Türkiyə və İsraillə bağlı ÖNƏMLİ ADDIM – Bakı görün nə edəcək

Azərbaycan iki strateji müttəfiq olan qardaş və dost ölkələr arasında gərginliyin azalması üçün təmasları intensivləşdirib – Yaxın Şərqdə “bufer” rolumuz önə çıxır

Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ almasından sonra ölkənin gələcəyi hələ ki qeyri-müəyyən olaraq qalır. Sözsüz ki, bu prosesdə qardaş Türkiyə əsas rolu oynayacaq. Həmçinin İsrail və ABŞ-ın hansı mövqe tutacağı, xüsusən də PKK və onun uzantılarına münasibətdə sərgiləyəcəyi yanaşma heç də az önəm kəsb etmir. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, İsrail Suriyadakı hadisələrlə bağlı özü üçün ən pis ssenari müəyyənləşdirib. “İsrail mümkün olan ən pis ssenarini müəyyən edib və bir sıra tədbirlər hazırlayıb. İsrail Əsəd rejiminin imkanlarından xəbərdar idi. İsrail yeni strategiyanı yeni administrasiyanın mövqeyindən əmin olmadığı üçün hazırlayıb. Bu, çox təhlükəli strategiyadır. Biz onlara siqnal göndərmişik: bombardmanı dayandırın”, – deyə Fidan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İsrail qırıcılarının Suriyada PKK terror təşkilatına dəstək olacağı halda vurmaq əmri aldığı bildirilir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Mənbələrdən biri Rusiya agentliyinə bildirib ki, Türkiyə istənilən şəraitdə İsrail Hərbi Hava Qüvvələri və ya digər qurumların PKK/YPG terrorçularını dəstəkləməsinə icazə verməyəcək: “Belə hal baş verərsə, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcıları onları məhv etməyə hazırdır”.

Məlumatda deyilir ki, müvafiq əmrlər artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına verilib. Hələlik Ankaradan bu barədə rəsmi açıqlama yoxdur. “Yeni Müsavat” qeyd edir ki, Suriyada hakimiyyət dəyişikliyindən cəmi bir neçə gün sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çox qısa fasilə ilə İsrail və Türkiyəyə səfərlər edib. İsrailin prezidenti və XİN rəhbəri, habelə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşüb. Rəsmi məlumatlara görə, görüşlər zamanı Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Bu səfərlərin rəsmi Bakının iki strateji müttəfiq və dost ölkə arasında Suriyada üz-üzə gəlməsini önləmək planı ilə bağlılığı olduğu deyilir. Bəs Bakının İsrail və Türkiyə arasında “bufer” rolu oynamaq, onların Suriya məsələsində ortaq məxrəcə gəlməsinə yardımçı olmaq imkanların necədir?

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Bu təmasların olması, Hikmət Hacıyevin səfərləri göstərir ki, Azərbaycan Yaxın Şərqdə gedən proseslərdə öz müsbət rolunu oynamaqda, qardaş və dost ölkələr arasında yaranmış gərginliyi azaltmaq niyyətindədir. Daha əvvəl də Azərbaycan Türkiyə -İsrail, Türkiyə-Rusiya gərginliklərinin aradan qalxmasında mühüm vasitəçi olub.

Azad MƏSİYEV

Azad Məsiyev

Yeni Müsavat”a bu siyasi gedişatı şərh edən politoloq Azad Məsiyevin sözlərinə görə, Azərbaycanın həm Türkiyə, həm İsraillə əlaqələri ən yüksək səviyyədədir: “Vətən müharibəsində hər iki ölkə bizə siyasi-mənəvi dəstəyi əsirgəmədi. Bu gün də müttəfiqlik münasibətləri yüksəlişdədir. Biz hər iki tərəflə siyasi-iqtisadi, hərbi və digər sahələr üzrə əlaqələrimizi inkişaf etdiririk. Təbii ki, Azərbaycana qardaş və dost olan ölkələr arasında konfliktin yaranmasında maraqlı ola bilmərik. Bu, Azərbaycanın da əlinin zəifləməsinə səbəb ola bilər. Eyni zamanda Azərbaycan həmişə barış siyasətinə əhəmiyyət verir. Ona görə də bu kommunikasiyanın yaradılması vacibdir”. Ekspertin fikrincə, Suriya Yaxın Şərqdə ən ağır ocaqlardan biridir, orada regional və qlobal güclərin maraqları toqquşmaqdadır: “Suriyada PKK kimi terror qrupları fəaliyyətdədir ki, Türkiyə üçün təhdid sayılır. İsrailin də Suriya ilə bağı bir münaqişəsi var. Ona görə də Azərbaycan Türkiyə və İsrail arasında gərginliyin azalması üçün yardım əlini uzadır. Çünki region dövlətlərinin Suriyada maraqlarının toqquşması stabilliyin daha da pozulmasına səbəb ola bilər”.

Aqşin Kərimov: Azərbaycanla İran arasındakı gərginliklərin müharibə həddinə çatmasını güman etmirəm

Aqşin Kərimova

Siyasi şərhçi Aqşin Kərimova görə, regional və beynəlxalq dinamikanın Yaxın Şərqin nəbzi ilə tutuşdurulması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, liderlərin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni portfel daxilində müzakirə etməsi iki ölkənin strateji müttəfiqliyindəki planların yeni etapa keçidini nümayiş etdirir: “Azərbaycan və Türkiyə prezidentlərinin müzakirələri bundan sonra baş verə biləcək hadisələrdə rəsmi Ankaranın böyük payının olacağı müstəvisində diqqətəlayiqdir. Proseslər həm də Suriyada əsas oyunçu hesab edilən Rusiya, İran və ABŞ-ın strateji maraqları prizmasına da baxmağı tələb edir”.

Analitikin fikrincə, Əliyevin Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirməsi, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd etməsinin işığında liderlərin Cənubi Qafqazı müzakirə etməsi həmin fikri gücləndirir: “Bu, Cənubi Qafqazda çıxan fərqli səslərə rəğmən Bakı-Ankara dostluğunun təhlükəsizlik öhdəliklərindəki prioritetlərini daha da qiymətli edir. Suriyada Türkiyə və İsraildən başqa, digər oyunçuların üzləşdiyi problemlər onların Cənubi Qafqazdakı maraqları ilə mütənasiblik təşkil etdiyindən prosesə Ermənistan kadrları ilə də baxmaq lazımdır”.

/Emil SALAMOĞLU,“Yeni Müsavat”/

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button