Türkiyənin Şimali Kiprdəki səfiri: Ankara, Bakı və Lefkoşa ümumi beynəlxalq hüquq böhranı problemi ilə üzləşir

Azərbaycan da Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) kimi onilliklərdir ki, beynəlxalq hüququn yetərsizliyi və böhranı problemi ilə üzləşib. Bu sözləri Türkiyənin ŞKTR-də səfiri Metin Feyzioğlu AZƏRTAC-a müsahibəsində deyib.

Diplomatik nümayəndəliyin rəhbəri xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi tamamilə ədalətli və tarixi reallıqlara əsaslanıb, beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası Bakını dəstəkləyən bir sıra sənədlər qəbul edib, amma bir sıra xarici dairələr Ermənistana təzyiqlərə və Azərbaycan torpaqlarının azad edilməsinə qarşı çıxırdılar.

Səfir vurğulayıb: “Qarşıya Azərbaycanın bölgədə güclənməsinin qarşısını almaq, respublikanın təsirini azaltmaq, Ankara ilə Bakı arasındakı məsafəni maksimum dərəcədə artırmaq hədəfi qoyulmuşdu. Bunun nəticəsi olaraq, səy göstərildi ki, Qarabağ məsələsi ədalət prinsiplərinə, beynəlxalq hüquqa və Azərbaycan xalqının tarixi hüququna uyğun olaraq həll edilməsin. Danışıqlar prosesi uzadılırdı”.

Diplomat qeyd edib: “Eyni zamanda, onilliklər boyu minlərlə azərbaycanlının qətlə yetirilməsini, o cümlədən Xocalıda törədilən qırğını, Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsini görməməyə çalışanlar Vətən müharibəsinin ilk günlərində birdən-birə daha da fəallaşaraq Qarabağ məsələsi ilə bağlı çoxsaylı bəyanatlar verməyə başladılar. Fransa bu ikiüzlülüyün bariz nümunəsi oldu”.

M.Feyzioğlu xatırladıb ki, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsi zamanı həmin Fransa Anadolunun bir sıra şəhərlərinə qoşun yeridib. O əlavə edib: “Həmin dövrdə fransızlar Qaziantep və Kahramanmaraşda nə edirdilər? Onlar ölkəmizin tarixi şəhərləridir. Bu gün Parisin ədalətdən dəm vurmağa heç bir haqqı yoxdur”.

Diplomatik missiyanın rəhbəri bildirib ki, müasir dünyada ədaləti təmin etmək üçün beynəlxalq hüquq normaları yetərli deyil, dövlətin özünün güclü olması vacibdir. Bu güc isə xalqın birliyi hesabına formalaşır.

Səfir qeyd edib ki, Ankaranın Qərbdəki rəqibləri bu gün də Şimal sazişinin müddəalarının həyata keçirilməsi cəhdlərindən əl çəkmir, Türkiyəni parçalamağa çalışırlar. Ölkədəki reallıqları təhrif etməkdə düşmənlərə antitürk təbliğatını davam etdirən, o cümlədən 1915-ci il hadisələri ilə bağlı yalan kampaniyası aparan erməni lobbisi dəstək verir.

O, Türkiyənin 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri araşdırmaq üçün elmi komissiya yaratmaq barədə təklifini xatırladıb. “Ermənistan bu komissiyada iştirakdan imtina edir, çünki Türkiyənin düşmənləri “erməni soyqırımı” yalanından bəhrələnir. Beləliklə, onlar Ankaranın bu məsələyə artıq vaxt və güc sərf etməyə davam etməsini istəyirlər”, – deyə diplomatik nümayəndəliyin rəhbəri bildirib.

Səfir diqqəti 1963-1974-cü illərdə təzyiq və təqiblərə məruz qalan Kipr türklərinin vəziyyətinə də çəkib. “Fransa və digər Qərb ölkələri Kiprdəki qanunsuzluğu görməməyi seçdilər. Lakin Kipr türkləri ədalətli mübarizəyə başlayanda və Türkiyənin dəstəyi ilə öz hüquqlarını bərpa edəndə, “Kipr məsələsi” aktiv şəkildə təbliğ olunmağa başladı. Bu cür ikiüzlülük yolverilməzdir”, – deyə diplomat bildirib.

Səfir Kipr türk xalqını assimilyasiya etmək səylərini qəbuledilməz adlandırıb. “Erməni separatizmini dəstəkləməklə Azərbaycana, eləcə də terrorçuları bəsləməklə Türkiyəyə təzyiq edənlər Kipr türklərini rahat buraxsalar, adada heç bir problem qalmayacaq”, -deyə Türkiyənin səfiri əmin edib.

M.Feyzioğlu vurğulayıb ki, əgər Kipr adası Aralıq dənizində deyil, haradasa Sakit okeanda olsaydı, bu problem hələ başlamadan nizamlanardı. O əlavə edib: “Şərqi Aralıq dənizi regionunda türk dövlətinin olması müəyyən dairələrdə narahatlıq doğurur. Əminəm ki, türk dövlətləri Kiprin türk xalqını dəstəkləyəcək”.

Səfir diqqəti bu prosesdə parlamentlərin roluna çəkib. Onun sözlərinə görə, parlamentlərarası əlaqələr üzrə istənilən işçi qrupunun tərkibinə ölkələrin müxtəlif siyasi partiyalarının nümayəndələri, o cümlədən müxalifət daxildir. Bununla da həmin qruplar qanunverici orqanların bütün iradəsini ifadə edirlər.

Diplomat müsahibənin sonunda deyib: “Parlamentlərarası qrupların üzvlərinin səfərləri zamanı müxtəlif ölkələrin deputatları arasında dostluq münasibətlərinin də təməli qoyulur. Məsələn, Azərbaycan və ŞKTR-in timsalında olduğu kimi. Bütün bunlar son nəticədə müvafiq dövlət siyasətinin aparılmasına kömək edir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button