrat optimizmdir. Ukraynanı bu müharibədə uduzdurmaq və Rusiyanı qalib elan etmək Trampın, eləcə də onun mənsub olduğu siyasi düşərgənin strateji hədəfləridir. Strateji hədəflər isə heç zaman dəyişilmir”.
II Dünya savaşından sonra dünyanın ən böyük hərbi qüdrətinə çevrilən ABŞ-ın müxtəlif ölkələrdə ən zəif dövlətlərə uduzmasının səbəblərinə nəzər salanda Trampın niyə Ukraynanın əleyhinə mövqe sərgilədiyini anlaya biləcəyimizi bildirən Heydər Oğuz bəzi tarixi hadisələrə qısa ekskurs etməyi məsləhət gördü:
“Bilirsiniz ki, II Dünya savaşından sonra ABŞ-ın SSRİ ilə girdiyi iki müharibə vardı. Bunlardan biri Koreya, digəri isə Vyetnam savaşı idi. 1950-ci ildə başlayan Koreya savaşı 1953-cü ildə dayandırıldı. Koreya faktiki olaraq 2 hissəyə bölündü. Yəqin razılaşarsınız ki, de-fakto tamamlanmayan bu savaşı ABŞ-ın qələbə siyahısına salmaq mümkün deyil. Cənubi koreyalıların bəxti onda gətirdi ki, 3 il davam edən bu savaş Demokrat Partiyasının dövrünə düşmüşdü. 1953-cü ildə prezidentlik postunu respublikaçı Duayt Devid Eyzenhaura təhvil verən Herri Truman koreyalıların taleyini də respublikaçıların ixtiyarına buraxdı. Hakimiyyət dəyişikliyindən az sonra isə Koreyanın iki qütbü arasında indiyədək davam edən atəşkəs sazişi imzalandı. Sözsüz ki, bu savaşın nəticəsiz başa çatmasında Çinin də proseslərə müdaxilə etməsinin birbaşa təsiri vardı. Fəqət əsl səbəb, fikrimcə, Respublikaçılar Partiyasının qeyri-müəyyən strategiyası ilə bağlı idi…
II Dünya savaşından sonra baş verən digər proksilər çarpışması Vyetnam savaşı idi. Savaş 1955-ci ildə başlasa da, ABŞ-ın bu savaşa müdaxiləsi 1963-cü ildə demokrat lider Con Kennedinin prezidentlik dövrünə təsadüf edirdi. 1963-cü ilin 22 noyabr tarixində sui-qəsd nəticəsində öldürülən Con Kennedidən sonra hakimiyyətə gələn digər demokrat prezident Lindon Beyns Consonun dövründə müharibə davam etdi. Consondan sonra Ağ Evdə oturmaq şansı yenidən respublikaçıların əlinə keçdi. 1969-cu ildə prezident seçilən respublikaçı Riçard Nikson 1973-cü ildə ABŞ qoşunlarını Vyetnamdan çıxarmaq barədə qərar qəbul etdi. Üzərindən bir az keçməmiş “Vatergeyt” qalmaqalı qopdu. Bu qalmaqalın qısa mahiyyəti bundan ibarət idi ki, Niksonun Vyetnamdan çıxmaq qərarı ərəfəsində ABŞ-da prezident seçkisi keçirilirdi. Seçki prosesi zamanı Mərkəzi Kəşfiyyat İdarəsi demokratların qərargahı olan Vatergeyt otelində səsdinləmə qurğuları aşkarlamış və istintaq nəticəsində bu qurğuların respublikaçıların binaya yerləşdirdikləri təsdiqlənmişdi. Maraqlıdır ki, 1972-ci ildə aşkarlanan bu qanun pozuntusu 1974-cü ildə, yəni ABŞ əsgərlərinin Vyetnamdan çıxarılmasından sonra “Vaşinqton post” qəzetinə sızdırılmışdı. Görünən bu idi ki, ikinci dəfə prezident seçkilərində qalib gələn Nikson öz əməllərinə görə ABŞ “dərin dövləti” tərəfindən cəzalandırılırdı. Həqiqətən də qalmaqalın getdikcə böyüməsi nəticəsində Nikson istefa vermək məcburiyyətində qalmışdı. Sonradan məlum olacaqdı ki, Niksonun zamanında Ağ evdə təhlükəsizlik müşaviri işləyən Henri Kissincer 1971-ci ildə iki dəfə Çinə gizli səfər etmiş və bəzi mühüm danışıqlar aparmışdı. Niksonun özü də 1973-cü ildə SSRİ-yə səfər etmişdi. Amma bu, ABŞ respublikaçılarının SSRİ-yə ilk səfəri də deyildi. Niksondan əvvəl ABŞ-ın ən zəngin adamı və respublikaçılara yaxınlığı ilə tanınan Devid Rokfellerin də SSRİ-yə ayağı açılmışdı. 1960-cı illərin ortalarında ilk dəfə SSRİ ziyalılarının dəvəti ilə Moskvaya səfər edən Rokfeller 1970-ci illərdə, demək olar ki, hər il 1 dəfə bu ölkəyə gedir və sovet rəhbərləri ilə iqtisadi əməkdaşlıq barədə danışıqlar aparırdı. SSRİ-nin dağılmasından sonrakı illərdə Rokfellerin başlatdığı bu ənənəvi səfərlər respublikaçıların düşünən beyni sayılan Henri Kissincer tərəfindən davam etdirilmişdi. 2000-ci illərdə Kissincer hər il Rusiyaya gedir və Putinlə görüşür, ona lazımi məsləhətlər verirdi. Sovet dövründəki həmin ənənəvi səfərlərin bilinən nəticələri 80-ci illərin axırlarında konkret meyvələr verməyə başlamış və nəhayət, SSRİ dağılmışdı. Həm Rokfellerin özünün, həm də onun ən yaxın adamı, hətta fikir babası sayılan Kissincerin Rusiyaya, Çinə səfərləri və eyni təşəbbüsü bu gün Tramp administrasiyasının davam etdirməsi onu göstərir ki, hazırda ABŞ “dərin dövləti”nin bu iki ölkəylə yaxın təmasları mövcud hakimiyyətin öz ağlının məhsulu deyil. Maraqlıdır ki, bəzən Rusiyaya, bəzən isə Çinə yaxınlaşmaq və müttəfiqlərini öz məqsədləri uğrunda qurban vermək adətən Respublikaçılar Partiyasının dövrünə düşür. Xatırladaq ki, Trampın da respublikaçıdır və onun Rokfeller ailəsi ilə çox yaxın əlaqələri var. Bu mənada ABŞ prezidentinin Ukraynanı Rusiyaya fəda etməsi taktiki bir gediş deyil. Əksinə, Tramp bu savaş bitdikdən sonra Rusiya ilə yaxın münasibətlər quracağını, ona qarşı tətbiq olunan bütün sanksiyaları ləğv edəcəyini və iqtisadi əməkdaşlıqları yenidən bərpa etmək barədə düşündüyünü heç gizlətmir də…”
Heydər Oğuzun fikrincə, Trampın Vladimir Putinə “xala xətrin qalmasın” xəbərdarlıqları ABŞ ictimai rəyində öz hakimiyyəti barədə yaranan bəd fikirləri ortadan qaldırmağa hesablanıb: “Bilirsiniz ki, Trampın bu zamanadək istər Ukrayna, istərsə də digər məsələlərlə bağlı yürütdüyü siyasətlər ABŞ və dünya ictimaiyyəti tərəfindən xoş qarşılanmır. İş o yerə çatıb ki, Amerika vətəndaşları Tramp komandasının ən güclü aktoru İlon Maskın istehsal etdiyi maşınları almır, hətta avtoparklara hücum edib onları yandırır. Statistik məlumatlara görə, “Tesla” firmasının 2025-ci ilin birinci rübündə mənfəətləri 71%, gəlirlər 9% azalıb. Mask itkilərini bərpa etmək üçün hətta siyasətdən ayrılmağa qərar verib. Maskın bu çöküşünün isə bir səbəbi var: Trampın yanında yer almaq. Sözsüz ki, Maskın bu çöküşü Trampın da getdikcə nüfuzdan düşməsinə işarədir. Tramp da eynilə Mask kimi öz imicini bərpa etməyə, yenidən populist çıxışlarla insanların təqdirini qazanmağa məhkumdur. Görünür, onun son paylaşımında Putinə amiranə şəkildə “Vladimir, dur!” deməsi də bu zərurətdən irəli gəlir. Amma bu qarşı çıxışlar davamlı ola bilməz. Əks halda, o, digər sahibkarının da iradları ilə qarşılar və gələn il keçiriləcək ara seçkilərində Konqresi və Senatı tamamilə itirə bilər”.
Sultan Laçın