Türk ədəbiyyatının iki böyük fikir zəlzələsi – Tevfik Fikrət və Mehmet Akif – Azər TURAN

“Din və ona söykənən bir əxlaq şüurundan məhrum olan ədəbiyyat böyük ola bilməz…”.

Tomas Eliotun bu fikri Tevfik Fikrətlə Mehmet Akif arasında baş verən ədəbi, əxlaqi, ideoloji və estetik çatışmaya aydınlıq gətirə bilirmi?

Tevfik Fikrətin “Tarixi-Qədim”i din və ona söykənən bir əxlaq şüuruna bağlı deyil. Nəinki bağlı deyil, hətta bu şüura arxa çevirib. “Tarixi-Qədim” Türkiyə tarixində teolojidən və metafizik düşüncədən imtina edən, modern Türkiyəni ümmət mədəniyyətindən qurtaran (Ziya Gökalp) ilk ədəbiyyat nümunəsidir. Din və ona söykənən əxlaq şüuruna qiyam qaldıran “Tarixi-Qədim”in böyük ədəbiyyat olmadığını kimsə iddia edə bilməz. Çünki o, Türk poeziyasında bəlli və əski paradiqmaları yenisi ilə əvəz edən, bəlkə modern dalğanı hərəkətə gətirən ilk şeirdir. Mehmet Akifin isə bütün yaradıcılığı başdan-başa din və ona söykənən bir əxlaq şüuruna, metafizik düşüncəyə bağlıdır. Mehmet Akif də Tevfik Fikrət qədər böyükdür. Türk şeirinin bu iki nəhəngi – biri dinsiz, digəri dindar nəhəngi təkcə Türkiyənin deyil, bizim də fikir həyatımızda hər zaman var oldular. Azərbaycanda onların ikisi də sevildi. Azərbaycan otuz il əvvəl milli mücadilə dalğasına Tevfik Fikrətin “Millət Şərqisi” ilə girdisə, otuz il sonra Qarabağ savaşından Mehmet Akifin “İstiqlal Marşı” ilə çıxdı.

“Tevfik Fikrət çox oxuyan bir insan deyildi, həyat və kitablar arasında metodlu və disiplinli bir kültürlə bəslənən bir fikir adamı və ya qaranlıqlara işıq salmaya çalışan bir filosof mövqeyində bulunmurdu… Fikrətin şeirlərindəki fikri cəbhə üzərində bir dartışma bihudədir” – deyən Nihat Sami Banarlının bu mülahizələrinə haqq qazandırmaq mümkün deyil. Fikrət ən azı yaşadığı çağın Avropa fəlsəfəsini, Bodlerin timsalında dekadentizm, simvolizm cərəyanlarını bilirdi. Və heç şübhəsiz ki, Oqüst Kontun pozitivist fəlsəfəsinə aşinaydı, həm Nitsşenin fəlsəfəsindən, həm Kontun pozitivizmindən, həm də dediyim kimi, Bodlerin poetik sistemindən xəbərdardı.

“Rübabi-şikəstə”nin idealı Halukun nəsli, “Səfahət”in idealı isə Asimin nəslidir. XX yüzilin əvvəllərində türk ədəbiyyatında fikir zəlzələsi də bu iki nəslin arasında baş verib. Fikrət 1905-ci ildə qərbləşmə təmayülünü, hətta az qala, ateizmi çağırışdıran “Tarixi-qədim”i, Akif isə ona cavab olaraq 1912-ci ildə islam birliyini təlqin edən “Süleymaniyyə kürsüsündə” əsərini qələmə aldılar. Məsələyə Əbdürrəşid İbrahim faktoru da qarışınca İstanbulda pozitivizmlə islam üz-üzə gəldi.

Amma bu şeirlər həm də bir tale məsələsi oldu. Yazmaq istədiyim də elə budur…

“Tarixi-Qədim”ə cavab verən Mehmet Akifin “Şimdi Allahı söyər, bol para ver, Protestantlara zangoçluq edər” deyə sanki bəddua etdiyi Fikrət özü protestantlara zangoçluq etməsə də (kilsədə zəng çalmasa da), 1909-cu ildə təhsil almaq üçün Şotlandiyaya gedən yeganə oğlu Haluk sonralar xristianlığı qəbul etdi, bir daha Türkiyəyə qayıtmamaq şərtilə Amerikaya köçdü, atası ilə bütün bağlarını qırdı, evləndi, iki övladı oldu, amma övladlarına türk dilini öyrətmədi… və Floridada protestant Presbiteryan kilsəsində keşişlik etdi…

Fikrət isə Türkiyənin gələcəyini “Halukun amentüsü”ndə – inancında görürdü:

Bir qüdrəti-külliyyə var ülvi və münəzzeh

Qüdsi və müəlla, ona vicdanla inandım.

Torpaq vətənim, nevi-bəşər millətim… İnsan

İnsan olur ancaq buna izanla inandım.

Şeytan da bizik, cin də, nə şeytan, nə mələk var;

Dünya dönəcək cənnətə insanla, inandım.

Fitrətdə təkamül əzəlidir; bu kəmalə

Tövrat ilə, İncil ilə, Quranla inandım.

Əbnayi-bəşər bir-birinin qardaşı… Xülya!

Olsun, mən o xülyaya da min canla inandım.

İnsan əti yenməz bu təsəlliyə içimdən

bir an üçün əcdadımı nisyanla – inandım.

Qan şiddəti, şiddət qanı bəslər; bu müadat

Qan atəşidir, sönməyəcək qanla, inandım.

Əqlin, o böyük sahirin icazı önündə

Batil geçəcək yerlərə hüsranla, inandım.

Zülmət sönəcək, parlayacaq hakkı-dirahşan

Birdən-birə bir tabişi-bürkanla, inandım.

Qollar və boyunlar çözülüb bağlanacaq həp

Yumruqlar o zinciri-hürusanla, inandım.

Bir gün yapacaq fən şu siyah toprağı altın,

Hər şey olacaq qüdrəti-irfanla… inandım.

Tevfik Fikrətin türk gəncliyində görmək istədiyi inanc şəkli bu idi. Haluk isə getdi və qayıtmadı…

Lakin tale hələ sərt üzünü göstərməyib, Fikrət üç ildir ki, təhsil almaq üçün Avropaya yola saldığı oğlunun sabahını bilmir… İstanbulda isə Mehmet Akif onun “Tarixi-Qədim”inə cavab olaraq “Süleymaniyyə kürsüsündə” əsərini yazır.

Əslində, bu fikri mücadilə iki nəfərin deyil, iki düşüncənin, islamçılarla qərbçilərin qarşılaşması və toqquşmasıdır.

Həm də gənc idilər… Türk dünyasını 100 il gərginlikdə saxlayan məfkurə mübarizələrinə başlayanda otuz yaşlarındaydılar… Tevfik Fikrət lap az yaşadı, 47 yaşında dünyasını dəyişdi… Hələ ona qədər neçə il Aşiyanda əfsanəsi bu günə qədər danışılan inziva həyatı…

…Fikrət öz növbəsində Akifin təhdidlərini cavabsız buraxmadı. 1914-cü ildə “Tarixi qədimə zeyl”i yazdı. O bunu zangoç adlandırdığı kimi, bu da onu Molla Sırat adlandırdı. Və bununla da türk düşüncə tarixində ilk dəfə yer yerindən oynadı, baş verən fikir zəlzələsinin təkanları yüz ildən sonra da özünü hiss etdirməkdə, fikir həyatımızı bu və ya digər şəkildə ilgiləndirməkdə davam edir…

Amma Tevfik Fikrət 1905-ci ilə qədər, yəni “Tarixi-Qədim”i yazana qədər “Quran” sevdalısıydı. Onun “Tevhid”i indiyə qədər türkcə yazılmış duaların ən gözəlidir. Peyğəmbər bayrağını vəsf edən “Sancağa qarşı”, yaxud “Sabah əzanı” şeirləri Türkiyədə bu mövzuda yaradılmış bəlkə də ilk modern ədəbiyyat hadisələridir.

Sonra nə baş verdisə, Fikrət “Tarixi-Qədim”də Allaha üsyan qaldırdı. Amma həm də yaxşı ki, “Tarixi-Qədimə zeyl”də işin əslini yazdı. Və pozitivizm türk poeziyasına, məncə, daha çox da bu şeirlə daxil oldu.

“Tarixi-Qədim”dəki Allahı inkar məqamını bir tərəfə qoyaq, bu şeirdə Fikrətin irəli sürdüyü poetik-fəlsəfi sistem sona qədər Hüseyn Cavidin ruhunu tərk etmədi. Cavidin “Yaşamaq istəsən çalış, çabala, / Rədd olub gurla, bərq olub parla! / Yoqsa fəryadü nalə zaiddir, / Bir həqiqət bu: “əzməyən əzilir!” misraları bilavasitə, Tevfik Fikrətin “Tarixi-Qədim”inə istinad edir: “Bir həqiqət: Həqiqəti-zəncir; / Bir bəlağət: Bəlağəti-şəmşir… / Ən cəli hikmət: Əzməyən əzilir!”. Yaxud yenə Fikrətin Tarixi-Qədimə üsyanı Hüseyn Cavidin “Hərb ilahı qarşısında” şeirində Hərb İlahına ünvanlanır: “Endir, ey məhşəri-cidal endir / Pərdələr, səhnei-fəcaatinə! Sönsün artıq bu daimi fitnə… / Yetişir çizdiyin hüdudi-siyah” (T.Fikrət). “Artıq bitir şu səhnəyi, ey müftəris dəha! / Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər! / Endir də bir qədər nəfəs alsın bəni-bəşər” (H.Cavid). Yaxud Tarixi-Qədimin – İskelet obrazının yeni biçiminə “Peyğəmbər” dramında təsadüf edilir: “Çeynəyən haqlı, çeynənən məğyub!” (Fikrət) – “Məhv edən haqlı, məhv olan haqsız” (Cavid). Yaxud Cavidin “Qüruba qarşı” şeirindəki: “Gönüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan, / Dənizlər qan, bulutlar qan, hava qan, iştə hər yer qan…” misraları birbaşa “Tarixi-Qədim”lə assosiasiya edir: “Din şəhid istər, asuman qurban, / Hər zaman hər tərəfdə qan, qan, qan!”.

Qəribədir, Mehmet Akif İstanbul Universitetində Cavidə dərs deyən müəllimlərindən biri olsa da, Cavid şair olaraq ilk dəfə İstanbulda Mehmet Akifin “Sirati-müstəqim” dərgisində çap olunsa da, yaradıcılığı barədə ilk yazılı reaksiyanı elə həmin “Sirati-müstəqim”də görsə də, (Mehmet Akif Cavidin “Son baharda” şeirini “nəşideyi giryan” adlandırmış və dərginin 1909-cu il 38-ci sayında dörd misralıq şeirlə onu təqdir etmişdi) Cavid hər şeyə rəğmən, əvvəldən sona qədər Tevfik Fikrətin cazibəsində qaldı. Bunu Fuad Köprülü də qeyd edirdi… Cavidin digər müəllimi Rza Tevfik isə İstanbulda “Tarixi-Qədim”in, əslində, Fikrətin açıq müdafiəsinə qalxmış yeganə mütəfəkkir idi. Yeri gəlmişkən, Fuad Köprülü 1918-ci ildə, yəni Fikrətin vəfatından üç il sonra, yəqin ki, bu böyük şairlə bağlı yaranmış ictimai susqunluğu ortadan qaldırmaq üçün və dindar kəsimin Tevfik Fikrətə haqsız hücumlarına cavab olaraq “Tevfik Fikrət və əxlaqı” adlı qiymətli bir monoqrafiya yazdı və o yazıda “Tarixi-Qədim”i bəsit əsər adlandırsa da Fikrəti “gəncliyin ruhunda qüdsiyyət duyğuları oyandırmağa, onları məfkurəçi yapmağa çalışan bir əxlaq mürşidi” olaraq dəyərləndirdi.

…Yenə də Mehmet Akif – Tevfik Fikrət qarşılaşmasına qayıdıram. Fikrət “Bilirəm mən də sənin bildiyini”, – deyə Akifə səslənirdi. Həm də deyirdi ki, “Anladım, çünki həqiqət başqa / Başqa yoldan varılırmış haqqa”.

Möminəm: Varlığa imanım var;

Hər qanad bir mələk eylər iqrar.

Ənbiyadan yaşarım müstəğni;

Bir hörümçək götürər haqqa məni…

…Dini-haqq, məncə, bu gün dini-həyat:

Sən nə dersən buna hey Molla Sırat?

Bu həyat dini Oqüst Kontun təklif etdiyi həmin pozitivist fəlsəfəydi.

Məhəmməd Hadinin təbirincə, “bakirə əşar doğan şeir Məsihi” Tevfik Fikrət metafizikadan və ümumiyyətlə, təcrübəyə söykənməyən bütün düşüncələrdən imtina edib özü həyat dini adlı yeni bir din təklif edən Oqüst Kontun təsiri altındadır. Türk poeziyasının modernləşməsində də bu fəlsəfənin önəmli yeri oldu…

Amma maraqlıdır ki, XX yüzilin başlarında Türkiyəni bütövlükdə qapsamış bu ədəbi ideologiyalar nəsilləri parçalaya bilmədi. Asimin nəsli Çanaqqala zəfərinə imza atdı. Atatürk isə həm Asimin nəslinin yanında Çanaqqaladadır, həm də Halukun ideal nəslini təmsil edir.

Asimin nəslini vəsf edən Akifin ruhi yapısı, mənsub olduğu məfkurə yönü nə özünə qədərki, nə də özündən sonrakı türk aydınlarının, şairlərinin heç birində olmamış, görünməmiş və təkrarlanmamışdı. Amma Fikrətdən də neçə il öncə Şinasinin yazdığı “Millətim nevi-bəşər, Vətənim ruyi-zəmin” və sonra Tevfik Fikrətin yenidən aktuallaşdırdığı “Torpaq vətənim, nevi-bəşər millətim insan” misralarının qaynağına – alman filosofu Fixtenin fikirlərinə milli acıdan yanaşan Ziya Gökalp “Türkçülüyün əsasları”nda bəlli düşüncəni kosmopolit adlandırır və onun türkçülük zehniyyəti ilə uzlaşmadığını və heç zaman da uzlaşmayacağını qeyd edirdi. Çünki nevi-bəşərin, yəni bəşər növünün ictimai məzmunu yoxdur, “ictimai fərdlər demək olan insanlar, millətlər halında yaşarlar, Türkçülük millət əsasını qəbul etməyən heç bir sistemlə uzlaşmayacağından kosmopolitləri içinə almaz”. “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsərində məsələyə yenidən və bu dəfə bir qədər fərqli şəkildə toxunan Gökalp, Fixteni xatırladır: “Prusyanın Napolyon ordusu tərəfindən rəzil edildiyi böyük fəlakət anında fışqıran “germanlıq” məfkurəsi səbəbiylə bu etiqadından vaz keçmişdir. Çünki o zamana qədər millətim nevi-bəşərdir, vətənim ruyi-zəmin’ deyən filosof Fixte, o anda iliklərinə qədər german olduğunu hiss ve elan etmişdir”.

Ziya Gökalpın bu fikirlərinə qədər, Fikrət artıq milli mücadilənin proqram səciyyəli ilk bədii mətnini – “Millət Şərqisi”ni yazmışdı. “Millət Şərqisi”nin müəllifi kosmopolit ola bilməzdi.

Türkiyənin fikri gəlişməsində İsmayıl bəy Qaspıralının, Yusif Akçuranın, Əli bəy Hüseynzadənin, Ziya Gökalpın əsaslı rollarını qeyd etməyə ehtiyac var. Məhz onlar din və milliyyət duyğusunu ayrılmağa qoymadılar, müsəlman kimliyinin alt yapısında milliyyət şüurunu yerləşdirə bildilər və təbii ki, bunun da ən böyük və tarixi qarantı Atatürk oldu. “Tevfik Fikrətin “Tarixi-Qədim”i dünyada yapılması gərəkən bütün inqilabların qaynağıdır” deyən Atatürk həm də Mehmet Akifə “İstiqlal marşı”nı yazdırdı. Dindən azad, laik, dünyəvi Türkiyədə Quranın məalını hazırlamağı, çevirisini gerçəkləşdirməyi də Mehmet Akifdən başqasına etibar etmədi.

İstiqlal dövrü Türkiyəsinin mənəvi yapısını da daha çox Tevfik Fikrətin və Mehmet Akifin şeirləri yaratdı. Akifin “İstiqlal marşı”na gedən yol Fikrətin “Millət Şərqisi”ndən başlayırdı.

Akif dini yönləri türklüyünə, türklüyü islamlığına boy verməyən, çox vaxt əsasən islam tərəfi ağır gələn, ən həssas məqamlarda isə türklüyü düşüncələrinin dominantına çevrilən Quran şairidir. İslamçı şairdir, amma həm də necə islamçı şairdir ki, Çanaqqala şəhidini: “Bu daşındır, deyərək Kəbəni diksəm başına… Yenə bir şey yapa bildim deyəməm hatırana”, – deyə vəsf edə bilmişdir? İslam şairləri arasında bu cəsarəti bir də böyük islam mütəfəkkiri, Pakistan şairi İqbal etmişdi. Qurtuluş savaşı dönəmində İstanbulu Kəbə ilə, Mustafa Kamalı Məhəmməd Mustafa ilə qiyaslandıran Məhəmməd İqbal: “İstanbul torpağı, ümmətin mehdisinin şan-ü şövkətinin parlaq timsalı, / Kəbə torpağı kimi bu torpaq da tərtəmizdir…” – deyirdi. “Türk fidanı Qərb ildırımının onu davamlı rahatsız etməsinə rəğmən kök saldı və meyvə verdi; Peyğəmbər Məhəmməd Mustafa, münafıq düşməni Əbuləhəbin təhqirlərinə müqavimət göstərməklə necə kamala çatmışdısa, türklərin Mustafası (yəni Mustafa Kamal) da bu Frənglərlə çarpışma nəticəsində kamala çatdı”. Ümmət şairi Məhəmməd İqbal Qurtuluş savaşı illərində Pakistan xalqını türklərin yardımına səsləyir, türkləri vəsf edən şeirlər yazırdı. “Süleymaniyyə kürsüsündə” Əbdürrəşid İbrahim Yaponiyadan Hindistana, indiki anlamda isə Pakistana səyahət etmişdi. Və poemada vəsf olunan hind müsəlmanlarının – pakistanlıların dilindən anlatdıqları elə əslində Məhəmməd İqbalın o illərdə yazdıqlarından başqa bir şey deyildi.

“Süleymaniyyə kürsüsündə” pakistanlılar Əbdürrəşdə xitabən: “Hindin İslamını pək Türkə qiyas etməyiniz. / Onların ruhi-şəhamətlə coşan qanları var… / Onu bir kərrə eşitsək… Bu səadət yetişir” – deyirdilər.

Bunu isə türk milləti barədə Pakistanda Məhəmməd İqbal “Mustafa Kamal Paşaya səsləniş” şeirində yazıb: “Bir millət var biz onun varlığıyla ulaşdıq / İlahi qanunların gizli gerçəklərinə / Bir baxışda yön verdi bizlərə, dağları aşdıq / Dünya günəşi olduq bir qığılcım yerinə!”.

Akifdə türklük ruhu fərqli və yeni hadisəydi. Doğrudur, “Süleymaniyyə kürsüsündə” Akif qövmiyyət duyğusuna qarşıdır, “Aynı milliyyətin altında tutan İslamı, / Təməlindən yıxacaq zəlzələ qövmiyyətdir” – deyir. Amma on il sonra, İstiqlal Savaşı sırasında millətinə “Qəhrəman irqim!” – deyə səslənməsi milli məsələdə Mehmet Akifin “İslamda qövmiyyət məsələsi yoxdur”, – deyən Əhməd Naim Babanzadə ilə eyni sırada durmadığını təsdiqlədi. “Qəhrəman irqim!” xitabını Akifdən başqa heç bir şair, hətta ən qatı türkçü Nihal Atsız belə işlətməmişdir. Atsız “Mən irqimin şərəf daşan əfsanəsindəyəm” desə də, millətinə “Qəhrəman irqim” deyə bir səslənişi yoxdur… Bu mənada ümmət şairi Ərsoy millətin çıxarları tələb edəndə nəinki qəhrəman irqini vəsf edir, hətta milli qəhrəmanını, Çanaqqala şəhidlərini öyərək “Bədrin arslanları ancaq bu qədər şanlı idi” deyə türk ünsürünü islam ideallarının fövqündə dəyərləndirməyi bacarırdı. Çanaqqala savaşını Bədr savaşı ilə, Çanaqqalada döyüşən türk əsgərini Bədrin arslanları ilə, yəni Hz. Həmzə, Hz. Əli ilə qiyaslandıracaq qədər türk ruhu ilə aşıb-daşırdı. Ancaq yenə də sonda “Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər, Sana ağuşunu açmış duruyor Peyğəmbər”, deyərək türk millətinin ən böyük ümmət şairi olduğunu, ümmət şairi olaraq qaldığını isbatlayırdı. Mehmet Akif imanı yaradıcılığında və şəxsiyyətində birləşdirib poeziyada ümmət məfkurəsini yaratdı. Amma heç bir ümmət şairi bunu deməyə özündə təpər tapmazdı ki: “Çatma qurban olayım, çöhrəni, ey nazlı hilal! / Qəhrəman irqimə bir gül… Nə bu şiddət, bu cəlal? / Sana olmaz tökülən qanlarımız sonra halal, / Haqqıdır, haqqa tapan millətimin istiqlal”. Hilal islamın rəmzidir. Akif deyir ki, ey hilal, qəhrəman irqimin üzünə gül, yoxsa tökülən qanlarımız sənə halal olmaz…

Zamanında Akifi ittiham edən islamçılar “Bir hilal uğruna, ya Rəbb, nə günəşlər batıyor?” dediyinə görə, (yaxud da əksinə, “sanki: “Hilal uğuruna ya Rəbb nə günəşlər batıyor” deyərkən, keşkə batmayaydı, demək istəyibmiş” (Samiha Ayverdi) İslam şairini yersizcə qınayıblar. Amma qınasalar da, fikri poetik ruhi əlbisəyə bürüyüb düşüncələrini olduğu kimi ifadə edə bilmək, Akifin şair səciyyəsi bu qınaqların fövqündədir…

Türk imanının bundan daha parlaq və ekspressiv çağı türk ədəbiyyat tarixinin başqa heç bir dövründə olmamış, görünməmişdir… Hələ üstəlik, Akif səngərdəki əsgəri və milləti “əhli-səlibin həyasız üzünə tüpürmək” üçün kükrədir və qurtuluş savaşına uğurlayırdı… “Tüpürün, milləti alçaqca vuran zərbələrə, / Tüpürün onlara alqış dağıdan qəhbələrə”.

Kosmopolitizm zamanı deyildi. Bütün bəşəriyyəti bir-birinin qardaşı, bütün Yer kürəsini hər kəsin ümumi vətəni olaraq görmək Akifin yaradılışına, xarakterinə uyğun olmayıb və ona görə də Cemal Kuntaya demişdi: “Sən də bu yalana inanıyormusun? Bir avropalının nevi-bəşərinə, ruyi-zəmininə türklər və müsəlmanlar daxildir sanırsan?.. Birinci Dünya müharibəsi illərində biz üç nəfər Berlinə getdiyimiz zaman Alman hökuməti bizə nə dedi bilirmisən? Türklərlə ittifaq etdik deyə Reyxstaqda katolik məbuslar bağırırlar, müsəlmanlar və türklər kimi vəhşilərlə mədəni alman milləti nasıl birləşir? – deyirlər. Məqalələr yazın da türklərin və müsəlmanların da insan olduqlarını bu adamlara isbat edəlim”.

Bu sətirləri yazdıqca, düşünürəm ki, İkinci Qarabağ savaşında, Pakistan və Türkiyə amili də daxil olmaqla, əslində, Mehmet Akifin “Süleymaniyyə kürsüsündə” təlim etdiyi fəlsəfə daha yaxından iştirak etdi.

Akif eyni bir sövq-təbii ilə həm islama, həm də türklüyə bağlı bir fikir adamıydı. Nurəddin Topçu yazır: “O zamana qədər milliyyətçi deyilincə dinə qarşı və ya ona yad olan bir insan, dinçi və müsəlman deyilincə də milliyyətçiliyi tanımayan insan əqlə gəlirdi. Milliyyətçi irqçi, dinçi isə xurafatçı və vətənsiz varlıq idi. Ruhlarımızı… bu səfsətədən qurtaran Mehmet Akifdir. Türkün müsəlmanlıqdan, milliyyətçiliymizin islamdan ayrılmayacağını bizə öyrədən o oldu”.

Mehmet Akifin şeiri yalnız sırf ilhamın törətdiyi ədəbi hadisə deyil, həm də dövrünə görə əvəzolunmaz məfkurəvi, milli və hərbi zamanın təkanı ilə hasilə gəlmiş tarixi hadisədir. Tevfik Fikrət üçün isə önəmli olan şeirin estetikasıdır. Əbdülhak Hamidə görə “Tevfik Fikrət bir şeir rəssamıdır”. Hətta bəlkə türk poeziyasının ən möhtəşəm və möhtəşəm olduğu qədər də, Yahya Kamalın təbiriycə, “Vicdan və ruh ələmlərinin ən zəhərlisi” olan “Sis” şeirinin də üstün və bənzərsiz bir rəsm, lövhə, peyzaj səciyyəsi vardır və bunu yalnız dahi şair yarada bilərdi.

Akif şəhidlər barədə yazdığı kimi, Fikrət də şəhidlər barədə yazıb. “Şəhidlikdə” şeirini nəzərdə tuturam. Eynən Cənab Şəhabəddinin “Qar nəğmələri”ndə olduğu kimi, burda da “psixoloji intiba imajların içində gizlidir…” (M.Kaplan) Fikrətin həmin şeirində son yağmurun cəvahir danələri tökülür, günəş ağ, mavi, bənövşəyi kölgələr içində gözəl bir qadın vüqarı ilə qürub edir. Üfüqdə parçalanan buludlardan yerə bir saflıq səpilir… Hüzur və uyqu: gəlib getmənin əzəli ehtiyacıdır. Dikili daşın həzin üzündə “HÜV-ƏL BAQİ” yazılıb. (Ölümsüz olan yalnız Allahdır). Bu daş faniliyin simvoludur. Bu sərvilər ürkək və çəkingən bir təbəssümlə keçib gedənlərin ibrətli xatirələrini oxuyur. Bu sadə məzarlıq beş əsrin aşiyanıdır. Tevfik Fikrət bu aşiyanda ürpərti və qorxunun bitkinliyi içində bu kölgələrdən imdad istəyir. Babaların qafiləsini gözünün önündən keçirir… Ətraf uyuyur kimidir, sahildən iki-üç işıltı əks edir. Günəş batacağı yerdə gah parlayıb, gah sönərək səmada gülüşlər, çiçəklənişlər göstərir… Sükut içində qalan kainata enən bir titrək azan sədası, ilahi saflığıyla insanı bayıldır… Qaranlıqlar ağır-ağır ağacların üstünü örtür, buludlarıyla səma indi, sanki bir ölüm pərdəsidir… Bu vahiməli pərdə ərzə enərkən, uzaqdakı Ay ağacların üstündən şəhidliyin gecə lövhəsinə göz vurur. Bir az öncə şairin xəyalına vəhşət verən bu qaranlıqlar, bu tablonun aydınlığıyla qeyb oldu. Və Ay buludların altından hər çıxışında dalğaların üstünə bir nur qəsidəsi yazdı.

Avropa, xüsusən fransız simvolizmi, hətta dekadans Türk şeirinə Tevfik Fikrətlə və “Sərvəti-fünun”la daxil olur. Yanında həm də “Düşüb üstündə ağlamaq dilərəm, / Söylə, ey Tanrı, dizlərin nerədə?”, – deyə mlli poeziya ilə modern düşüncənin arasındakı metafizik harmoniyanı pozmadan Tanrıyla məhrəm bir üslubda danışan Cənab Şəhabəddin vardır…

Fikrətin Tanrı düşüncəsi də, poetik sistemi də yuxarıda dediyim kimi, Bodleranədir. Fikrətin 1899-cu ildə yazdığı “Gayyayi-vücud” şeiri türk poeziyasına xatırlatdığım “Şəhidlikdə” şeirindən də qabaq dekadans qürubunu və modernizm estetikasının dərin cizgilərini gətirmişdi. Vücud quyusu, daha doğrusu, cəhənnəm quyusu anlamına gələn “Gayyayi-vücud”un təsvir etdiyi cəhənnəm həyatın özüdür. “Gayyayi vücud”dakı həyat Bodlerin “Leş” şeirindəki qadınla eynidir. Həşəratlarla, mikroblarla, ilanlara, böcəklərlə qaynaşan cəhənnəm quyusunu Fikrət həm də güzgüyə, aynaya bənzədib: “titrədir qəlbi, fəqət, qurtulamaz gözləriniz… nəzər etməkdən o mirati-səmaluda yenə” (qəlbinizi titrədər, fəqət gözləriniz o ağulu suya, zəhərli aynaya baxmaqdan qurtula bilməz)”.

***

Yazının əvvəlində qeyd etdim ki, Azərbaycanda onların ikisi də sevildi. Azərbaycan otuz il əvvəl milli mücadilə dalğasına Tevfik Fikrətin “Millət Şərqisi” ilə girdisə, otuz il sonra Qarabağ savaşından Mehmet Akifin “İstiqlal Marşı” ilə çıxdı.

Və təkcə burda deyil, Təbrizdə də var oldular, sevildilər. “Türkiyəyə xəyali səfər” şeirində Şəhriyar da onları ayırmadı:

Gəlmişəm nazlı hilal ölkəsinə,

Fikrətin incə xəyal ölkəsinə.

Akifin marşı yaşardıb gözümü

Baxıram Yahya Kamal ölkəsinə.

Tevfik Fikrət Azərbaycanda 1906-cı ildən etibarən tanınmağa başlayıb. Haqqında yazılmış ilk elmi mülahizənin müəllifi Əli bəy Hüseynzadədir. “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsində yazırdı ki, “Füyuzat”ın ikinci nömrəsində Tevfik Fikrət bəyin nəsr dilinə uyğunlaşdırılmış yeni şeirlərini oxuyub qeyri-adi ifadə tərzinə, qəribə üslubuna təəccüb edərsiniz. Ehtimal heç bəyənməmək istərsiniz. O zaman sizə bildirərlər ki, “Rübabi-şikəstə”dən alınmış olan bu şeirlər dekadent üsulunda şeirlərdən olub Tevfik Fikrət bəy də osmanlı dekadentlərinin başçılarındandır… Osmanlı dekadentizmə nəzminin ən mahir şairi “Rübabi-şikəstə”yi yazan Tevfik Fikrət bəydir”.

Əli bəy Hüseynzadə Mehmet Akifin də yaradıcılığından yan keçməyib. 1928-ci ildə hazırladığı “Ensiklopedik Tibb lüğəti”ndə, daha doğrusu, lüğət üçün yazdığı “Alam” sözünün izahında belə bir şərh var: “Ələmlər, ağrılar, acılar (bax: Ələm). Alami-asabiyə – sinir ağrıları (fr.douleurs nevral-gigues). Alam və ektar: Dərdlər və qayğılar (fr. douleurs et chagrins). Alami-həyat: (fr. souffrances de la vie) və Alam-ı həyatın iki qat bükdüyü ecsat (Mehmet Akif)”.

…Mehmet Akif “İstiqlal Marşı”nı külliyyatına – “Safahat”a daxil etməyib, “İstiqlal Marşı” mənim deyil, türk millətinindir”, – deyə onu millətə ərməğan edib. Hələ üstəlik, “İstiqlal Marşı” üçün verilən mükafatı da Sarıqışla qospitalındakı yaralı qazilərə ərməğan edib. Qışda əyninin yeganə paltosunu soyuqdan üşüyən dilənçiyə, qonorarını yaralı əsgərlərin müalicəsinə ianə edən Mehmet Akif özü ehtiyac və borc içərisində çırpınıb…

Və taleyə bax ki, “İstiqlal Marşı”nda “Dalğalan sən də şafaklar kibi ey nazlı hilal” deyə, türk bayrağını qutsallaşdıran Mehmet Akifin cənazəsinin üstünə örtmək üçün bayraq tapılmayıb…

Tevfik Fikrətin isə islam dinini inkar etməsi səbəbilə cənazə namazının qılınmasında tərəddüd edilir. Eynən Abdulla Cevdətin dəfnindəki kimi… Baxmayaraq ki, o da Cevdət kimi, “dindar bir dinsiz və ya dinsiz bir dindar” idi.

Azər TURAN

Mənbə
edebiyyatqazeti.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close