“TÜRKİYƏ”-Günün Şeiri
Canım,gözüm sən bir tanəm, Türkiyə!
Bu gecə gözümə yuxu getmədi,
Od tutub alışdı sinəm, Türkiyə!
Tanrının işinə qarışmaq olmur,
Məni dərd qoymadı dinəm, Türkiyə!
Köksümü ötürdüm, ahım ağladı,
Gülümün üstündə, şehim ağladı.
Ürəyim ağladı, ruhum ağladı,
Hər kəsin gözündə bir nəm, Türkiyə!
Küləklə çarpışar qaya inadın,
Qırılmaz, poladdan qolun, qanadın.
Babamın dilini yandırdı adın,
Səni çox sevərdi nənəm, Türkiyə!
Sönən ocağımdı, küllənib gedir,
Kədər qoşun-qoşun yellənib gedir.
Dünəndən göz yaşım sellənib gedir,
Dünəndən titrəyir çənəm, Türkiyə!
Yazılan pozulmaz, köçən köçəcək.
Əcəl bulağından hamı içəcək.
Bu ağrın-acın da gəlib keçəcək,
Canım, gözüm sən bir tanəm, Türkiyə!
Fəxrəddin Teyyub