Türkiyə hazırlaşır: “2023-cü ildə beşini birdən…”
ABŞ-ın “Forbes” jurnalı Türkiyənin müdafiə sənayesinin mühüm layihəsi Milli Döyüş Təyyarəsi (MMU), “Kızılelma”, “Hürjet”, “Göksungur” və “Atak”la bağlı məqalə dərc edib.
“Türkiyənin 2023-cü ildə ilk uçuşunu reallaşdıracağı hərbi təyyarələr” adlı məqalədə yeni hərbi vasitələrin xüsusiyyətlərindən bəhs olunub.
MMU-nun ilk prototipinin konveyerdə formalaşdırıldığı bildirilərkən, yeni təyyarələrin anqardan çıxacağı tarixin 2023-cü il olduğu vurğulanıb.
Nəşr qeyd edib ki, MMU Cənubi Koreyada hazırlanmaqda olan KF-21 “Boramae Block 1”-ə bənzəyir və 4.5-ci nəsil təyyarə olacaq.
Təhlildə “Kızılelma” ilə bağlı belə deyilib:
“Çox güman ki, 2023-cü ildə ilk dəfə digər türk təyyarələri və dronlarının uçuşunu görəcəyik. “Kızılelma” 2022-ci ilin noyabr ayında ilk testindən uğurla keçdi. İlk uçuşu böyük ehtimalla 2023-cü ilin əvvəlində olacaq”.
Nəşr “Kızılelma”nın Çin istehsalı “Chengdu J-20”-yə bənzər peyk-delta konfiqurasiyasına sahib olduğuna diqqət çəkib: “Kızılelma” həmçinin daxili silah bölməsinə malikdir və hətta hava raketlərini vura biləcək, bu da ona potensial olaraq özünü düşmən təyyarələri və ya helikopterlərindən qorumağa imkan verəcək”.
Məqalədə “Kızılelma”nın yerli istehsal AESA radarı ilə təchiz ediləcəyi və “TCG Anadolu” döyüş gəmisində yerləşdiriləcəyi də bildirilib.
“Hürjet”ə gəldikdə, Amerika nəşri bunun yüngül döyüş təyyarəsi kimi xidmət edə biləcəyini vurğulayıb:
“TUSAJ “Hürjet” adlı səsdən sürətli təlim təyyarəsi hazırlayır. Xüsusiyyətləri “Hürjet”i İtaliyanın “Alenia Aermacchi M-346 Master” və Cənubi Koreyanın “T-50 Golden Eagle” təyyarələri ilə eyni kateqoriyaya qoyur. İlk uçuşunu 2023-cü ilin martında edəcəyi gözlənilir”.
“Hürjet”in F-5 və “Northrop T-38 Talon” təlim təyyarələrini əvəz edəcəyi paylaşılır.
“Göksungur”la bağlı məlumatların da yer aldığı təhlildə bu PUA-nın kəşfiyyat məlumatı toplamaq və atəş dəstəyi vermək üçün hazırlandığı bildirilib. İlk uçuşunu 2023-cü ildə reallaşdırmağı planlaşdırdığı vurğulanıb.
Məqalədə “T-929 Atak 2”-nin İtaliyanın “Agusta A-129 Mangusta”sından iki dəfə çox qalxma çəkisinə malik olacağı qeyd edilib:
“Yaxınlaşan ağır hücum helikopteri idarə olunmayan raketlər, idarəolunan uzaqmənzilli UMTAS tank əleyhinə və “Cirit 70” mm raketləri və hava tipli raketlər də daxil olmaqla, Türkiyə istehsalı olan müxtəlif döyüş sursatlarını daşıya biləcək. T-929 Türkiyə Hərbi Dəniz Qüvvələri ilə yanaşı, Quru Qoşunlarında da xidmət edəcək. “TCG Anadolu”da yerləşdiriləcək”.