Tural Gəncəliyev: Dağlıq Qarabağın erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırkı status-kvodur
Azərbaycannın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırkı status-kvonun saxlanılmasıdır.
Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlamasını şərh edərkən bildirib.
Şərhdə deyilir:
“Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutunyan bildirib ki, əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması 1975-ci il Helsinki Yekun Aktında nəzərdə tutulmuş öz müqəddəratını təyinetmə prinsipindən bölgənin azərbaycanlı icması ilə birlikdə bərabərhüquqlu şəkildə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində istifadə edə bilər. Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması, işğal faktının legitimləşdirilməsi, yaxud ərazilərin ilhaqı ilə nəticələnə bilməz.
Təhlükəsizlik təminatı ilə bağlı səslənən fikirlərə gəldikdə isə qeyd etməliyəm ki, Ermənistan – Azərbaycan münaqişəsindən ən çox əziyyət çəkən məhz əraziləri işğal olunmuş Azərbaycan Respublikası və mənim kimi öz doğma yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkünlərdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırki status-kvonun Ermənistan tərəfindən qorunub saxlanılması siyasətidir. Ermənistan Silahlı Qüvvələrinin mərhələli həllin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icması üçün heç bir təhlükə yaratmayacaq. Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyildir.
Bundan əlavə nəzərə alınmalıdır ki, Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar. Elə təkcə bu amil Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı çox önəmli bir məqamdır.
Buna görə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha erməni icmasını icmalararası dialoq təklifimizə səs verməyə çağırırıq.
Son olaraq bildirmək istərdim ki, zaman-zaman kriminal məsələlərdə adı hallanmış oliqarx A.Arutunyan öz açıqlamaları ilə “siyasət” və “idarəetmə”də nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir. Onun Azərbaycanı hədələməsi isə istehza və gülüş doğurur. Əslində, bu qondarma “başçı”nın özü də yaxşı dərk edir ki, bölgənin erməni icmasının Azərbaycanın suverenliyindən kənar heç bir gələcəyi yoxdur. Tam ümidvarıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması tezliklə belə kriminal ünsürlərin “hakimiyyəti”ndən azad olunacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaqdır”.