“Türkiyə-Ermənistan yaxınlaşması: Azərbaycanın mövqeyi isə…” – Müsahibə

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Fazil bəy, Ermənistanın Bş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri bərpa etməklə bağlı açıqlama verib. Sizcə indiki reallıqda bu yanaşmanın səmimiliyinə nə dərəcədə inanmaq olar?

– Ermənistan baş nazirinin bu açıqlaması gözlənilən addımların hazırlıq mərhələsi hesab oluna bilər. Çünki bu mərhələdə yanaşma tərzi onun üçün xarakterikdir. Bu kimi məsələlərdə müəyyən dərəcədə ictimai rəyi dəyişmə tendensiyası vacibdir. Ona görə də bunu müxtəlif hakimiyyət qolları səviyyəsində gündəmə gətirirlər. Amma buna alt qatda bildiyimiz kimi çox böyük bir müqavimət var. Bu müqaviməti müəyyən dərəcədə dəyişmək üçün bir hazırlıq mərhələsi keçilməlidir. Düşünmək olar ki, hazırda Ermənistan həmin hazırlıq mərhələsindədir. Rəsmi səviyyədə bu məsələlərin gündəmə gətirilməsi səbəbsiz də deyil. Yəqin ki, bunun nəticələri də olacaq.

– Rusiya XİN təmsilçisi Mariya Zaxarova da Türkiyə-Ermənistan münasibətlərində vasitəçilik etməyə hazır olduqlarını bəyan edib…

– Bu məsələdə vasitəçinin olmasında heç bir təəccüb doğuran hal yoxdur. Türkiyə ilə münasibətlərin bərpa olunması adına addım atılırsa, bunu biz də dəstəkləməliyik. Çünki bizə bu kimi proseslərdə daha çox Ermənistan adına atılan addımların müəyyən dərəcədə yumşalması da vacibdir. Biz qalib dövlətik. Qalib dövlət üçün bu cür addımların atılması normal qəbul olunmalıdır. İndiki halda ermənilər ictimai rəyi hazırlamağa daha çox üstünlük verəcəklər. Çox guman ki, bu məqsədlə atılan addımlar gerçəkləşdirilir. Nəticələr nə olacaqsa, ona baxıb qərarımızı verəcəyik.

– 2009-ci ildə ABŞ, Rusiya prezidentlərinin də imzası olan Surix protokolları Ermənistanda 2013-cü ildə Konstitusiya məhkəməsi, 2015-ci ildə parlament, 2018-ci ildə isə prezident tərəfindən rəsmi şəkildə imtina edildi. Rusiya tərəfinin bu protokolları yenidən gündəmə gətirməsi necə izah oluna bilər?

– Surix protokolundan imtina etmək də normaldır. Çünki orada nəzərdə tutulan müddəalar artıq yeni bir situasiya ilə qüvvədən düşüb. Yəni o zaman Qarabağı könüllü şəkildə azad etmək və digər məsələlər Ermənistana qarşı şərt kimi irəli sürülmüşdü. Amma ermənilər bunları icra etmədilər. Onu icra etmədiklərinə görə də onlardan hər hansı bir şəkildə bununla bağlı bir dəyişiklik gözləmək də doğru olmaz. İndi isə yeni situasiyaya görə davranmaq lazımdır. Yeni situasiyada da Azərbaycanla bağlı hansı düşüncələr var, bu yanaşmalara görə hərəkət etmək olar. Hər halda avantaj bizdədir. Azərbaycan tərəfi də bundan doğru istifadə etməlidir.

– Ankara-İrəvan münasibətlərinin bölgəyə təsiri necə şərh etmək olar?

– Əvvəl-axır onsuz da bu məsələ həll olunmalıdır. Yəni ermənilər bunu istəsə də, istəməsə də bu məsələdə yeni bir situasiya yarandığına görə, sadalananların olması mümkündür. Ermənilər azərbaycanlıların Şuşada, Qarabağda, Kəlbəcərdə olmasını da istəmirdilər. Amma artıq bu kimi istəklər öz əhəmiyyətini itirib. Çünki ermənilərin istəkləri əsas deyil. Burada onların məcbur olduğu davranışdan söhbət gedə bilər. Onlar da məcburdurlar ki, bu kimi məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alsınlar. Çünki Azərbaycan əks halda Ermənistana daha böyük zərbə vurmaq imkanına sahibdir. Bunu da ermənilər başa düşür.

Ermənistan ərazi iddialarından imtina etməsə, o zaman nə müqavilə, nə də ki sülh ola bilər. Ermənistan mütləq ki, bu iddialarından imtina etməlidir. Əsk halda Ermənistan yenidən böyük problemlər yaşamalı olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button