Türkiyənin Giresun şəhərində “Heydər Əliyev Uşaq Parkı” açılıb


Türkiyənin Giresun şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Türk dünyasının görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  Azərtaca-a verilən məlumata görə, Komitənin dəstəyi və Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə yerli hakimiyyət rəsmiləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, Giresun Universitetinin müəllim-tələbə heyəti və soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Giresun şəhərinin mərkəzində “Heydər Əliyev Uşaq Parkı”nın rəsmi açılış mərasimi keçirilib.

Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov bu parkın açılışının ölkələrimiz arasında qardaşlığın saysız-hesabsız nümunələrindən biri kimi tarixə düşəcəyini bildirib. “Yüzüncü yubileyində mərhum Liderimiz Heydər Əliyevin xatirəsini hörmət və rəhmətlə yad edirik”, – deyə dərnək sədri söyləyib.

Giresun valisinin müavini Ünal Koç şəhərdə Heydər Əliyevin adını daşıyacaq parkın salınmasının və 100 illik yubileyinin qeyd olunmasının yerli ictimaiyyət tərəfindən məmnunluqla qarşılandığını bildirib: “Buradakı qardaşlarımız özlərini öz ölkələrində olduqları kimi hiss etsinlər. Hamımız qardaşıq”.

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, bu il həm dahi şəxsiyyət Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin 100 illiyi kimi iki əlamətdar tarix qeyd edilir. “Heydər Əliyevin təbirincə desək, biz “bir millət, iki dövlət” olaraq əbədiyyən yaşayacağıq, türkün gücünü, birliyini bütün dünyaya göstərəcəyik. Ulu Öndərin adını daşıyan parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Belə addımlar Türkiyə, Azərbaycan və digər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Biz milli ənənələrimizi yaşatmalıyıq və buna borcluyuq. Çünki keçmişini yaşatmayan gələcəyini qura bilməz. Biz dahi şəxsiyyətlərimizi xatırlatmadan dahilər yetişdirə bilmərik”, – deyə Komitə sədrinin birinci müavini söyləyib.

Azərbaycan mahnıları ilə böyüdüklərini vurğulayan deputat Nazım Elmas bildirib ki, Giresunda belə parkın olması rəmzidir. Bütün Türkiyə Azərbaycan, bütün Azərbaycan Türkiyə deməkdir, biz buna inanırıq. Bu qardaşlığın davam etməsi və yeni dönəmdə – Türkiyə yüzilliyində Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmləndirilməsi prosesi sürətlənəcək. Türk dünyasına uzanan böyük çinarın kölgəsində birlikdə olacağımız günlər önümüzdədir. Qardaşlığımızın Giresundan bütün Türkiyəyə və bütün Azərbaycana çatacağına inanırıq.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsinin Ulu Öndərə həsr etdiyi sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər ölkəmizin və Türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm roldan danışıblar, türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərinə nəzər salıblar.

Sonra azərbaycanlı sənətçi Aygün Akbabanın ifasında konsert proqramı təqdim olunub.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button