Trampın qələbəsi Avropa Birliyi və NATO-nun iflasıdır

Ağ Evin yeni sahibinin seçki ərəfəsində verdiyi vədlərin mütləq əksəriyyəti Avropa Birliyi, NATO və Ukraynanın strateji maraqları ilə kəskin ziddiyyət təşkil edir… Bu baxımdan, Tramp administrasiyasının verəcəyi qərarlar yeni dünya düzəninin məzmun və keyfiyyətini də birmənalı şəkildə fərqli istiqamətlərdə təyin edə bilər…

ABŞ-da bütün dünyanın böyük maraqla gözlədiyi növbəti prezident seçkiləri nəhayət ki, baş tutdu. Artıq Ağ Evin sahibi dəyişmiş oldu. ABŞ və bütün dünya yeni hərbi-siyasi mərhələyə qədəm qoydu. Böyük ehtimalla davamlı siyasi və hərbi gərginlik yaratmaq istiqamətində xarici siyasət kursuna üstünlük verən Bayden administrasiyasının tarixin arxivinə göndərilməsiylə, bütün dünyada situasiyanın dəyişməsi müşahidə oluna bilər. Və bu baxımdan, Bayden administrasiyasının beynəlxalq qarşıdurmalar icad etmək hədəflərindən artıq ciddi şəkildə yorulmuş dünya ölkələri indi səbrsizliklə yeni Ağ Ev sahibinin yeni siyasi kursunu gözləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp artıq dünya ölkələrinin liderlərindən qələbə təbriklərini qəbul etməyə başlayıb. Əksər dünya liderləri öz təbrik mesajlarında ABŞ prezidenti Donald Trampdan gözləntilərinin olduğuna da diplomatik eyhamlar vurmağa çalışırlar. Yəni, bütün dünya Ağ Evin yeni sahibinin seçki ərəfəsində verdiyi çoxsaylı vədlərin icrasını gözləyir. Və bu baxımdan, yeni prezident Donald Trampın öz vədlərinə hansı səviyyədə sadiq qalacağı da hazırda böyük önəm daşıyır.

3691375.jpg (607 KB)

Məsələ ondadır ki, əgər, prezident Donald Tramp öz vədlərinə sadiq qalarsa, dünyada bəzi ölkələr və nüfuzlu beynəlxalq qurumlar üçün müəyyən problemlər yarana bilər. Belə ki, Ağ Evin yeni sahibi Avropa Birliyinin maraqlarını, hətta gələcək taleyini belə, təhdid edən vədlər vermişdi. Belə ki, o, ABŞ-ın Avropa Birliyi ölkələrinin təhlükəsizlik problemlərini öz üzərinə götürməyə borclu olmadığını xüsusi olaraq, vurğulamışdı. Və bu, Avropa Birliyi ölkələri arasında ciddi narahatlıq doğurmuşdu.

Belə ki, Donald Tramp Avropa Birliyi ölkələrinə öz təhlükəsizlik problemlərinin həllinə dövlət büdcəsindən yetərli qədər maliyyə vəsaitləri ayırmağı məsləhət görmüşdü. Ağ Evin yeni sahibi Avropa Birliyinin mövcudluğunu qorumasına da laqeyid yanaşdığını gizlətmirdi. Yəni, ABŞ Tramp administrasiyası dövründə Avropa Birliyi ölkələri üçün “humanitar qaynaq” rolunu oynamaqdan imtina da edə bilər. Və bu, yaxın gələcəkdə Avropa Birliyi üçün təhlükəsizlik sahəsinə yönəlik büdcə xərclərini artırmaq məcburiyyəti doğura bilər.

Digər tərəfdən, prezident Donald Trampın Avropa Birliyinə yönəlik mövqeyi həm də NATO üçün də müəyyən problemlər yarada bilər. Belə ki, o, NATO-nun xərclərinin böyük bir hissəsinin ABŞ büdcəsi hesabına ödənməsinin yolverilməz olduğunu qabartmışdı. Bildirmişdi ki, digər üzv dövlətlər də NATO-nun maliyyələşdirilməsində öz iştiraklarını genişləndirməlidir. Və ən əsasısa Donald Tramp NATO-nun öz tarixi missiyasını artıq sona çatdırdığı ilə bağlı qənaətini də qətiyyən gizlətmir.

tramp-avropa.JPG (84 KB)

Belə anlaşılır ki, həm Avropa Birliyi, həm də NATO üçün olduqca ağır və taleyüklü mərhələ artıq başlanmaq üzrədir. Bəzi məlumatlara görə, Avropa ölkələri Donald Trampın seçki qələbəsinə əvvəlcədən hazırlaşmaq üçün müəyyən priventiv addımlar atmağa başlayıblar. Bəzi Avropa ölkələri öz hərbi büdcələrini artırmağa və müdafiə potensialını gücləndirməyə qərar veriblər. Bu, həmin ölkələrin maliyyə xərclərini fantastik məbləğlərə çatdırmış olsa belə, başqa çıxış yolu tapmaqda çətinlik çəkirlər. Və hətta Avropa Birliyi daxilində Trampın hakimiyyətə gəlişi ilə bağlı fəaliyyət planının hazırlanması üzrə xüsusi qurumun yaradılması da vəziyyətin kifayət qədər böhranlı məzmun daşıdığını göstərir.

Maraqlıdır ki, ABŞ-da Tramp administarsiyasının hakimiyyətə gəlişi yalnız Avropa Birliyi və NATO-nu qəliz situasiya ilə üzləşdirməyib. Belə ki, Ağ Evdə hakimiyyət dəyişikliyinin təhdid etdiyi ölkələr arasında Ukrayna da yer alır. Son vaxtlara qədər Ukrayna ordusu Rusiya ilə savaşda yalnız ABŞ və Qərdən davamlı maliyyələşmə sayəsində döyüş qabiliyyətini qoruya bilirdi. Ancaq Dpnald Trampın rəsmi Kiyevi Ukraynanın Rusiya ilə qeyri-bərabər müharibəyə düçar edilməsində ittiham etməsi olduqca ciddi mesajdır. Və bu, o deməkdir ki, yaxın vaxtlarda ABŞ-ın Ukraynaya hərbi dəstəyi ümumiyyətlə, kəsilə bilər.

Xatırladaq ki, ötən il ABŞ Konqresində çoxluq təşkil edən respublikaçılar Ukraynaya hərbi yardımlara maliyyə ayrılmasını uzun müddət bloklamışdılar. ABŞ bundan sonra respublikaçı prezident tərəfindən idarə olnacağından, bu, o deməkdir ki, Ukrayna savaşının maliyyələşdirilməsi məsələsində Ağ Ev və Konqres arasında ortaq mövqenin olacağı qətiyyən şübhə doğurmur. Və ABŞ Ukraynanın arxasından geri çəkilərsə, Avropa Birliyinin də rəsmi Kiyevi təkbaşına maliyyələşdirə biləcəyi o qədər də inandırıcı görünmür.

zelen-tramp-images.jpg (10 KB)

Göründüyü kimi, Donald Trampın seçki qələbəsi Ukraynanın hətta mövcudluğunu belə, təhdid edən faktora çevrilmək üzrədir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ağ Evin yeni sahibi bir müddət öncə Ukraynanın dünya xəritəsindən silinə biləcəyini də açıq mətnlə vurğulamışdı. Donald Tramp hesab edir ki, bunun baş verməməsi üçün rəsmi Kiyev Rusiya ilə sülh sazişinin imzalanması barədə düşünməlidir. Və Ağ Evin yeni sahibi ilk növbədə Rusiyanın siyasi qüruruna toxunmayacaq məzmunda sülh sazişinin hazırlanmasını vacib hesab etdiyini də qətiyyən gizlətmir.

Göründüyü kimi, Donald Trampın seçki qələbəsi əslində, Avropa Birliyi, NATO və Ukraynanın tarixi məğlubiyyətinə də çevrilə bilər. Çünki yeni Ağ Ev sahibinin seçki ərəfəsində verdiyi vədlərin mütləq əksəriyyəti onların strateji maraqları ilə ziddiyyət təşkil edir. Bu baxımdan, hesab etmək olar ki, Tramp administrasiyasının verəcəyi qərarlar yeni dünya düzəninin məzmun və keyfiyyətini də təyin edə bilər. Əgər, Donald Tramp öz vədlərinə sadiq qalarsa, Avropa Birliyi və NATO-nun iflası, Ukraynanın isə ən yaxşı halda, parçalanaraq, ərazi itkilərinə məruz qalması qaçılmaz olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

 

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button