Türk ordusunda xidmət etmiş azərbaycanlılar – ARAŞDIRMA

1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsindən sonra Cümhuriyyətin bəzi zabitləri edam edildi, bəziləri isə mühacirətə gedə bildilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük şücaət göstərən Həbib bəy Səlimovun timsalında xalqımızın qiymətli oğulları bolşeviklər tərəfindən qətlə yetirilsələr də, Vəli bəy Yadigar, Firidun bəy Daryal, Cahangir bəy Kazımbəyli kimi onlarla gənc zabitimiz ömürlərini Vətəndə uzaqda davam etdirdilər. Bu məqalədə qardaş Türkiyədə yaşamış, türk ordusuna xidmət etmiş bəzi zabitlərimiz haqqında məlumat verəcəyik.

Cahangir Novruzov (Berker)

General Cahangir Novruzov 1894-cü ildə Bakıda hərbçi ailəsində doğulub. Atası Yusif bəy Novruzov olub. Bu ailədən Azərbaycan ordusunda bir neçə zabit (general Teymur bəy Novruzov, minbaşı Rüstəm bəy Novruzov) xidmət edib. O, hərbi nazirin 31 dekabr 1918-ci il tarixli əmri ilə 10 dekabr 1918-ci il tarixdən “podyesaul” (kapitan) hərbi rütbəsində Cümhuriyyət ordusunda həqiqi hərbi xidmətə qəbul edilib, işğala qədər bu vəzifədə fəaliyyət göstərib. Rusiya işğalına qarşı başlanan Gəncə üsyanında iştirak edib, dirənişin məğlubiyyətindən sonra Cənubi Azərbaycana, daha sonra Türkiyəyə keçib. Ərzuruma gələn Cahangir bəy burada Türkiyənin milli mücadilə hərəkatının öndərlərindən Kazım Qarabəkir paşanın ordusuna qoşulub. Döyüşlərdə topları ilə düşmən təyyarələrini uzaqlaşdırdığı üçünordu komandanlığının rəğbətini qazanıb. Qurtuluş savaşından sonra ingilis fitnəsi ilə başlayan Şeyx Səid və Ağrı üsyanlarının yatırılmasında iştirak edib. Döyüşlərdən sonra daha professional hərbçi kimi yetişməsi üçün 1928-ci ildə hərbi məktəbə yazılıb, 1929-cu ildə topçu məktəbini bitirib. Topçu kimi böyük uğurlara imza atan Cahangir bəy albay rütbəsi alıb, Kütahyada topçu alayı komandanı vəzifəsinə qədər yüksəlib. 1948-ci ildə Türkiyənin Zəfər Günü olan 30 avqust tarixində tuğgeneral rütbəsinə layiq görülüb. İzmirdəki son xidmətindən sonra 1953-cü ildə təqaüdə çıxıb, Bornova qəsəbəsinə yerləşib. Vəsfiyyə xanımla evliliyindən üç qızı dünyaya gəlib. Türkiyədə Berker soyadını alan Cahangir bəy 17 iyul 1958-ci ildə evində infarktdan dünyasını dəyişib.

Yunis Şəkərov (Xəzərli)

Azərbaycan Cümhuriyyəti zabitlərindən Yunis Şəkərov Məşədi oğlu (Xəzərli) 1893-cü ildə Gəncədə doğulub. 1917-ci ildə Tiflisdə hərbi məktəbi bitirib. Ardınca Qafqaz İslam Ordusuna qatılıb. Nuri paşa onu Poçt idarəsində senzura məmurluğuna təyin edib. O, Osmanlı ordusunun 5-ci Qafqaz firqəsinin 13-cü piyada alayı 1-ci taborunda bölük komandanı olub. 1918-ci ilin sentyabrında Bakının işğaldan azad olunmasında iştirak edib.

14 dekabr 1918-ci ildə “poruçik” hərbi rütbəsində Cümhuriyyət ordusunda həqiqi hərbi xidmətə qəbul edilib və Hərbi nazirin 24 dekabr 1918-ci il tarixli 26 №-li əmri ilə Qazax şəhərində dislokasiya edilmiş təlim taboru komandirinin sərəncamına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilib. Təşkilati-ştat dəyişikliyi ilə əlaqədar olaraq Qazaxda dislokasiya edilmiş təlim piyada taboru 3-cü Gəncə piyada alayı tərkibinə 3-cü piyada taboru kimi daxil edilib. Hərbi nazirin 18 yanvar 1919-cu il tarixli 28 №-li əmri ilə xidmət yeri həmin alayda saxlanılıb. Nazirlər Şurası Sədrinin 24 noyabr 1919-cu il 45 №-li və Hərbi nazirin 08 dekabr 1919-cu il 563 №-li əmri ilə növbəti “ştabs-kapitan (piyada üzrə)” hərbi rütbəsi verilib. Hərbi nazirin 01 fevral 1920-ci il tarixli 62 №-li əmri ilə Kürd atıcı taborunun komandiri vəzifəsinə təyin edilib. Cümhuriyyətin süqutuna kimi “ştabs-kapitan” hərbi rütbəsində Kürd atıcı taborunun komandiri kimi həqiqi hərbi xidmətdə olub.

Cümhuriyyətin işğalından sonra İran yolu ilə 2 iyul 1920-ci ildə Ərzuruma gəlib. Həmin ilin noyabr ayında Tiflisdəki Türkiyə səfiri miralay Kazım Direklə birlikdə bolşeviklərə qarşı təşkilatda çalışıb. Ardınca Türkiyənin Qurtuluş Savaşına qatılıb, göstərdiyi şücaətlərə görə İstiqlal Medalı ilə təltif olunub. Qars, Ankara və Konyada xidmət edib. Türkiyənin şərqində hökumətə qarşı baş verən Şeyx Səid, Hazo, Haco, Dersim və Çapakçur üsyanlarının yatırılmasında iştirak edib. 1930-cu ildəki Ağrı üsyanında 2-ci tabor 7-ci bölük komandanlığı vəzifəsində çalışıb. 1935-ci ildə Göksun Hərbi Şöbə rəsiliyində, 1941-ci ildə Tümən hərbi dairəsi mülhaqlığında, Kırşehir hərbi şöbə rəisliyində xidmət edib, Sorgun və İslahiyedən sonra Hadımköy 32-ci alay komandanlığına təyin olunub.

1949-cu ildə Uşak, 1950-ci ildə Muş şöbə və dairə rəisliklərində, 1950-ci ilin sonlarında isə Kurtalan-Konak komandanlığından təqaüdə çıxıb.

Xəzərli 1923-cü ildə ailə həyatı qurub, iki qızı, iki oğlu olub. 9 aprel 1965-ci ildə İstanbulda vəfat edib.

Çingiz Şahtaxtlı (Yurdçu)

Azərbaycan Cümhuriyyəti zabitlərindən Çingiz Şahtaxtlı (Yurdçu) 1898-ci ildə Naxçıvanda – Şərur mahalının Şahtaxtı kəndində doğulub. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru olub. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra Şahtaxtı kəndinə qayıdıb. Əliqulu ağanın atası Hacı Vəli ağa Naxçıvan və İrəvanda, eləcə də, Tiflisdə tanınmış zadəgan olub. “Kavkaz” qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun “İgidliyə görə” qızıl medalla təltif edilməsi, Rusiya ordusunda müsəlmanlardan ibarət atlı süvari polkunun naibi olması haqqında məlumat mövcuddur.

Çingiz Şahtaxtlı ilk təhsilini Naxçıvandakı rus-türk məktəbində alıb. Onun İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı qardaşları da olub. Çingiz bəyin Tiflisdə və Sankt-Peterburqda hərbi təhsil alması ilə bağlı şifahi məlumatlar mövcuddur. 1918-ci ildən sonra Çingiz Şahtaxtlının adına Naxçıvan tarixi ilə bağlı yazılan sənədlərdə rast gəlinir. Erməni daşnakları Qarsda, İrəvanda, Şərurda və Naxçıvanda azğınlıq etdiyi illərdə (1918-1920) onun adı ən yaxşı döyüşçü kimi çəkilib. Çingiz bəy 1919-cu ildə Bakıda hərbi məktəbi bitirib, Azərbaycan Ordusunda xidmətə başlayıb. Azərbaycanın istilasından sonra bolşeviklərə qarşı mübarizə aparıb, sonra Türkiyəyə mühacirət edib. Mustafa Kamal paşanın rəhbərliyi ilə Türkiyənin istiqlal savaşı başladığı zaman yüzbaşı kimi bu müharibəyə qatılıb, yunanlara qarşı aparılan şiddətli döyüşlərdə bir ayağını itirib. “Azərbaycan” jurnalındakı nekroloqa görə, Yurdçu ayağını itirməsinə görə həmişə belə deyərmiş: “Anadolu istiqlal savaşında qazi oldum, kaş ömrüm vəfa etsin, Azərbaycanın İstiqlal hərbində də şəhid olum!”

Şahtaxtlılardan Kamil ağanın anası qarxunlu Zivər xanımın oğluna söylədiyi xatirələrindən məlum olur ki, həmin illərdə Naxçıvana köməyə gələn türk əsgərlərinin qərargahı Şahtaxtı kəndində yerləşirmiş və Xəlil bəy Şahtaxtinskilərin yaxın dostları imiş. 1921-ci ildə Moskvaya gedən Türkiyə hökumət nümayəndə heyətini mühafizə edənlərdən biri də Çingiz bəy Şahtaxtlı idi. Döyüşlərdə əlil olan Çingiz bəy ömür-gün yoldaşına yazıb ki, “artıq yarımadam olmuşam, bilmirəm indi məni sevəcəksən, ya yox? Əgər sevməyəcəksənsə, evə qayıtmayım”. Həyat yoldaşı isə ona yazır ki, “indi daha çox sevəcəyəm, sən Türkiyənin müstəqilliyi uğrunda Qazi oldun”.

Çingiz Yurtçu 1961-ci il fevralın 4-də vəfat edib, ertəsi gün günorta Bağdad küçəsi üzərindəki Ərənköy məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn olunub.

Ç.Yurdçunun ilk məzarının üzərində belə yazılıbmış: “İstiklal Harbi Malul Gazisi Azerbaycan Eşrafından Cengiz Yurtçu (Şahtahtinski) Burada Medfundur”.

 

 

Ailə məzar yerini sonradan təmir etdiyi üçün, təəssüf ki, mövcud məzar daşında bu ifadələr yer almayıb.

Çingiz bəy Faidə xanımla (1976-cı ilin avqustunda vəfat edib) ailə qurub, Güldərən və Könül adlı övladları olub. Qızı Güldərənin (Gülderen Akpınar, 28.01.1926-01.04.2011) məzarı da Qaraca Əhməddə onun yanındadır.

Musa Quliyevə görə, Kəngərlidəki Yurdçu kəndi Şahtaxtinskilərin ata-babadan miras kəndləri olub. Çingizin atası Əliqulu ağanın da miras torpaqları əsasən Şahtaxtı və Yurdçuda yerləşib. Çingiz Şahtaxtlının Türkiyədə Yurdçu soyadını götürməsinin də bununla bağlı olduğu ehtimal edilir.

Firidun Sultanov (Daryal)

Azərbaycan Cümhuriyyəti zabitlərindən Firudin Sultanov (Daryal) 1900-cü ildə indiki Laçın rayonunun Təzəkənd kəndində doğulub. 18 noyabr 1918-ci il tarixdə “podpraporşik” hərbi rütbəsində Gəncə Podpraporşiklər Məktəbini bitirib və 1-ci piyada diviziyasının 3-cü Gəncə piyada alayı komandirinin sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilib. Hərbi nazirin 31 mart 1919-cu il tarixli 169 №-li əmri ilə növbəti “praporşik (piyada üzrə)” hərbi rütbəsi verilib. 18 noyabr 1919-cu il tarixdə Hərbi nazirin 535 №-li əmri ilə 08 noyabr 1919-cu il tarixdən Qarabağ General Qubernatorunun sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün ezam edilib. Nümunəvi hərbi xidmətlərinə görə Nazirlər Şurası Sədrinin 21 mart 1920-ci il tarixli və Hərbi nazirin 24 mart 1920-ci il tarixli 167 №-li əmri ilə “podporuçik (piyada üzrə)” hərbi rütbəsinə layiq görülüb. Podporuçik Sultanov 1920-ci ilin iyun ayında Qarabağ üsyanında yaxından iştirak edib. Üsyandan sağ qurtulan hərbi hissələrin qalıqları ilə İran üzərindən Türkiyəyə keçib və Türkiyə ordusunun tərkibində Azərbaycan alayının bölmələri ilə Qurtuluş savaşında iştirak edib. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər şərqi Anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan Şərq hərəkatında yer alıb.

Qurtuluş savaşında iştirak edən F.Daryal “İstiqlal” ordeni ilə təltif olunub. O, İstanbulda ali hərbi təhsil alıb, “Şeyx Səid” üsyanının yatırılmasında iştirak edib. Daryal Türkiyə ordusunda polkovnik rütbəsinədək yüksəlib, 1965-ci ildə təqaüdə çıxıb.

F.Daryal iki dəfə ailə həyatı qurub. İlk nikahını İstanbulda hərbi təhsil alarkən bağlayıb. Bu nikahdan bir oğlu və bir qızı olub. Qızı Leyya Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğlu ilə ailə qurub. 1985-ci ildə vəfat edib, bir qızı var. Oğlu professor Əli Murad Daryal Türkiyədə tanınmış ilahiyyatçı alimdir. Firudin bəy ikinci dəfə çox sonralar – 1952-ci ildə evlənib. Həmin nikahdan övladı olmayıb.

Məzar daşında belə yazılıb: “İstiklal Harbi Gazilerinden Kafkasyalı Emekli Suvari Albayı Ferudun Daryal”.

1991-ci ildə oğlu Əli Murad Daryal Laçının Təzəkənd kəndinə gedərək ata-baba yurdunu ziyarət edib.

Baba Behbud

Cümhuriyyət zabitlərindən Baba Behbud 1897-ci ildə Şuşada doğulub, soyadları Pənahəli xanın qardaşı Behbudəli bəylə bağlıdır. Baba bəyin atası Mustafa bəy Behbudov Qarabağda sayılıb-seçilən şəxslərdən olub. Baba Behbud Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Gəncədə yaradılan hərbi məktəbdə təhsil alıb. Hərbi xidmətə Qarabağ süvari alayında zabit olaraq başlayıb.

1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdikləri xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. Azərbaycan Cümhuriyyətinin işğalından sonra Baba bəy bolşeviklərə qarşı başlanmış üsyanlara qatılıb, daha sonra Türkiyəyə mühacirətə gedib, burada zabit kimi fəaliyyətini davam etdirib. Bir müddət 12-ci tümənin, daha sonra isə Qarsın mühasirə hərəkatında iştirak edəcək olan 9-cu tümənin tərkibinə verilib.

Ailənin verdiyi məlumata görə, Baba bəyi Türkiyənin Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürk “İstiqlal” ordeni ilə təltif edib. Savaşdan sonra 1925-ci ilin fevral ayında Türkiyənin cənub-şərqində başlayan Şeyx Səid üsyanının, daha sonra isə 1926-cı ildə kürd əşirətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanının yatırılmasında iştirak edib. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant rütbəsi ilə təltif olunan Baba Behbud 1948-ci ildə xidmətləri nəzərə alınaraq polkovnik rütbəsinə layiq görülüb və Ankarada süvari alayının komandiri vəzifəsinə təyin edilib. 1955-ci ildə yaşa görə təqaüdə çıxıb. Behbud mühacirətdə Məhəmmədəmin Rəsulzadənin yanında yer alıb, toplantıların birində bərabər fotoşəkil də çəkdiriblər. Baba bəy 10 iyul 1970-ci ildə İstanbulda vəfat edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button