Türkiyədəki zərərçəkən uşaqlara Azərbaycan könüllüləri dəstək verir
Böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələnin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub. Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, ötən gün ərzində azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət göstəriblər. Həmçinin könüllülərimiz səhər vaxtı yerli əhaliyə səyyar şəkildə isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə müvafiq yardımlar çatdırıb, o cümlədən kəndlərə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Həmçinin zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.
Şübhəsiz ki, təbii fəlakətdən ən çox təsirlənənlər isə bu faciənin kəskin travmalar buraxdığı uşaqlardır. Zəlzələdən zərər çəkənlərin, xüsusilə də uşaqların müsbət əhvali-ruhiyyəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan könüllüləri tərəfindən uşaq bağçası kimi yaradılmış üç çadırda xidmət həyata keçirilib, o cümlədən kədər, itki və qəmginliyi olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil ediblər.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İdarə Heyətinin üzvü Emrullah Gür və AK Parti Niğde millət vəkili Yavuz Ergün könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə edib.
Eyni zamanda, ötən gün ərzində könüllülərimiz tərəfindən Adıyamanda da güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhali üçün çoxsaylı xidmətlər icra edilib. Azərbaycanlı gənclər yük maşınlarının boşaldılmasında iştirak edib, qida, paltar, digər yardımın paylanmasını həyata keçirib.
Xüsusi vurğulamaq lazımdır ki, zəlzələdən zərərçəkənlər üçün Adıyamanda salınmış düşərgədə könüllülərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərəcək iki çadır qurulub, daha bir çadır isə sırf qadınlara psixoloji və digər xidmətləri göstərmək üçün hazırlanıb.